23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
AHİK-dən beynəlxalq həmkarlar ittifaqları təşkilatlarına müraciət

AHİK-dən beynəlxalq həmkarlar ittifaqları təşkilatlarına müraciətAHİK-in sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının və Pan Avropa Regional Şurasının vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyev Ermənistan silahlı qüvvələrinin Tovüz istiqamətində dövlət sərhəddindəki təxribatla bağlı Beynəlxalq Həmkarlar İttifaqları təşkilatlarına, o cümlədən, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasına, Pan Avropa Regional Şurasına, Ümum Həmkarlar İttifaqları Konfederasiyasına müraciət ünvanlayıb. Müraciətdə deyilir:

Hörmətli həmkarlar!

Bildiyiniz kimi, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının 20 faiz ərazisi – Dağlıq Qarabağ regionu və ona bitişik 7 rayon erməni hərbi birləşmələri tərəfindən işğal olunmuşdur. Erməni silahlı qüvvələri beynəlxalq humanitar hüququn bütün prinsip və normalarına zidd olaraq mülki əhalini məqsədyönlü şəkildə əsas hədəf kimi seçərək amansız şəkildə sistematik və kütləvi qırğınını, soyqırımını törətmişdir.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində 1 milyondan çox azərbaycanlı məcburi köçkün vəziyyətinə düşüb, 20 min nəfər hərbi əməliyyatlar dövründə öldürülüb, 50 min nəfər isə əlil olub. Münaqişə nəticəsində 4 minə yaxın azərbaycanlı itkin düşüb. Onların arasında 67 uşaq, 265 qadın, 326 qoca olub. Bu şəxslərin aqibəti barədə hələ də məlumat yoxdur. İki mindən çox azərbaycanlı isə ermənilər tərəfindən əsir və girov götürülmüşdür.

Azərbaycanın işğal edilmiş ərazilərində dünya əhəmiyyətli mədəniyyət və incəsənət abidələrimiz erməni vandalları tərəfindən dağıdılmışdır.
Ermənistan Respublikası özünün məkrli niyyətlərini davam etdirmək məqsədilə bu gün zəbt olunmuş ərazilərdə xarici dövlətlərdən gələn erməni vətəndaşlarını yerləşdirir və Dağlıq Qarabağda demoqrafik vəziyyəti süni surətdə öz xeyirlərinə dəyişmək istəyir.
Beynəlxalq sülhün və təhlükəsizliyin əsas təminatçısı kimi çıxış edən BMT Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 1993-cü ildə – 822, 853, 874 və 884 saylı 4 qətnamə qəbul edib. Bu qətnamələr münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli üzrə siyasi prosesin hüquqi əsasını müəyyənləşdirir. Qətnamələrdə Azərbaycan ərazisinin işğalı pislənib, güc tətbiqi vasitəsilə ərazi iddialarının reallaşdırılmasının qəbuledilməzliyi vurğulanıb. Azərbaycan ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı bir daha təsdiq edilib və işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunub.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası ilə yanaşı İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Avropa İttifaqı, Avropa Şurası, ATƏT, Qoşulmama Hərəkatı ölkələri və digər beynəlxalq təşkilatlar Azərbaycanın hərbi təcavüzə məruz qaldığını və ərazi bütövlüyünün bərpa olunması ilə bağlı öz mövqelərini ortalığa qoyduqları halda Ermənistan Respublikası bu tələbləri heçə sayır. Bu münaqişənin dondurulmasına çalışır. Vaxtaşırı öz təcavüzkar siyasətini həyata keçirmək üçün münaqişənin alovlandırılması yolunu tutur.

Bu gün Ermənistan Respublikasının silahlı qüvvələri atəşkəs rejimini pozaraq Azərbaycanın dinc əhalisinə qarşı qətllər törətməkdə davam edir.
Qanlı toqquşmalara yol verilməməsi naminə atəşkəs rejiminin tətbiq olunmasına baxmayaraq iyul ayının 12-də Ermənistan hərbi qüvvələri Dağlıq Qarabağ ərazisi ilə hec bir əlaqəsi olmayan Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycanın silahlı qüvvələrinin mövqelərinə qəfildən və xaincəsinə hücum edərək növbəti hərbi təxribat törətmişdir. Erməni rəhbərliyi birinci dəfə deyildir ki, öz ölkəsi daxilində üzləşdiyi və həlli qarşısında aciz qaldığı ağır problemlərdən sərhəddə və ya təmas xəttində iyrənc hərbi təxribatlar törətməklə yaxa qurtarmağa çalışır. Ağır epidemioloji vəziyyətdən və sosial-iqtisadi sıxıntılardan cana doymuş xalqın qəzəbindən yayınmaq üçün Paşinyanın diktatura rejiminin hərbi təxribatlara əl atması onun yürütdüyü siyasətin Ermənistanın əvvəlki xunta rejimlərinin yürütdüyü siyasətdlən azacıq də olsa fərqlənmədiyinin göstəricisidir. Erməni silahlı qüvvələrinin hücumu nəticəsində 12 hərbiçimiz, o cümlədən yüksək çinli zabirlərimiz həlak olmuş, sərhəd kəndlərinin sakinlərinə məxsus xeyli sayda evlər dağılmışdır. Hətta hücum nəticəsində hərbçilərlə yanaşı, sərhəd kəndlərin dinc sakinləri arasında da tələfat baş vermişdir.

Hörmətli həmkarlar!

Hesab edirik ki, Beynəlxalq Həmkarlar İttifaqları təşkilatları Azərbaycan-Ermənistan və Dağlıq Qarabağ münaqişəsində təcavüzkarın və münaqişə nəticəsində zərərçəkən tərəflərin kim olduğu barədə məlumatlıdır. Ümidvarıq ki, onlar Ermənistanın təcavüzkar hərəkətlərinə son qoyulması, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi və Ermənistanın silahlı qüvvələrinin işğal olunmuş ərazilərindən çıxarılması sahəsində Azərbaycanın haqlı tələbinin yerinə yetirilməsi üçün ədaləti mövqe sərgiləyəcək, Dağlıq Qarabağ probleminin həlli ilə əlaqədar BMT-nin və beynəlxalq qurumların qətnamə və qərarlarının yerinə yetirilməsi üçün müvafiq təşkilatlar qarşısında tələblər irəli sürəcəklər.


Tarix: 17-07-2020, 18:26 Oxunub: 102


Bölməyə aid digər xəbərlər