23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
GƏNCƏDƏ KORONAVİRUS İNFEKSİYASINA QARŞI MÜBARİZƏ TƏDBİRLƏRİ UĞURLA HƏYATA KEÇİRİLİR

GƏNCƏDƏ KORONAVİRUS İNFEKSİYASINA QARŞI MÜBARİZƏ TƏDBİRLƏRİ UĞURLA HƏYATA KEÇİRİLİR
Məlum olduğu kimi, hazırda bütün bəşəriyyəti, eləcə də xalqımızı, o cümlədən gəncəliləri qayğılandıran bir nömrəli problem koronovirus xəstəliyinin yayılması və ona qarşı aparılan mübarizə tədbirləridir. Hətta dünənə qədər dünyanın fövqəlgücləri hesab olunan böyük dövlətlər epidemiyanın qarşısında aciz qaldıqları indiki vaxtda şükürlər olsun ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində görülən zəruri tədbirlər hesabına bu xəstəliyin respublikamızda geniş yayılmasına imkan verilməmişdir. Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ilk günlərdən Gəncədə küçə və prospektlərdə, habelə çoxmənzilli binalarda, təhsil müəssisələrində mütəmadi dezinfeksiya işləri görülür. Dezinfeksiya işləri şəhərdə iki istiqamət üzrə Kəpəz və Nizami rayonlarının ərazisində aparılır. Şəhərdə Nazirlər Kabineti yanında Operativ Qərargahın göstərişlərinə uyğun olaraq işlər xüsusi ayrılmış briqada tərəfindən bir neçə istiqamətdə həyata keçirilib. İşlərə Gəncə Şəhər MKTİB-in onlarla texnika və yüzə yaxın canlı qüvvəsi cəlb edilib.
Onu da qeyd edək ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı cənab Niyazi Bayramov başda olmaqla, ŞİH-nin, Nizami Rayon İcra Hakimiyyətinin, Kəpəz Rayon İcra Hakimiyyətinin başçıları və İcra Hakimiyyətlərinin əməkdaşları Azərbaycan Respublikası Prezidentinin ölkədə koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədi ilə aparılan preventiv və profilaktik tədbirlərin gücləndirilməsi barədə çağırışına dəstək olaraq, 1 aylıq vəzifə maaşlarını dövlət başçısının 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etmişlər. Nazirlər Kabineti yanında Operativ Qərərgahın tətbiq etdiyi karantin rejiminə uyğun olaraq yaşı 65-dən yuxarı vətəndaşların evdənçıxma qadağası nəzərə alınaraq Gəncədə tənha yaşayan ahıl şəxslərə yardım aksiyaları keçirilir. Yardım aksiyalarında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov da yaxından iştirak edir. Gəncə Şəhər İcra Hakimiyyətinin könüllü əməkdaşları tənha yaşıyan ahıl vətəndaşların evlərinə və aztəminatlı ailələrə baş çəkirlər. Onlar Böyük Vətən Müharibəsi iştirakçıları 98 yaşlı Tofiq Hüseynov və 96 yaşlı Bəylər Verdiyevin evində olublar. Onlarla maarifləndirici söhbət aparılıb, xüsusi karantin rejimi qaydalarını bir daha xatırladıb, bu qaydalara əməl olunmasının vacibliyini diqqətə çatdırıblar. Ümumiyyətlə, aprel ayının sonuna olan məlumatlara əsasən, ölkə başçısının tapşırıq və tövsiyyələrinə uyğun olaraq, Heydər Əliyev Fondu tərəfindən 7000-ə yaxın, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən 300-ə yaxın, digər müəssisə, təşkilat və iş adamları tərəfindən isə 2000-ə yaxın aztəminatlı ailəyə və tənha ahıl şəxsə sovqat paylanılıb. Həmçinin RİH-lərin könüllü əməkdaşları tərəfindən yaşı 65-dən yuxarı 250 nəfər tənha şəxsə (o cümlədən, müxtəlif səbəblərdən tənha yaşayan şəxslərə) sosial xidmətlər göstərilib. Yerli televiziya, radio və xəbər saytlarında təbliğat işləri həyata keçirilib. Gəncə Şəhər İcra hakimiyyəti tərəfindən “Həyat evdədir” devizi altında 2 sosial çarx hazırlanaraq, ictimaiyyətə təqdim edilib.
Gəncə Şəhər İcra Hakimiyyətində Koronavirusa Qarşı Mübarizə Qərargahı fəaliyyət göstərir. Ehtiyac yarandığı halda Qərargahın qaynar xətti ilə əlaqə saxlamaq mümkündür.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılmasına dəstək çağırışına Gəncə də qoşulub. Belə ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun rəhbərliyi ilə könüllü qanvermə aksiyası təşkil olunub. Aksiyada Gəncədən olan Millət vəkilləri, habelə rayon icra hakimiyyətlərinin başçıları iştirak ediblər. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Millət vəkilləri Naqif Həmzəyev, Pərvin Kərimzadə və Müşfiq Cəfərov, habelə Kəpəz və Nizami Rayon İcra Hakimiyyətlərinin başçıları Eldəniz Xudiyev və Nizami Hacıyev Məzkəzi Qan Bankının Gəncə Regional bölməsinə gələrək qan veriblər. Aksiyada yerli icra strukturları ilə yanaşı, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə, təşkilatların işdə olan və sağlamlığı imkan verən əməkdaşları da iştirak ediblər. Həkim hematoloqlar tərfindən hər bir donorun sağlamlıq imkanları əvvəlcədən müəyənləşdirlib. Hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb. Toplanan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün istifadə olunacaq.
COVİD-19 infeksiyasına qarşı mübarizə tədbirlərinin daha operativ həyata keçirilməsi üçün xüsusi işçi qrupu yaradılıb. Bununla yanaşı, Gəncədə müasir molekulyar laboratoriya qurulub. Tibb işçiləri və xidmət sahələrində çalışan şəxslərdən yaxma nümunələri götürülərək, COVİD-19 testi aparılıb. Bu istiqamətdə işlər davam etdirilir.
Gəncə Şəhər İcra Hakimiyyətinin tövsiyyəsinə uyğun olaraq ictimai nəqliyyat vasitələrində dezinfeksiya işlərinə hələ fevral ayından başlanılıb və hazırda da davam edir. Avtobuslarla yanaşı, şəhərdə taksi xidməti göstərən avtomobillər də dezinfeksiya olunublar. Sərnişindaşıma ilə məşğul olan ictimai nəqliyyat vasitələri sürücülərinin hər biri COVİD-19 testindən keçirilib. Onların tibbi maska və dezinfeksiyaedici məhlullardan istifadə etməsinə xüsusi nəzarət olunur.
Prezident İlham Əliyevin koronavirus pandemiyasına qarşı mübarizənin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncamına əsasən Gəncədə 200 çarpayılıq modul tipli xəstəxananın inşasına başlanılıb.
2019-CU İLDƏ BİR SIRA YÜKSƏK STATİSTİK GÖSTƏRİCİLƏR ƏLDƏ OLUNUB
Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının məqsədyönlü və ardıcıl siyasəti, habelə Gəncəyə olan diqqət və qayğısı nəticəsində şəhərin sosial-iqtisadi həyatının bütün sahələrində inkişaf müşahidə olunur. 2019-cu ildə də bir sıra yüksək statistik göstəricilər əldə olunub. Bu inkişaf dinamikasının 2020-ci ildə də qorunub saxlanılması əsas hədəflərdəndir.
2019-cu ildə şəhərdə ümumi daxili məhsul buraxılışının 62,9 faizi iqtisadiyyatın istehsal, 37,1 faizi isə xidmət sahəsinin payına düşüb. Şəhərdə sahibkarlıq üçün yaradılan münbit şərait nəticəsində özəl müəssisələr tərəfindən istehsal olunan məhsulun həcmi ümumi sənaye məhsulunun 79,6 faizini təşkil edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Gəncə şəhər Pensiyaçıların Ərazi Sosial Xidmət Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Gəncə Dövlət Dram Teatrının yeni 500 yerlik binasının və İdman Sarayının tikintisi sürətlə davam etdirilir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar bir gündə 650 min ədəd ağacın əkilməsi təşəbbüsü çərçivəsində Gəncədə 10 mindən artıq ağac əkilib.
Gəncə əvvəlki illərdə olduğu kimi, 2019-cu ildə də öz xərclərini öz gəlirləri hesabına ödəyib. 2019-cu il ərzində müasir texnologiyalara əsaslanan bir sıra müəssisələrdə yeni istehsal sahələri yaradılıb. Bazarın tələbini nəzərə almaqla yeni növ məhsul istehsalına başlanılıb.
Şəhər əhalisinin içməli suya olan tələbatının ödənilməsinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib. 415 km içməli su şəbəkəsi və magistral xətt inşa edilib, 271 çoxmənzilli yaşayış binasının daxili şəbəkəsi yenidən qurulub, 13 min 240 ədəd su sayğacı quraşdırılıb. “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsi çərçivəsində Gəncə şəhərində 855 km uzunluğunda içməli su şəbəkəsinin tikintisi nəzərdə tutulur.
Son illərdə Gəncə Qaz İstismarı Sahəsi və “Azəriqaz” İstehsalat Birliyi tərəfindən şəhər əhalisinin və iqtisadiyyatın ayrı-ayrı sahələrinin təbii qaza olan tələbatının ödənilməsi məqsədilə yeni dayışıyıcı xətlər çəkilib. Təmirə ehtiyacı olan müxtəlif diametrli boruların, habelə qaz tənzimləyici şkafların əsaslı və cari təmiri, yenilərinin quraşdırılması istiqamətində müəyyən işlər görülüb.
ABADLIQ-QURUCULUQ İŞLƏRİ 2020-Cİ İLİN BİRİNCİ RÜBÜNDƏ DƏ SÜRƏTLƏ DAVAM ETDİRİLİB
Şəhərin bir sıra ərazilərində yollar asfaltlanır, işıqlandırma sistemi qurulur, yaşıllıq zolaqları bərpa edilir. Bunlarla yanaşı Gəncənin müxtəlif hissələrində mütəmadi olaraq iməcliklər təşkil olunur, ərazilər tullantılardan təmizlənir, ağaclar əkilir, yaşıllıqlara aqrotexniki qulluq göstərilir.
Gəncənin Nizami prospekti və Gülüstan yaşayış massivində asfaltsalma işləri aparılıb. Burada yol kənarlarında təmir-bərpa işləri görülüb. Yol boyunca xeyli məsafədə təmirə ehtiyacı olan hissələr yenilənib. Ərazidə təmir-bərpa işləri yekunlaşdıqdan sonra burada ümumşəhər iməcliyi təşkil olunub. Aksiya zamanı mindən çox ağac, 5000-dən çox gül kolları əkilib, 15 min kvadrat metr əraziyə qazon səpilib. Gülüstan qəsəbəsində bir müddət davam edən abadlıq-quruculuq işləri nəticəsində Gülüstan - Göygöl yolu əsaslı təmir olunaraq arakəsmə haşiyələrlə bölünüb, asfaltsalınma işləri aparılıb, yeni dirəklər quraşdırılıb.
Gəncənin bir sıra küçələrinin haşiyələri yuyularaq təmizlənib, bəzi binaların fasadlarına yeni boya vurulub. Mərkəzi yeraltı piyada keçidlərində təmir-bərpa işləri aparılıb. Kimyaçılar küçəsində asfaltsalınma işləri davam edib, yol kənarı boyunca işıq dirəkləri quraşdırılıb.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bir qayda olaraq görülən işlərlə yerində tanış olur, tapşırıq və tövsiyələrini verir. Sakinlərlə söhbətlərində onnların rəy və təkliflərini dinləyən Niyazi Bayramov, səsləndirilən səmərəli təkliflərin dəyərləndirilməsinə dəstək verir.
Məlumat üçün bildirək ki, şəhərdə görülən ən mühüm abadlıq-quruculuq layihələrdən biri olan su-kanalizasiya sisteminin təkmilləşdirilməsi çərçivədə yolların 50 faizdən çox hissəsi asfaltlanıb. Gəncə şəhərində və Hacıkənd qəsəbəsində 2000-dən artıq işıq dirəyi yenilənib, 4000 led işıq dirəyi quraşdırılıb. Şəhərdəki yaşayış binalarının əksər hissəsinin dam örtükləri yenilənib, çox mərtəbəli binalarda 93 ədəd liftin yeniləri ilə əvəz edilməsi nəzərdə tutularaq, 76 ədəd liftin demontaj və montaj işləri başa çatdırılıb. Şəhərdə 350 ədəd yeni zibil qutusu quraşdırılıb, 450 ədəd 1.3 kubluq və 100 ədəd 0.27 kubluq zibil qutularının quraşdırılma işləri isə davam etdirilir. Son aylar ərzində Gəncə Avtomobil Zavodunun istehsal etdiyi 57 ədəd texnika Gəncə şəhərinə təhfil verilərək uğurla fəaliyyət göstərir.
Şəhərdəki yaşıllıq zolaqları yenilənir, müxtəlif ərazilərə gül-çiçək kolları əkilir, dekorativ daşlar düzülür, ərazilərdə təmizlik işləri aparılır. İşlər xüsusilə şəhərin Heydər Əliyev Meydanı və Nizami Gəncəvi və Şah İsmayıl Xətai prospektləri boyunca davam edir. Səkilərin və divarların təmizlənməsi işləri aparılır, yol ayrıcındakı yaşılıq zolağında abadlıq işləri görülür, avtobus dayanacaqları təmizlənir və boyanır. Cavad xan küçəsində bərbad vəziyyətdə olan qranit plitələr sökülərək yeniləri ilə əvəzlənir. Küçədəki işıq dirəkləri, abidələr və oturacaqlar yuyularaq təmizlənir.
GƏNCƏ ŞƏHƏRİNİN BAŞ PLANININ LAYİHƏSİ HAZIRLANIB
Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ölkə şəhərlərinin planlı və sistemli inkişafını təmin etmək məqsədilə baş planların hazırlanması işini davam etdirir. Əhalisinə görə paytaxtdan sonra ikinci böyük şəhər olan Gəncənin Baş planının Komitə tərəfindən hazırlanması prosesinə 2020-ci ildə start verilib. Layihə beynəlxalq tender vasitəsilə cəlb olunmuş Fransanın “Vasconi Architects by Thomas Schinko” şirkəti və “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən həyata keçiriləcək. Komandanın hazırlığı və şəhərə dair bəzi məlumatların ilkin analizi başa çatdıqdan sonra layihə icraçılarının rəhbərləri və ekspertlərinin iştirakı ilə fevral ayında Komitədə ilk geniş tərkibli müzakirələr təşkil olunub. Şəhərin yol-nəqliyyat infrastrukturunun, mühəndis-kommunikasiya sisteminin, ətraf mühitinin, ekoloji durumunun və ictimai məkanlarının inkişafına dair konsorsium üzvlərinin ilkin yanaşmaları təqdim olunub. Eyni zamanda, layihənin icra qrafiki, habelə Gəncənin bugünki çağırışları, gələcək siması və inkişaf hədəfləri barədə ətraflı fikir mübadiləsi aparılıb. İmzalanmış müqaviləyə əsasən Baş planın hazırlanması layihəsinin 30 ay müddətində mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulub. Aparıcı beynəlxalq təcrübəyə uyğun olaraq ilkin mərhələdə Gəncə şəhərinin inkişaf konsepsiyasının hazırlanması planlaşdırılıb. Bununla yanaşı, Komitə tərəfindən Baş planın hazırlanmasına cəlb edilən yerli və beynəlxalq ekspertlərin Gəncəyə səfəri də təşkil olunub. Səfər çərçivəsində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı və şəhərin inkişafında iştirak edən aidiyyəti dövlət təşkilatlarının nümayəndələri ilə görüşlər keçirilib, mövzuya dair ilkin müzakirələr aparılıb, şəhər infrastrukturuna yerində baxışlar təmin edilib.
AVROPA BANKI GƏNCƏ ŞƏHƏRİNDƏ İNFRASTRUKTURUN YENİLƏNMƏSİ LAYİHƏLƏRİNİ MALİYYƏLƏŞDİRƏCƏK
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və Azərbaycan Gəncənin şəhər layihələrinin işlənib hazırlanmasına dair razılığa gəlib. Gəncə AYİB-ın Yaşıl Şəhərlər proqramına qoşulur. Bu ilin mart ayının əvvəlində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov AYİB-in birinci vitse-prezidenti Jurgen Rigterinklə görüşüb. Gəncədə infrastrukturun və yaşayışın yaxşılaşdırılması məsələsi Bakıda keçirilən görüşün əsas mövzusu olub.
"Gəncə və AYİB şəhərdə təkmilləşdirmələrlə bağlı birgə fəaliyyətə dair razılığa gəliblər. Bank Azərbaycanın ikinci böyük şəhərində infrastrukturun yenilənməsi layihələrini maliyyələşdirməyə hazırdır. Gəncə şəhəri AYİB-in uğurlu şəhər dayanıqlılıq proqramına qoşulmaqda maraqlıdır. Gəncə və AYİB arasında qurulan əməkdaşlıq çərçivəsində şəhər ərazisində aparılacaq təkmilləşdirmələrdən Azərbaycanın ikinci böyük şəhərində yaşayan 300 mindən çox əhali bəhrələnəcək.
Proqramın tərkib hissəsi kimi, AYİB ətraf mühit problemlərinin aşkar edilməsi, prioritetləşdirilməsi və həlli üçün Yaşıl Şəhər üzrə Tədbirlər Planının işlənib hazırlanmasında Gəncə şəhərinə kömək edəcək. Bank həmçinin şəhərin küçə işıqlandırma sisteminin, nəqliyyat, su və çirkab su ilə bağlı xidmətlərin, bərk tullantıların idarə edilməsi, mərkəzi istilik sistemi və bərpa olunan enerji infrastrukturunun yenilənməsi və inkişaf etdirilməsi ilə bağlı layihələri maliyyələşdirməyə də hazırdır.
Xatırladaq ki, AYİB Azərbaycanda aparıcı institusional investorlardan biridir. İndiyədək AYİB Azərbaycanda 168 layihəyə 3,3 milyard avro investisiya qoyuluşu edib. Bank həmçinin yerli kiçik və orta sahibkarlıq müəssisələrinə biznes məsləhət xidməti göstərir və mindən artıq şirkət göstəricilərini yaxşılaşdıraraq inkişafına yardım edib.
*
Şübhəsiz, Azərbaycan xalqı, o cümlədən, gəncəlilər koronovirus təhlükəsinə qarşı effektiv mübarizə tədbirləri sayəsində bu ümumbəşəri bəladan qoruna biləcək, ölkəmizin tərəqqisinə yönəlik islahatların gerçəkləşməsinə verdikləri töhfələrin sırasını 2020-ci ilin qalan yarısında da artıra biləcəklər. Şəhərin tərəqqipərvər qüvvələrinin səfərbər olunub inkişafa yönəldilməsi yolunda başda cənab Niyazi Bayramov olmaqla Gəncə şəhər rəhbərliyinə uğurlar arzulayırıq.
Qoşqar Haqverdiyev


Tarix: 1-05-2020, 16:20 Oxunub: 131


Bölməyə aid digər xəbərlər