01:09 / 08-11-2024
FED uçot dərəcəsini endirib
00:17 / 08-11-2024
Putin Trampı təbrik etdi
00:15 / 08-11-2024
Şuşa 4 ildir ki, azaddır...
18:46 / 07-11-2024
AZCON yaradıldı
“MAARİF MƏŞƏLİ” - HƏSƏN BƏY ZƏRDABİ

“MAARİF MƏŞƏLİ” - HƏSƏN BƏY ZƏRDABİ


Vüqar Əhməd
Mətbuat tarixi və publisistika şöbəsinin müdiri,
filologiya üzrə elmlər doktoru, professor



AZƏRBAYCAN MİLLİ MƏTBUATI-145


Azərbaycan Prezidenti İlham Əliyev milli mətbuatın 145 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb:
1.Azərbaycan milli mətbuatının 145 illik yubileyi ölkəmizdə geniş qeyd olunsun.
2.Azərbayan Respublikası Prezidentinin Administrasiyasına tapşırılsın:
2.1.Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasının ərazisində tətbiq edilən xüsusi karantin rejiminin tələbləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri nəzərə alınmaqla yubiley tədbirlərinin keçirilməsini təmin etsin;
2.2.Jurnalist təşkilatlarının və redaksiyaların təklifləri əsasında Azərbaycan milli mətbuatının inkişafında xüsusi xidmətləri olan jurnalistlərin mükafatlandırılması haqqında təklifləri bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

Mərhum prezidentimiz, ümummilli lider Heydər Əliyev:
“Azərbaycanda sosial-mədəni həyatın XIX əsrin ikinci yarısından etibarən sürətli canlanmasında və ictimai fikrin maarifçi-demokratik ideyalarla zənginləşməsində Həsən bəy Zərdabinin müstəsna xidmətləri vardır. Zərdabi yaradıcısı, təşkilatçısı və redaktoru olduğu “Əkinçi” qəzetini doğma ana dilində nəşr etdirməklə milli mətbuatın bünövrəsini qoymuş, dövrünün ziyalılarını bu qəzet ətrafında birləşdirərək taleyüklü mühüm vəzifələrin uğurla həyata keçirilməsində misilsiz rol oynamışdır”.
(Həsən bəy Zərdabi “Seçilmiş məqalələri və məktubları”. Bakı, 2016, səh. 5)

Azərbaycan Resbublikasının Prezidenti İlham Əliyev: “Azərbaycan mədəni-ictimai fikir tarixinin görkəmli şəxsiyyətlərindən biri, milli mətbuatmızın banisi Həsən bəy Zərdabinin zəngin irsi bugünkü və gələcək nəsillərin azərbaycançılıq məfkurəsinə sədaqət ruhunda formalaşmaları baxımından müstəsna əhəmiyyətə malikdir”.
(Həsən bəy Zərdabi “Seçilmiş məqalələri və məktubları. Bakı, 2016, səh. 7).

XVIII əsrin axırları XIX əsrin əvvəllərindən etibarən indiki Azərbaycan ərazisi və ümumilikdə Cənubi Qafqazda yaşayan Azərbaycan türklərinin yaşadığı ərazilər Çar Rusiyası tərəfindən işğal olunandan sonra Azərbaycan kəndli və zəhmətkeşləri keçmiş zamanlarda quldarlıq dövründə olan bir vəziyyətə düşdülər. Şura Hökumətinin təqiblərinə məruz qaldığı üçün 1927-ci ildə vətəni tərk edib qardaş Türkiyəyə mühacirət etmiş Hüseyn Baykara səkkiz il müddətində arxiv materialları əsasında qələmə aldığı “Azərbaycan İstiqlal Mübarizəsi Tarixi” kitabında yazır: “1829-cu ildə Cənubi Qafqazı təftiş etmək üçün göndərilən senatorlar Meçnikov və Kutaysov yoxlamanın nəticəsini raportlarında belə bildirirdilər: “Yüz minlərlə xalqın hüququ, namusu və mülkü komendatların kefinə tabedir. Xanlar dövründə əsasən, vergi toplananda və başqa mükəlləfiyyətlər istəniləndə mahaldakı adət və ənənə, ictimai vəziyyət və mülahizələrə əməl olunduğu halda, komendatlar bu məsələlərdə kar və kordular”. Həmin senatorlar Tiflisdən o dövrdə Rusiya imperiyasının ədliyyə naziri D.B.Daşkova göndərdikləri raportda yazırdılar: “Bu vaxta qədər topladığımız məlumatdan aydın olur ki, bilavasitə Gürcüstan ərazisində hər cür pislik və rəzalət həddini aşaraq son dərəcəyə gəlib çatmışdır. Müsəlman vilayətlərindəki idarəyə gəlincə, burada idarə edənlərin zülmü ilə idarə olunanların məzlumluğu təsəvvür olunmaz dərəcədə faciəli şəkil almışdır. İnsan ləyaqəti tapdalanmış, ədalət tamamilə unudulmuş, qanunsuzluq, cinayət, qərəzçilik, rəislərin özbaşınalığı dəhşətli bir şəkil almışdır”.
(Hüseyn Baykara “Azərbaycan İstiqlal Mübarizəsi Tarixi”. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1992, səh. 25).

Lakin azərbaycanlılar zatən kölə bir xalq olmadıqlarına görə 1830-cu ildə Balakəndə, 1831-ci ildə Lənkəranda, 1837-də Qubada, 1838-ci ildə Şəkidə, Şuşada üsyana qalxmış və zaman-zaman bu üsyanlar şiddətlənməyə başlamış, bu səbəbdən də rus çarı II Aleksandr 1861-ci ildə bütün imperiya boyu köləlik rejiminin ləğv edilməsinə fərman vermiş, buna rəğmən də torpaq mülkiyyəti fərmanını imzalamışdır. Rus çarı bu fərmanları imzalayandan sonra hələ bir müddət meşşan və harın çar məmurları buna əməl eləməsələr də, az da olsa Peterburqun özündə hüquq fakültələrini bitirən azərbaycanlı ziyalılar qanunları çox yaxşı bildiklərindən məhkəmələr vasitəsilə xalqın hüququnu özünə qaytarmış və xalq vergi verməklə öz torpağına sahib ola bilmişdir.

Bu dövrdə, daha doğrusu 1829-cu il avqustun 2-də Zaqafqaziya məktəblərinin ilk nizamnaməsi təsdiq edildi və bununla Azərbaycanda Avropa tipində məktəblər açmağın rəsmi tarixi başlandı və buna rəğmən Şuşada (1830), Şəkidə (1831), Bakıda (1832), Gəncədə (1833), Şamaxıda (1837), Naxçıvanda (1837) rus dilində qəza məktəbləri açıldı. Lakin dərslər rus dilində tədris olunsa da, məktəblərin tədris planına türk, yəni Azərbaycan dilində də fənn salınmışdı. Bu da, öz növbəsində, həmin məktəblərdə təhsil alanların milli məfkurəsinin inkişafı üçün elə müsbət nəticələr əldə etdi ki, həmin taliblər əsrin sonunda “rus-müsəlman” məktəbləri adı altında ana dilində məktəblər açmağa nail oldular. Belə ki, bu məzunlardan biri də Şamaxı qəza məktəbinin əlaçı tələbəsi Həsən bəy Zərdabi idi ki, illər sonra XIX əsrin ikinci yarısında Azərbaycan xalqının milli məfkurəsinin formalaşmasında müstəsna xidmətləri olan “Əkinçi” qəzetinin naşiri oldu.

1830-cu illərdə kəndlilərə feodal münasibətlərin ləğv edilməsi, neft sənayesində intizam sisteminin aradan götürülməsi, eyni zamanda Zaqafqaziya dəmir yolunun Bakı-Poti xəttinin istifadəyə verilməsi ilə Ümumrusiya ticarət yolunun Bakıdan keçməsi ilə dövrün ictimai-siyasi, iqtisadi və mədəni həyatında bir sıra dəyişikliklər baş verdi ki, bütün Abşeron yarımadası boyu, o cümlədən Bakı şəhəri və onun yaxın kəndlərində neft sənayesi Bakı şəhərinin hər cəhətdən olduqca sürətlə inkişafına səbəb oldu.

Təkcə Bakı şəhərində deyil, bütün Zaqafqaziyada aradan qaldırılan iqtisadi böhran burada yaşayan bütün xalqların, o cümlədən sayca başqa xalqlardan qat-qat üstün olan Azərbaycan xalqının mədəni həyatında XIX əsrin ikinci yarısında bir sıra əlamətdar hadisələr baş verdi. Məsələn, 1874-cü ildə Hacı Səid Ünsizadənin təşəbbüsü, Seyid Əzim Şirvaninin və Cəlal Ünsizadənin yaxından iştirakı ilə Şamaxı şəhərində yeni üsullu “məclis” məktəbi açıldı. 1879-cu ildə Bakı milyonçusu Seyid Mirbabayevin vəsaiti ilə Qori şəhərində “Zaqafqaziya müəllimlər seminarıyası”nının nəzdində “Azərbaycan şöbəsi” fəaliyyətə başladı ki, bu şöbə öz növbəsində 1881-1917-ci illər ərzində 250 azərbaycanlı müəllim hazırladı. 1887-ci ildə H.Mahmudbəyov və S.M.Qənizadə tərəfindən ilk dəfə olaraq Bakı şəhərində doğma ana dilində “rus-müsəlman” məktəbi fəaliyyətə başladı. 1892-ci ildə M.T.Sidqi Ordubad şəhərində “Əxtər”, 1894-cü ildə isə Naxçıvan şəhərində “Tərbiyə” məktəbini yaratdı. 1883-cü ildə El atası Hacı Zeynalabdin Tağıyev Bakı şəhərində İtaliya memarlarına olduqca möhtəşəm bir teatr binası inşa etdirdi ki, bu da öz növbəsində Azərbaycan xalqının mədəni həyatında mühüm rol oynadı.

1880-ci illərdən etibarən isə bu tərəqqi çeşməsi daha güclü fəvvarələr vurmağa başladı ki, əgər Bakı şəhərindən xeyli uzaqda yerləşən Ordubadı, Naxçıvanı nəzərə almasaq, bütün bunların ərsəyə gəlməsində Zaqafqaziyanın təkcə iqtisadi deyil, həm də mədəni mərkəzi olan Bakı şəhəri mühüm rol oynayırdı. Çünki bu Azərbaycan xalqını işıqlı bir gələcəyə aparan maarif və savad çiçəyinin gün-gündən ətirlənməsində Azərbaycan xalqının tərəqqisini qətiyyən istəməyən Çar Rusiyasının yox, azərbaycanlı xeyriyyəçilərin əvəzsiz xidmətləri var idi. Çünki yuxarıda qeyd olunduğu kimi, neftli torpaqlarla çox zəngin Bakı şəhərinin burda müstəsna yeri var idi. Məhz Bakı şəhərində doğulub böyümüş, əvvəllər fəhlə, arabaçı, bənna, manifaktura alverçiləri kimi peşələrlə məşğul olmuş bir qisim zəhmətkeş, işgüzar insanlar, dişləri-dırnaqları ilə qazandıqları pullarla neftli torpaqlar alıb neft quyusu qazdırmış, neft quyuları fontan vurandan sonra çoxlu varidat əldə etmiş, bu var-dövləti isə sosializm ideologiyasının uydurduğu kimi dəbdəbəli həyat sürməyə deyil, xalqın maariflənməsi, savadlanması, iqtisadi rifahının çiçəklənməsi üçün sərf etmişdilər.

Belə insanlar onlarla idi: Hacı Şıxəli, Hacı Hacağa, Hacı Əliabbas, Hacı Zeynalabdin Tağıyev, Ağamusa Nağıyev, Murtuza Muxtarov, Şəmsi Əsədullayev, İsa bəy Hacınski, İsa bəy Aşurbəyli, Əjdər Aşurbəyli, Teymur Aşurbəyli, Nabat xanım Aşurbəyli, Kərbəlayi İsrafil, Sona xanım Hacıyeva və ilaxır. Lakin xalqın maariflənməsi, savadlanması, xoşbəxt yaşaması üçün onlara düzgün istiqamət verən, hər işdə təşəbbüs göstərən, xalqın istiqbalı uğrunda son qəpiklərini belə xərcləməyə hazır olan bu insanların pullarını israf etmədən xalqın başı üzərində maarif göyərçinləri uçurdan Azərbaycan ziyalıları idi ki, onlardan biri və birincisi Həsən bəy Zərdabi idi.

Həsən bəy Zərdabi (Məlikov) 1837-ci ildə o vaxtki Göyçay qəzasının Zərdab kəndində anadan olmuş, ilk təhsilini mədrəsədə almış, bir sıra ilahiyyat elmlərinə yiyələnmiş, sonra Şamaxıda rus dilli qəza məktəbində təhsil almış və həmin məktəbin milliyyətcə rus müdirinin köməyilə Tiflis qəza məktəbində əla qiymətlərlə oxumuşdu. Həm Şamaxıdakı, həm də Tiflisdəki qəza məktəbində rus dilində təhsil aldığı üçün rus dilini mükəmməl bilən Həsən bəy ali təhsilini Moskva Universitetində alır və doğma vətənə qayıdaraq müəllimlik fəaliyyətinə başlayır. Gimnaziyada təbiət fənnini tədris edən Həsən bəy burada da çar istibdadına qarşı çıxdığına görə təzyiqlərə məruz qalmış və işdən çıxmalı olur.

Heyrətamiz dərəcədə vətənpərvər bir insan olan Həsən bəyi bir neçə şey narahat edirdi. İndinin özündə də hamıya məlumdur ki, kənd təsərrüfatı, daha doğrusu, əkinçilik və heyvandarlıq olmadan insanların yaşaması mümkün deyil. Lakin Azərbaycan kəndlisi bütün bunları olduqca ağır əmək vasitəsilə əldə edirdi. XIX əsrin 70-ci illərində isə, yəni II Aleksandrın fərmanı ilə imperiya ərazisindəki zəhmətkeşlər köləlikdən azad olduqdan sonra, bazar iqtisadiyyatının sürətli inkişafına rəğmən, elmi-texniki naliyyətlər də sürətlə inkişaf etməkdə idi. Həsən bəy bütün bunları xalqının nəzərinə çatdırmaq, onlara torpaqdan daha düzgün istifadə etmək qaydalarını başa salmaq istəyirdi. Təbii ki, o dövrdə televiziyanın, radionun, internetin olmadığı bir zamanda bunu yalnız və yalnız mətbuatla əldə etmək olardı. O zaman Qafqazın mərkəzi Tiflis şəhəri sayılırdı və bütün qanunlar da oradan idarə olunurdu. Həsən bəy də xalqı üçün mətbuat yaratmaqdan ötrü düz bir il altı ay, yəni 1873-cü ilin aprelindən 1874-cü ilin oktyabrına qədər Tiflis və Bakı dəftərxanaları arasında ayaq döydü.
Onu da qeyd etmək lazımdır ki, Çar Rusiyasının bir neçə ərazisində, ələlxüsus Moskva, Peterburq, Tiflis kimi şəhərlərində mətbuat artıq fəaliyyətdə idi. Həsən bəyi də üzən məsələlərdən biri də bu idi ki, onun xalqı kimi gürcülər, ermənilər də çar Rusiyasının təbəələri olsalar da, öz dillərində qəzetlər, jurnallar buraxırlar və təbii ki, bu da onları maarifləndirir, çox mətləblərdən agah edir.
Nəhayət ki, Həsən bəyin əzmkarlığı, qətiyyəti sayəsində o, Azərbaycan xalqının ən əlamətdar günlərindən biri sayılan gün gəlib çatdı. 1874-cü ilin 5 oktyabrında Həsən bəy “Əkinçi” qəzetinin nəşrindən ötrü icazə alandan sonra 1875-ci il 22 iyulda Bakı şəhərində doğma ana dilində qəzetin birinci sayı nəşr olundu. Lakin Azərbaycan xalqının maaariflənməsini istəməyən paxıllar və xəbislər Həsən bəyin qarşısına iri bir kötük sala bildilər. Belə ki, “Əkinçi” qəzetinin cəmisi 56 nömrəsi işıq üzü gördü və 1877-ci ilin sentyabrın 27-də sonuncu sayı nəşr olunan qəzet riyakar insanların məkri nəticəsində başlandı.

Onu da qeyd etmək lazımdır ki, Həsən bəy Zərdabinin Azərbaycan xalqına bəxşiş etdiyi “Əkinçi” qəzeti nəinki xalqın milli məfkurəsinin formalaşmasında öz müsbət təsirini göstərdi, eyni zamanda bir sıra sənətkarları öz ətrafında toplayıb “Əkinçi” ideyalarını ədəbi-ictimai fikir aynası ilə təbliğ etməyə başladı:

“1875-ci ildə Bakıda “Əkinçi” qəzetinin nəşrə başlanması Seyid Əzimin müasir məzmun, ictimai pafos qazanmasına və vətəndaş kimi formalaşmasına müsbət təsir göstərdi. Şair səsini H.B.Zərdabinin səsinə qoşdu. Ədəbi fəaliyyətini qəzetin ideya istiqamətinə uyğunlaşdırdı. Maarifçilik ideyalarını poetik dildə təbliğ etməyə başladı. O, baş mühərrirə göndərdiyi bir məktubda “Rəbiül-ətfal” (“Uşaqların baharı”) dərsliyindəki şeirlərin “Əkinçi” ideyaları və mövzuları ilə yaxınlıqdan söhbət açaraq yazırdı: “Öz türki lisanımızda çox asan ibrətlərlə bir türki-kitab nəzm etmişəm. Həmin kitabdan bu bir neçə əşar ki, bundan sonra yazılacaq, yazıb xidmətüvüzə isal elədim ki, sizin qəzetinizin məzmununda olan mətləblərə münasibdir”.

(Xeyrulla Məmmədov XIX əsr Azərbaycan Ədəbiyyatı Bakı-2006. Səh-173)

“Əkinçi”nin ideyaları eyni zamanda bir çox lazımı sahələrə istiqamətlənirdi:
“Ruznamə daxiliyyə, əkin və ziraət xəbərləri, mətbuat elmi xəbərlər və təzə xəbərlər başlıqları altında beş əsas qismə ayrılırdı. Elmi və ziraət xəbərləri qəzetin əsas hissəsi idi və burada kənd iqtisadi işlərini yeni üsulda qurmaq üçün elmi məqalələr yazılır, yol göstərilirdi. Bu məqalələrin çoxu Zərdabi tərəfindən yazılırdı. “Əkinçi” şəhərin kustar səneyisini tənqid edir və Azərbaycan şəhərlərində karxanalar qurulmasına çalışırdı”.
(Doktor Cavad Heyət “Azərbaycan Ədəbiyyatına bir baxış” Bakı-Yazıçı-1993. səh 166-167).

“Əkinçi” qəzeti bağlanandan sonra Həsən bəyi guya güzəşt olaraq Yekatetinadoraya və yaxud Kutaisiyə deyil, doğma Zərdabına on altı illiyə sürgün elədilər. Lakin jurnalistlik fəaliyyətini davam etdirən Həsən bəy Rusiyanın müxtəlif şəhərlərinə rus dilində yüzlərlə məqalələr göndərirdi.

1881-ci ildən etibarən isə 1895-ci ilə qədər Azərbaycan xalqının maariflənməsi, savadlanması və iqtisadi rifahının yüksəlməsi üçün milyonlarla vəsait sərf edən Hacı Zeynalabdin Tağıyevin vəsaiti ilə Bakıda açılan “Kaspi” qəzetinə xeyli məktublar, məqalələr göndərmiş, eyni zamanda sürgün vaxtı tamama yetib Bakı şəhərinə köçəndən sonra Əlimərdan bəy Topçubaşovun təklifi ilə məhz “Kaspi” qəzetinin redaktoru işlədiyi müddətdə “Kaspi” qəzetində yüzlərlə məqalə dərc etdirmiş, bununla yanaşı xalqın cürbəcür sıxıntıları, eyni zamanda bağçılıq, əkinçilik, heyvandarlığın, quşçuluğun inkişafına dair yoluxucu mikroblarla, o vaxt insanların ağır xəstələnməsinə və ölümünə səbəb olan malyariya ilə mübarizə üsullarını, ümumiyyətlə xəstəliklərlə mübarizə, kənd təsərrüfatındakı böhranları aradan qaldırmaq yolllarını göstərən, yeni kəşflərin tətbiqinə dair, bunlardan əlavə istər çar məmurlarının, istər sapı özümüzdən olan baltaların meşşanlığı, ədalətsizliyi, riyakarlığı, kələkbazlığı haqqında, bəzən sözaltı mənalarla, bəzən isə aşıq-aşkar dəlillərlə, bir çox hallarda bəzi neqativ ünsürləri satirik boyalarla boyayan məqalələr dərc etmiş, bundan əlavə də o dövrdə Qafqazda çox yayılan “Кафказ”, “Новое обозрение” qəzetlərinə dövrün vacib problemləri barədə məqalələr və məktublar göndərmişdir.

Həsən bəy Zərdabinin “Kaspi” qəzetində dərc etdirdiyi məqalə və məktublardan bir qismi də din pərdəsi altında xalqın qanını soran münafiqlər haqqındadır. Məsələn,qəzetin 1888-ci ildəki 195-ci sayında Həsən bəy Zərdabi fırıldaqçı din xadimlərinin timsalında “Şeyx Əli Baba”nın acgözlüyündən və kasıb əhalini soğan qabığı kimi soymasından yazır. Bu məktubdan elə bir abzası nəzərə gətirmək kifayətdir:
“Bir sözlə, Şeyx Əli Baba dini mərasimləri icra etməsi müqabilində ona nəzir edilən müxtəlif bəxşişlərdən, hədiyyələrdən əlavə, bir ildə on min rubla qədər pul alır. İndi görün, Qaracalıdan olan kəndli Əli Baba Zərdab kəndinə neçəyə başa gəlir? Hələ o biri kəndlərdən və köçlərdən nə qədər yığır?

İnanıram ki, heç bir mütəşəkkil quldur dəstəsi əhalidən bu qədər xərac ala bilmir”.
İslam dini olduqca mütərəqqi, cahanşümal, demokratik, işıqlı bir dindir. Həsən bəy xalqa din pərdəsi altında şarlatanlıqla, fırıldaqçılıqla məşğul olanlara inanmamağı, onlardan uzaq qaçmağı bu səpkili yazıları ilə bəyan edirdi və bununla da, münafiqlər tərəfindən dini cəhətdən maariflənməyinin əsrlər boyu qarşısı alınmış xalqı ayıldır, onun imkanı daxilində maarifləndirirdi.

Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi” qəzetinin məziyyətləri, özəllikləri, gözəllikləri hesaba gəlmirdi. Belə ki, qəzet Azərbaycanda uşaq ədəbiyyatının inkişafına olduqca güclü təkan vermişdi:
“1875-ci ildən nəşrə başlayan ilk milli mətbuat orqanı “Əkinçi” Azərbaycan maarifçilərinin o zaman üçün əsas ideya tribunası olur. Azərbaycan uşaq ədəbiyyatının inkişafına göstərdiyi təsir baxımından “Əkinçi” iki cəhətdən təqdirəlayiq iş görür; birinci cəhət qəzetin bütün gücü ilə, ümumiyyətlə realist ədəbiyyat uğrunda apardığı mübarizə ilə bağlıdır. Digər tərəfdən qəzet realist ədəbiyyatın tərkib hissəsi kimi, həm də realist uşaq ədəbiyyatını yaratmaq işinə xüsusi diqqət edirdi”.
(Məmməd Məmmədov, Yaqub babayev, Təyyar Cavadov. “Pedaqoji Mühit və Uşaq Ədəbiyyatı”. Bakı, “Maarif” Nəşriyyatı, 1982, səh. 29).
Azərbaycanda maarifçiliyin təməlini qoyanlardan biri Həsən bəy Zərdabi xalqın savadlanması yolunda da bacarığını əsirgəmir, istər publisistik çıxışlarında, istərsə də əməllərində bunu açıq-aşkar nümayiş etdirirdi. Onun Azərbaycan xalqına ən böyük xidmətlərindən biri də El atası Hacı Zeynalabdin Tağyevlə birlikdə 1901-ci ildə Bakı şəhərində qız məktəbinin açılmasıdır.
Həsən bəylə Hacı möhkəm dost idilər və onların aralarında elə bağlılıq var idi ki, Hacı Zeynalabdin Tağyev öz şəxsi malikanəsində Həsən bəyin ailəsi ilə birlikdə yaşaması üçün yer ayırmışdı. Qız məktəbinin açılmasının təşəbbüskarı da Həsən bəy Zərdabi idi. Təbii ki, Hacı bu işdə müsəlman qızların oxumasına mane olmaq istəyən mövhumatçı, xurafatçı kütlələrin qarşısında öz polad iradəsi ilə dayanmış, qız uşaqlarının oxumasına İslam dininin icazə verdiyini sübut etməkdən ötrü Məkkə, Mədinə kimi müqəddəs şəhərlərə nümayəndələr göndərib oradakı müctəhidlərdən, İslam alimlərindən bu barədə sənədlər aldırmış eyni zamanda bu işə mane olmaq istəyən erməniləri üzüqoylu yıxmaqdan ötrü çar Nikolayın özündən icazə kağızı almışdı. Lakin Hacı Zeynalabdin Tağıyevi bu işıqlı sabah vəd edən işə dəvət edən məhz Həsən bəy Zərdabi idi ki, məktəbdəki qızların savadlanması üçün istər ilahiyyat, istərsə də dünyəvi elmlər almaqlarından ötrü tədris proqramı tərtib etmişdi. Bunu da unutmaq olmaz ki, Həsən bəy Zərdabi 1896-cı ildə məktubla müraciət edərək müsəlman qızlar üçün məktəb açmağa vəsait ayrılmasını xahiş etmişdi. Lakin qubernator onun bu xahişini rədd etmişdi. Amma beş ildən sonra xalqın savadlanması yolunda son qəpiyini belə xərcləyən Hacı Zeynalabdin Tağıyev Zərdabinin arzusunu ləyaqətlə həyata keçirdi. Onu da qeyd etmək lazımdır ki, həmin məktəbin müdirəsi elə Hacı Zeynalabdin Tağıyevin təklifi ilə Həsən bəyin zövcəsi olduqca ziyalı bir qadın Hənifə xanım idi.

Tərəqqipərvər insan olan Həsən bəy Zərdabinin xidmətləri heyrətamiz və misilsizdir. O, Azərbaycan milli mətbuatının banisidir. Bu səbəbdən də, hər il iyul ayının 22-də məhz 1875-ci il iyulun 22-də milli məfkurəmizin inkişafından ötrü meydana gələn “Əkinçi” qəzetinin nəşrə başladığı gündür.
Bu, Azərbaycan xalqı üçün çox vacib və gərəkli qəzetin naşiri isə dahi ziyalımız Həsən bəy Zərdabidir.

ƏDƏBİYYAT SİYAHISI

1. Hüseyn Baykara. Azərbaycan İstiqlal Mübarizəsi Tarixi. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1992, 276 s.
2. Həsən bəy Zərdabi. Seçilmiş məqalələri və məktubları. Bakı, 2016, 912 s.
3. Xeyrulla Məmmədov. XIX əsr Azərbaycan Ədəbiyyatı. Bakı, 2006, 212 s.
4. Məmməd Məmmədov, Yaqub Babayev, Təyyar Cavadov. Pedaqoji mühit və Uşaq Ədəbiyyatı. Bakı, “Maarif” Nəşriyyatı, 1982, 288 s.
5. “Kaspi” qəzeti, 1888-ci il, №195.
6. Doktor Cavad Heyət. Azərbaycan Ədəbiyyatına bir baxış. Bakı, Yazıçı, 1993, 176 s.

Tarix: 18-07-2020, 17:05 Oxunub: 284


Bölməyə aid digər xəbərlər