"Gündəlik 600 insanın yoluxması ölkə və səhiyyə sistemi üçün böyük fəlakətə çevrilə bilər".
GununNebzi.az bildirir ki, Bunu Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, deputat İlham Məmmədov deyib.
Həkim-deputat karantin qaydalarının daha da sərtləşdirilməsini təklif edib:
"Virus çox surətlə yayılır. Artıq bəşəriyyət üçün faciəyə, insanlıq üçün ölüm kabusuna çevrilib. Virusun dinamikasının dəyişkənliyi, mutasiyası onun təhlükəli olmasından xəbər verir. Karantin qaydalarının yumuşaldılmasından sonra ikinci dalğanın yaranması ÜST-ün böyük narahatlığına səbəb olub. ÜST-ün açıqlamasında qeyd olunur ki, yumuşalmadan sonra azı 30 ölkədə kəskin artım qeydə alınıb. Avropada gündəlik 20 min yoluxma, minlərlə ölüm var. Əgər ciddi tədbirlər görülməsə, ümumilikdə, səhiyyə sistemi çökə bilər”.
O bildirib ki, ölkəmiz virusun yayılmasının qarşısını almaq məqsədilə ilk günlərdən ciddi tədbirlər gördü, konkret nəticələr əldə olundu:
"Bir çox ölkə koronovirusla mübarizənin Azərbaycan modelini tətbiq etməyə başladı. Orta, ali, peşə məktəblərinin bağlanması, kütləvi tədbirlərin ləğvi, sərhədlərin bağlanması öz müsbət nəticəsini verdi. Bizim yeganə çətinliyimiz insanların davranışı ilə bağlıdır. İnsalarımızın karantin rejiminə tam riayət etməsi üçün ciddi hüquqi, texniki, sosial baza hazırlamalı və tətbiq etməliyik. Düzdür, bir çox tədbirlər artıq görülüb, inzibati xətalar məcəlləsinə dəyişiklər olunub, cərimələr tətbiq olunub və artıq nəticələr də var. Hesab edirəm ki, insanlar sərt karantin rejimini gündəlik həyat tərzinə çevirməyi bacaracaqlar. Bu, onların sağlamlığı, həyatı üçün əhəmiyyətlidir. Bir çox inkişaf etmiş ölkələrə nəzər salsaq, onların sərt karantin rejimi dönəmində çox ciddi tədbirlərə əl atdıqlarını, dronlarla, müxtəlif texniki vasitələrlə məsuliyyətsiz insanları yerindəcə cəzalandırdıqlarını görərik. Millət vəkili kimi təklif edirəm ki, bizdə də belə sərt qaydalar tətbiq olunsun, 100-200 manatlıq cərimlər azı 2-3 dəfə artırılsın. Biz, məsuliyyətsiz insanları bu formada cərimələməklə yoluxmadakı kütləviliyi önləyə bilərik".
Deputat vurğulayıb ki, bizdə müəyyən sosial, iqtisadi məqamları nəzərə alaraq tədbiq olunan yumuşalma faciə ilə nəticələndi:
"Yoluxanların sayı rekord həddə çatmış oldu. Dünya artıq koronovirusla təhdid olunur. Mənə hər gün tək millət vəkili kimi deyil, həkim kimi də yüzlərlə insandan zəng gəlir, qaydaların sərtləşməsini istəyirlər.
Qeyd edirlər ki, bəzi məsuliyyətsiz insanlara görə xəstəxanalar dolub, yaxınlarımız, qohumlarımız yoluxublar. Təmsil olunduğum Yevlax rayonunda da insanların sərt karantinə əməl etmələri ilə bağlı çağırışlarımız oldu. Hal-hazırda insanlardan yaganə tələb qaydalara əməl olunmasıdır. İnsanlar bilməlidir ki, virus mutasiyaya uğrayıb, "vəhşiləşib”, daha böyük təhlükələrə səbəb olur. Dəfələrlə qeyd olunduğu kimi maskadan istifadə, gigiyenik qaydalara əməl etmək və sosial məsafə saxlamaqla, karantin qaydalarına əməl etməklə cəmiyyətimizi qoruya bilərik.
Həkimlər qeyd edir ki, bəzi xəstələrdə 1 gün ərzində ağciyərin tamamilə yox olması müşahidə olunur. Hələlik isə virusa qarşı ən unikal mübarizə qadağalardır. Karantin rejimi ilə bağlı bütün münasibətlər hüquq çərçivəsində tənzimlənir.
Gürcüstanda hər ötən gün yoluxma sayı azalır. Bəs bunun səbəbi nədir? Orada cərimələr 1000 dollardan çoxdur. Məhz buna görə insanlar qaydalara tam riayət etdilər və sınaqdan çıxdılar. Eləcə də ABŞ-da, Fransada, İtaliyada, Almaniyada çox yüksək cərimələr tətbiq edilib. Hətta cərimədən başqa digər sərt qaydalar, bəzi hallarda isə həbslər tətbiq edirdilər”.
Bölməyə aid digər xəbərlər