Amerikalılar bardan, azərbaycanlılar yasdan çıxa bilmir; Hacı Şahin: “Can Allahın əmanətidir, yas yerlərinə getməyin...”
Epidemiyanın yayılma arealı və məkanı hər bir ölkəni fərqli şəkildə təhdid edir. Əksər ölkələr ictimai nəqliyyatı, sıx toplaşma və təmas olan nöqtələri virusun episentri kimi göstərirlər. Lakin hazırda ən çox yoluxma olan ABŞ-da baş bəlası gecə klubları və barlardır.
ABŞ-ın bəzi bölgələrinin rəsmiləri barları və digər spirtli içki içilən yerləri bağlamaqla COVID-19-a yoluxma hallarının qarşısını almağa çalışır. Bu addım maska taxılsa da, taxılmasa da risk faktorlarına dair elmi tövsiyələrə əsaslanır.
Boston Universiteti Tibb Fakültəsinin doktoru David Hamer səs-küy səbəbindən bir-birini eşitmək üçün yaxın durmaqdan tutmuş, yapışqan səthlərə toxunmağa qədər, insanlarla dolu məkanların sosial məsafə qaydasına zidd olduğunu deyir. “Barda sosial məsafə saxlaya bilərsinizmi? Maska ilə içki içə bilərsinizmi? Barlar bütün bu qaydaları pozmaq üçün mükəmməl bir yerdir”, - deyə Hamer bildirir.
Virusun sürətlə yayılması səhiyyə işçilərini də bataqlığa sürükləyə bilər. Miçiqan ştatının Şərqi Lansinq şəhərindəki pivə zavodu 12 mahalda təxminən 140 nəfərin yoluxmasına səbəb olub. Bu da rəsmilərin tibb tələbələri və təqaüddə olan həkimləri işə cəlb etməsinə yol açıb. Ştatın qubernatoru Qretçen Vitmer bəzi bölgələrdə qapalı barların bağlanmasına sərəncam verib. Tavernalar tamamilə bağlanmayacaq, çünki onlar müştəriləri açıq havada qəbul edə bilir.
ABŞ-dan fərqli olaraq, Azərbaycanda diskotekalar, klublar, spirtli və spirtsiz içki verilən bütün kafelər, “pub”lar sərt karantin rejimi səbəbindən bağlanıb. Lakin amerikalılar barlardan qurtula bilmədikləri kimi, bizimkilər də yas məclislərindən çıxmırlar. Həkimlər və Operativ Qərargahın üzvləri təsdiqləyirlər ki, yoluxmaların ən çox olduğu yerlərdən biri yas mərasimləridir.
Hicri 1438/Miladi 2017-ci il Həcc ziyarəti üçün sənədlərin qəbulu ...
Ölkədə yas mərasimlərinin keçirilməsi qadağan edilsə də, xüsusən əyalətlərdə riayət olunmur. Kənd yerlərində çadır qurulması hallarına rast gəlinir, evlərdə kütləvi toplaşmalar, öpüşüb-qucaqlaşmalar olur. Bu da yoluxmaların kəskin artımına gətirib çıxarır. İnsanlara dəfələrlə çağırış və xəbərdarlıq olub ki, yas məclisləri təşkil olunmasın, hüzr yerinə gedilməsin, sıx təmasdan qaçmağa çalışın, di gəl, əməl etməyənlər var. Elə bunun nəticəsidir ki, iyulun 20-dək artırılan xüsusi karantin rejimi daha 8 şəhər və rayonda tətbiq olunacaq.
Sözsüz ki, yeganə səbəb yas mərasimləri ola bilməz, amma regionlarda infeksiyaya yoluxmanın faktorlarından biri də hüzr yerləridir. Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli “Yeni Müsavat”a bildirdi ki, pandemiyanın yayılmasını sürətləndirən kütləvi toplaşma yerləridir. Onun sözlərinə görə, bütün ölkələrdə istənilən səbəbdən yığışmaq məhdudlaşdırılıb: “Hələ karantinlə bağlı qərar qəbul edilməmişdi, Qafqaz Müsəlmanları İdarəsi məscidlərdə ayinləri dayandırdı, inanclı insanlar da bunu anlayışla qəbul etdilər. Bu il Həcc ziyarətləri də təxirə düşdü. İnsanlar fikirləşməlidirlər ki, Həcc kimi müqəddəs ziyarət təxirə salınıbsa, deməli, vəziyyət təhlükəlidir və yas yerlərində toplaşmaq yolverilməzdir”.
Baxar.az | Xəbər portalı
Hacı Şahin xatırlatdı ki, Quranda insanlara çağırış var: “Deyir ki, öz əlinizlə özünüzü təhlükəyə atmayın. Yas məclisinə gedib başsağlığı verən adam savab qazandığını düşünür, amma özünün və başqalarının həyatına təhlükə yaradır. Ona görə mən bir daha çağırış edirəm, yas yerlərinə getməyin. Bu həm qanundur, həm Allah qarşısında məsuliyyətdir. Çünki Allah canı bizə əmanət verib, cana qəsd isə günahdır. Odur ki, telefonla başsağlığı verə bilərsiniz, hüzr sahibi də anlayışla qarşılayar, başa düşər ki, bu vəziyyətdə bir evə yığışmaq riskdir. İnsanlar bilməlidirlər ki, Həcc ziyarəti təxirə düşdüyü halda yas yerinə getmək olmaz. Biz hər gün yoluxmaları görürük, təhlükə realdır, hamının tanışında, yaxınında bu xəstəliyə tutulanlar var. O baxımdan özümüzü qorumaq, son dərəcədə məsuliyyətli olmaq lazımdır”.
Bölməyə aid digər xəbərlər