23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Dünyada koronavirusa yoluxanların sayı 59 milyonu ötdü- Vaksin nə zaman hazır olacaq?

Dünyada koronavirusa yoluxanların sayı 59 milyonu ötdü- Vaksin nə zaman hazır olacaq?Dünyada koronavirusa yoluxanların sayı 59 milyonu ötüb.

Son statistikaya əsasən bu günə qədər dünyada 59 milyon 96 mindən çox insan koronavirusa yoluxub, 1 milyon 395 mindən çox insan isə bu virusun qurbanı olub.

Ölkələr üzrə koronavirusla bağlı son vəziyyət aşağıdakı kimidir.

ABŞ dünyada koronavirusa yoluxma sayına görə liderdir. Son statistikaya görə, ölkədə 12 milyon 590 mindən çox koronavirusa yoluxma faktı aşkarlanıb, 262 mindən çox insan isə bu virusdan dünyasını dəyişib.

Ölkədə yaranmış vəziyyət ilə bağlı hər kəs ümidini tətbiq ediləcək peyvəndə bağlayıb. ABŞ rəsmiləri bildirirlər ki, koronavirus peyvəndinin tətbiq olunmasına 11 dekabrda başlana bilər.

ABŞ peyvənd proqramının rəhbəri doktor Moncef Slaoui CNN televiziyasına verdiyi açıqlamada, peyvəndin təsdiqlənməsinin ardından 24 saat sonra peyvəndi tətbiq etməyə başlayacaqlarını bildirib.

Digər tərəfdən "Telegraph" qəzeti, peyvəndin İngiltərədə ABŞ-dan daha əvvəl tətbiq olunmağa başlaya biləcəyini yazıb. Qəzetin adını vermədiyi hökumətdəki mənbələrinə istinadən yaydığı xəbərində, “Pfizer” şirkətinin Almaniyanın “BionTech” şirkəti ilə hazırladığı koronavirus peyvəndinin bir həftədən qısa bir müddət ərzində təsdiq ala biləcəyini qeyd edib. Xəbərdə hökumətin peyvəndin tətbiq olunmasına 1 dekabrda başlanmasını, aprel ayınadək ölkədəki bütün yetkinlərin peyvənd edilməsini planlaşdırdığı vurğulanıb. İlk əvvəl yaşlılar və risk qrupundakı işçilər peyvənd ediləcək.

Beləliklə, 95% təsirli olduğu açıqlanmış peyvəndin il sonuna qədər 50 milyon doza istehsal edilməsi hədəflənir. 2021-ci ildə isə 1,3 milyard doza peyvənd istehsal edilməsi nəzərdə tutulur.

Hindistanda da koronavirus kabusu daha da irəliləməkdədir. Son statistikaya görə, ölkədə koronavirusa yoluxanların sayı 9 milyonu ötüb. Bu sayla Hindistan ABŞ-dan sonra dünyada ikinci yerdədir. Ölkədə virusdan ölənlərin sayı isə 133 min 773 nəfərə çatıb. Son günlər xüsusən paytaxt Dehlidə gündəlik yoluxma sayının sürətlə çoxalması səbəbindən şəhərdə karantin rejimi sərtləşdirilib. Bura karantin qaydalarının pozulmasına dair cərimələrin məbləğinin artırılması, qapalı məkanlara adam sayına məhdudiyyətin qoyulması da daxildir.

Braziliya isə koronavirusdan ölənlərin sayına görə ABŞ-dan sonra ikinci yerdə, yoluxma sayına görə isə üçüncü yerdədir. Bu günə qədər ölkədə 6 milyondan çox insan koronavirusa yoluxub, 170 minə yaxın insan isə dünyasını dəyişib. Ölkənin səhiyyə orqanlarının epidemioloji bülletenində qeyd edilib ki, əhalinin hər 100 min nəfərinə nisbətdə 2 864,7 nəfər COVİD-19 xəstəliyinə yoluxub. Onlarda 80,2 nəfər isə həyatını itirib.

Qeyd edək ki, San-Paulo, Minas Jerays, Bahiya və Rio-de-Janeyro Braziliyada yoluxma hallarının daha yüksək olduğu ştatlardır.

Qonşu Rusiyada da koronavirusla bağlı vəziyyət gərgin olaraq qalır. Son statistikaya əsasən ölkədə 2 milyon 114 mindən çox insanda koronavirus aşkarlanıb, 36 min 500 nəfərdən çox insan isə virusdan dünyasını dəyişib.

İranda isə ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 453 nəfər ölüb. İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari bildirib. Onun sözlərinə görə, bununla da İranda koronavirusdan ölənlərin sayı 45 255 nəfərə çatıb. Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 12 460 nəfər koronavirusa yoluxub. Beləliklə İranda koronavirusa yoluxanların sayı 866 821 nəfərə yüksəlib.

İranda indiyədək 610 406 nəfər koronavirusdan sağalıb. Koronavirus daşıyıcılarından 5 812 nəfərin vəziyyəti ağır qiymətləndirilir.


Tarix: 24-11-2020, 11:56 Oxunub: 158


Bölməyə aid digər xəbərlər