23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Ağdaban faciəsindən 28 il ötür

Ağdaban faciəsindən 28 il ötür

Ağdaban faciəsinin törədilməsindən 28 il ötür.

Kəlbəcərin işğalından bir il öncə erməni silahlı birləşmələri tərəfindən törədilən Ağdaban faciəsi Ermənistanın Azərbaycana təcavüzünün ən qanlı səhifələrindən biridir. 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ermənistan silahlı birləşmələri Dağlıq Qarabağdakı separatçı erməni quldur dəstələrinin köməyi ilə Ağdaban və Çayqovuşan kəndlərinə hücum ediblər. Hücumdan xəbərsiz olan kənd əhalisi başıaçıq-ayaqyalın qarla örtülü meşələrə, dağlara dağılıb. Erməni daşnakları Ağdaban kəndinə soxularaq 130-dan çox evi tamamilə yandırıblar, 779 nəfər dinc sakinə divan tutublar. Onlar yaşlı, qoca, qadın, uşaq demədən dünyada görülməmiş ən qəddar üsullarla dinc əhalini qətlə yetirərək soyqırım aktı törədiblər.

Bu faciə zamanı 32 nəfər amansızcasına qətlə yetirilib. 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırılıb. Həmçinin, 2 nəfər itkin düşüb, 12 nəfərə ağır bədən xəsarəti yetirilib, 5 nəfər isə girov götürülüb.

Ağdaban faciəsinə görə cəzalandırılmayan erməni separatçıları bütövlükdə Kəlbəcərin işğalı üçün planlar hazırladı. 1993-cü il mart ayının 27-də erməni separatçıları Kəlbəcər rayonuna hücum edən zaman işğalı yenidən Ağdaban kəndindən başlayıblar. Erməni silahlıları yenidən kəndə hücum edərək oranı viran qoyublar. Beləliklə də, onlar Ağdaban kəndində ikinci faciəni törədiblər. Ağdabanın ikinci dəfə işğalı Kəlbəcərin tamamilə Ermənistan tərəfindən zəbt olunması demək idi. Bundan sonra Kəlbəcər hər tərəfdən mühasirəyə alınaraq 1993-cü il aprel ayının 2-dək erməni silahlı birləşmələri tərəfindən tamamilə işğal edilib.

Ermənilər Ağdabanı təkcə strateji məkan olduğu üçün deyil, əslində Kəlbəcər ədəbi mühitinin beşiyi kimi də çoxdan hədəfə almışdılar. Onlar Ağdabanda yalnız soyqırım törətmədilər. Erməni quldurları tərəfindən tarix, memarlıq və mədəniyyət abidələri dağıdılıb, müqəddəs ziyəratgah və məzarlıqlar təhqir olunaraq məhv edilib.

Ermənilərin Azərbaycanın mədəni irsinə qarşı törətdikləri vandalizm siyasətinin davamının daha bir təzahürü kimi şair Ağdabanlı Qurbanın və klassik aşıq şeirinin ustadlarından olan Dədə Şəmşirin əlyazmaları məhv edilib.

Bu faciəyə ilk hüquqi-siyasi qiymət verən ulu öndər Heydər Əliyev Ağdabanda baş verənləri bəşəriyyətə qarşı törədilən ən böyük cinayət adlandırıb, bunu bütün insanlıq adına utanc kimi səciyyələndirib.


Tarix: 7-04-2020, 09:00 Oxunub: 38


Bölməyə aid digər xəbərlər
8-05-2019, 09:22 Şuşasız 27 il...