23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Prezidentimiz hər zaman öz xalqının yanındadır

Prezidentimiz hər zaman öz xalqının yanındadırDüşmənin təxribatı öz əleyhinə işləyir, biz isə yenə də güclənirik
İşğalçı erməni ordusunun 2020-ci ilin iyul ayının 12-dən başlayaraq Ermənistan və Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi cinayət tərkibli təxribatlar növbəti dəfə Azərbaycan dövlətinin gücünü və qüdrətini, Azərbaycan Prezidentinin isə sözün əsil mənasında hər bir vətəndaşın prezidenti olduğunu və bütün hallarda hər zaman öz xalqını düşündüyünu bütün dünyaya nümayiş etdirdi. İyul ayının 20-də möhtərəm Prezidentimiz cənab İlham Əliyev “Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində həmin kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzaladı. Bu Sərəncamla mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın qısa müddətdə qiymətləndirilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə tapşırılıb. Hal-hazırda isə Sərəncamın icrası ilə bağlı Tovuz rayonunda işlərə başlanılıb və təcili tədbirlər həyata keçirilməkdədir. Bu məqsədlə yaradılmış mütəxəssislərdən ibarət İşçi Qrup artıq Tovuz rayonuna ezam olunub və yerində hərbi təcavüzdən zərər çəkmiş dinc əhalinin, onların əmlaklarının, dövlət obyektlərinin vəziyyətini öyrənməklə məşğuldur.

Birmənalı olaraq vurğulanmalıdır ki, hər bir Azərbaycan vətəndaşının qayğısı dövlətimiz tərəfindən ən yüksək səviyyədə çəkilir və möhtərəm Prezidentimiz əhalinin sağlamlığı, rifahı və təhlükəsizliyi ilə bağlı bütün məsələləri hər zaman özü şəxsən diqqət mərkəzində saxlayır. Gördüyümüz kimi, bu gün Tovuz rayonu istiqamətində döyüşlərdə şəhid olan bütün hərbi qulluqçuların ailələrinin qayğıları öyrənilir və onların həlli istiqamətində konkret addımlar atılır. Artıq dövlət başçımız cənab İlham Əliyevin tapşırığı ilə şəhid general Polad Həşimov və şəhid polkovnik İlqar Mirzəyevin ailəsinə ev verilib.

Eyni zamanda da ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən Tovuz istiqamətində şəhid olan 12 hərbçi ilə bağlı Heydər Əliyev Fonduna müvafiq tapşırıqlar verilib. Bundan sonra Şəhid olan hərbçilərin ailə üzvlərinin bütün qayğıları daim Fondun nəzarətində olacaq. Həmçinin, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozması nəticəsində həlak olmuş şəhid hərbi qulluqçuların ailələrinin sosial müdafiəsinin, məşğulluğunun təmin edilməsi məqsədilə müvafiq tədbirlərə başlanıb. Bu arada belə bir məqamı da xüsusi olaraq qeyd etmək lazımdır ki, indiyədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7600-ə yaxın mənzil və fərdi ev verilib ki, bu da həmin təbəqəni təmsil edən insanlarımıza göstərilən dövlət qayğısının ən bariz təzahürlərindən biridir.

Ümumiyyətlə cəbhəyanı bölgələrdə düşmən tərəfindən törədilən təxribatlar nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması məsələsi hər zaman dövlətimizin diqqət mərkəzindədir. O cümlədən 2016-cı il Aprel döyüşləri zamanı mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması məqsədilə möhtərəm Prezidentimiz cənab İlham Əliyev 2016-ci ilin may ayının 2-də müvafiq Sərəncam imzalamışdı. Həmin Sərəncama əsasən, mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Ağdam və Tərtər Rayon İcra Hakimiyyətlərinin hər birinə 3 milyon manat vəsait olmaqla 6 milyon manat vəsait ayrılmışdı. Dövlətimizin başçısı işin gedişini xüsusi nəzarətə götürmüşdü. İşlərin qısa müddətdə və keyfiyyətlə görülməsi üçün bütün qüvvələr səfərbərliyə alınmışdı. Ermənistan silahlı qüvvələrinin iriçaplı silahlardan və artilleriya qurğularından açdıqları intensiv atəş nəticəsində yaşayış məntəqələrində ciddi ziyan dəymiş evlərin və sosial obyektlərin tikintisi, təmiri və bərpası işləri altı ay ərzində başa çatdırılıb.

Tərtər rayonunda ciddi dağıntıya məruz qalmış 4 ev yenidən tikilib, 8 ev bərpa olunub. Həmçinin 19 evdə əsaslı, 231 evdə isə cari təmir işləri aparılıb. Bundan başqa, Tərtər şəhər 6 saylı tam orta və 120 şagird yerlik Qazyan kənd ümumi orta məktəblərində əsaslı təmir işləri görülüb.

Ağdam rayonunda 5-i üçotaqlı, 3-ü dördotaqlı olmaqla 8 ev yenidən tikilib, 15 ev tamamilə bərpa olunub, 27 ev əsaslı təmir edilib, 693 evdə cari təmir işləri görülüb. Bundan əlavə, bir məktəb və iki uşaq bağçasında əsaslı təmir işləri həyata keçirilib.

2 aprel 2016- cı il döyüşlərindən sonra möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yeni həyat bəxş etdiyi və “Böyük Qayıdış”ın rəmzinə çevrilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində görülən işlər isə bu deyilənlərə ən möhtəşəm misaldır. Bildiyimiz kimi, bu gün artıq Cocuq Mərcanlı kəndində yem emalı müəssisəsi, istixanalar və arıçılıq təsərrüfatları, inkubator məntəqəsi fəaliyyət göstərirlər.

Heç bir şübhə yoxdur ki, qısa müddət ərzində Tovuz rayonunda da dinc əhaliyə, yaşayış ərazilərinə, dövlət və bələdiyyə əmlakına, təsərrüfatlara, infrastruktura dəymiş ziyanın aradan qaldırılması ilə bağlı hökumət tərəfindən Tədbirlər Planı hazırlanaraq, yüksək səviyyədə həyata keçiriləcək. Beləliklə də düşmənin növbəti təxribatı yenə onun özünün əleyhinə çevriləcək, biz isə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında daha da güclənmiş şəkildə öz ali məqsədlərimizə çatacağıq.

Aqiyə Naxçıvanlı,
millət vəkili, professor.


Tarix: 23-07-2020, 12:12 Oxunub: 66


Bölməyə aid digər xəbərlər