Koronavirusdan ən çox təsirlənən ölkələrdən biri olan Hindistanda koronavirusa yoluxma və ölüm sayında azalma müşahidə olunur.
“Anadolu” agentliyi xəbər verir ki, eyni zamanda, Cənubi Koreyada gündəlik yoluxmada artım 200-ü keçib.
Hindistan Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya görə, ölkədə COVID-19-dan ölənlərin sayı daha 447 nəfərin ölümü ilə 129 min 635-ə qalxıb.
Son 24 saat ərzində ölkədə 41 min 100 yeni yoluxma müəyyən edilib, ümumi yoluxanların sayı 8 milyon 814 min 579-a, sağalanların sayı isə 8 milyon 205 min 728-ə çatıb.
Ölkə daxilində gündəlik xəstələrin sayı azalsa da, paytaxt Yeni Delhi və ətrafındakı bölgələrdə artmağa davam edir.
Delhi ştatının baş naziri Arvind Kejrival bildirib ki, yoluxma hallarının artmasına səbəb çirklənmədir və vəziyyət 10 gün ərzində nəzarətə götürüləcək.
Qeyd edək ki, Hindistan dünya ölkələri arasında virusa yoluxma sayına görə ikinci yerdədir.
Cənubi Koreya Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin verdiyi açıqlamaya görə, son 24 saat ərzində ölkədə 208 yeni yoluxma hadisəsi aşkarlanıb.
Yoluxanların ümumi sayının 28 min 546-ya yüksəldiyi ölkədə son 24 saat ərzində virusdan bir nəfər ölüb. Bununla da, ümumi ölənlərin sayı 493-ə çatıb.
Ölkədə gündəlik artım dünən 2 sentyabrdan bəri ilk dəfə 200-ü keçib.
Bölməyə aid digər xəbərlər