“COVID-19 pandemiyasına görə immunlaşdırma xidmətlərinin dayandırılması peyvəndlərlə qarşısı alına biləcək digər xəstəliklərin yenidən canlanması riski yaradır”.
gununnebzi.az xəbər verir ki, bu, Ümumdünya İmmunlaşdırma Həftəsi (24-30 Aprel) öncəsi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) xəbərdarlığında öz əksini tapıb.
Bildirilib ki, fövqəladə hallar zamanı qısa müddət olsa belə, immunizasiya xidmətləri dayandırıldıqda, qızılca və poliomielit kimi peyvəndlə qarşısı alına bilən xəstəliklərin yayılması riski artır:
“Ebola epidemiyası ilə üz-üzə olan Konqo Demokratik Respublikasında ötən il qızılca xəstəliyinə görə 6000-dən çox insanın ölməsi faktı fövqəladə hallarda belə immunizasiya kimi tibbi xidmətlərinin davam etdirilməsinin vacibliyini sübut edir. Digər xəstəliklərin daha da artması artıq COVID-19 pandemiyası ilə mübarizə aparan səhiyyə sistemini tamamilə alt-üst edəcək”.
ÜST-ün xəbərdarlığında qeyd olunub ki, təşkilat təhlükəsiz və effektiv peyvəndin tədqiqi və inkişafını sürətləndirmək üçün dünyadakı bütün tərəfdaşlar ilə əməkdaşlıq edir:
“Lakin sürətli bir proses olsa belə, COVID-19-a qarşı peyvəndin hazırlanması zaman aparacaq. Bu və digər xəstəliklərdən özümüzü qorumaq üçün ehtiyat tədbirlərinin görülməsi vacibdir”.
Xəbərdalıqda təhlükəsiz və effektiv peyvəndlər olduğu halda digər xəstəliklərin yayılma təhlükəsini aradan qaldırmağın vacib olduğu da bildirilib:
“Dünya rekord sürətlə COVID-19 üçün yeni bir peyvəndin tapılması üzərində çalışır. Lakin biz peyvəndlə qarşısı alına bilən xəstəliklərdən qorunmaq üçün mübarizəmizə ara verməməliyik. Peyvəndləri etməsək, bu xəstəliklər yenidən artaraq təhlükə yaradacaq” (apa).
Bölməyə aid digər xəbərlər