gununnebzi.az Dünya ölkələri pandemiya şəraitində vətəndaşların məhkəmələrə əlçatanlığını təmin etmək, ədalət mühakiməsini dayandırmamaq məqsədilə müxtəlif həll yolları axtarır. Çünki, yeni işlərin daxil olması və icraatda olan müraciətlərə baxılmaması, onsuz da işi ağır olan məhkəmələrin daha da yüklənməsinə gətirib çıxarır. Vəziyyətdən çıxış yolu kimi elektron texnologiyaların tətbiqi yenə köməyə çatır.
Ölkəmizdə də ilk dəfə olaraq bu vasitələrin köməkliyi ilə onlayn məhkəmə prosesi keçirilib. Bu zaman məhkəmə fəaliyyətinin xüsusiyyəti, proses iştirakçılarının fərdi məlumatlarının qorunmasına xüsusi diqqət yetirilib.
Onlayn prosesdə təqsirləndirilən şəxsin dedikləri audio və video yazı formasında birbaşa protokola köçürülür. İştirakçılar razılıqları əsasında əvvəlcədən təyin olunmuş vaxtda prosesə məhkəmə tərəfindən göndərilmiş elektron keçid üzərindən kompüter və ya mobil telefon vasitəsilə qoşula bilirlər. Bunun üçün “Elektron məhkəmə” informasiya sistemində xüsusi proqram modulu işlənib istifadəyə verilib.
Yenilik vətəndaşın işini asanlaşdırmaqla yanaşı, həm də iqtisadi baxımdan da səmərəlidir. Bunun nəticəsində şəffaflıq təmin olunur, məhkəmə prosesləri vaxtında və daha çevik üsulla həyata keçirilir. Bu səbəbdən onlayn məhkəmə prosesi pandemiyadan sonrakı dövrdə də geniş istifadə edilə bilər.
Bölməyə aid digər xəbərlər