Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva iyulun 14-də Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində həlak olan mülki şəxs, Ağdam kənd sakini, 1944-cü il təvəllüdlü Əzizov Əziz İzzət oğlunun evində olub.
Ombudsman Aparatından verilən məlumata görə, İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva hadisə yerinə baş çəkib və mövcud şəraitlə tanış olub.
Ombudsman bir neçə gün öncə Ermənistan hökuməti tərəfindən Azərbaycana qarşı növbəti təcavüz aktının törədilməsini xatırladaraq İnsan Hüquqları üzrə Müvəkkil olaraq gəldiklərini və monitorinq apardıqlarını bildirib:
“Mülki əhaliyə qarşı törədilmiş təcavüzü qeyd edək. Bunların geniş hesabatını hazırlayaraq ən qısa zamanda müvafiq beynəlxalq qurumlara göndərəcəyik. Hüquqların müdafiəsi sahəsində mövcud olan bütün beynəlxalq sənədləri Ermənistan bu dəfə də pozub. Burada yaşayan əlil və ahıl insan qətlə yetirilib. Budur, əlil və ahıl dinc sakinin axşam yeməyinə hazırlaşdığı zaman başına gələn faciə. Çörək masanın üstündə qalıb”.
Bölməyə aid digər xəbərlər