Cəlil Xəlilov: “Müharibə şəraiti, torpaqlarımızın bir hissəsinin işğal altında olması faktı bunu ikiqat zəruri edir”
Millət vəkili Fazil Mustafa parlamentin bugünkü iclasında orta məktəblərdə hərbi dərslərin bərpa edilməsi təklifi ilə çıxış edib.
Bu təklifə münasibət bildirən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov orta məktəblərdə hərbi dərslərin bərpasının vacib olduğunu, bu illər ərzində bir neçə dəfə bununla bağlı Təhsil Nazirliyinə müraciət etdiklərini bildirib:
“Təbii ki, məktəblərdə hərbi dərslərin bərpasına ciddi ehtiyac var. Ölkəmizin müharibə şəraitində olması, torpaqlarımızın bir hissəsinin işğal altında qalması hərbi dərslərin bərpasını ikiqat zəruri edir.
Sadəcə orta məktəblərdə deyil, ali təhsil müəssisələrində də hərbi dəsrlərin keçirilməsi günün tələbidir. Çünki ali məktəbin bakalavr pilləsini bitirən tələbələr təhsillərini başa vurandan sonra həqiqi hərbi xidmətə yola düşür. Əgər ali məktəblərdə hərbi dərslər tədris olunarsa, bu, təhsilini başa vurandan sonra ordu sıralarına qatılan gənclərimizin xidmətə daha hazıqlıqlı şəkildə başlamasını təmin edər. Unutmaq olmaz ki, ilkin bilik və bacarığa malik heyətlə işləmək zabitlər üçün də daha asandır.
Biz Respublika Veteranlar Təşkilatı olaraq dəfələrlə bununla bağlı Təhsil Nazirliyinə müraciət etmişik. Həmin müraciətlərdə həm orta, həm də ali məktəblərdə hərb işinə marağın artırılması məqsədi ilə gənclərimizin ordumuzun arsenalındakı hərbi texnika ilə tanışlığına şəraitin yaradılması, onlara bəzi silah növləri haqqında əyani informasiya verilməsi və s. kimi təkliflər səsləndirmişik. Habelə, bu işdə veteranların təcrübəsindən istifadə etməyi təklif etmişik. Lakin təəssüflər olsun ki, Təhsil Nazirliyi bu müraciətlərə lazımi həssaslıqla yanaşmayıb.
Bir daha qeyd edirəm ki, gənc nəslə ilkin hərbi bilik və bacarıqların aşınması, onlarda orduya, hərb sənətinə marağın artıırlması üçün hərbi dərslərin bərpası arzuediləndir. Dövlətimizin maraqları bizdən məhz bunu tələb edir”.
Bölməyə aid digər xəbərlər