10:04 / 28-11-2024
Qaxa 18 sm qar yağdı - Video
Qərbi Azərbaycan İcmasının Gənclər Təşkilatı və Gəncə nümayəndəliyi yaradıldı

Qərbi Azərbaycan İcmasının Gənclər Təşkilatı və Gəncə nümayəndəliyi yaradıldı16.08.2020-ci il tarixdə Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcması İdarə Heyətinin növbəti onlayn iclası keçirilmişdir.
İclası giriş sözü ilə açan təşkilat sədri, millət vəkili Əziz Ələkbərli ölkədə və regiondakı mövcud vəziyyət barədə ətraflı məlumat vermişdir. O, hazırda Türkiyə ordusunun Azərbaycan ordusu ilə birgə təlimlər keçirməsini yüksək qiymətləndirmiş, bunun Azərbaycan və Türkiyə qardaşlığının ən yüksək səviyyədə olması barədə dünyaya ciddi bir mesaj olduğunu bildirmişdir. “İllərdir Azərbaycan torpaqlarının işğal altında qalmasına göz yuman dünya Azərbaycanın son qətiyyətli addımları qarşısında nəinki gözlərini açmaq məcburiyyətində qalmış, hətta bəzi ölkələrin heyrətdən gözü kəlləsinə çıxmışdır. Bunu ölkə daxilində və xaricindəki beşinci kalon nümayəndələrinin son zamanlardakı vurnuxmaları da sübut edir. Onların bəziləri türk qoşunlarının Azərbaycanı dəstəkləməsindən narahatlıqlarını ifadə edir, bəziləri işğalçı düşməni və onun havadarlarını açıq-aşkar müdafiə edirlər. Görünür, “ağa”larından aldıqları son tapşırıqları yerinə yetirirlər. Lakin belələri bilməlidir ki, dövlətə, vətənə və millətə xəyanətdən böyük şərəfsizlik yoxdur və belələri ən sərt şəkildə cəzalandırılacaqlar. Bu məsələdə dövlət başçısının mövqeyi qətidir və Azərbaycan xalqı son nəfərinə qədər öz prezidentinin yanındadır”, – deyə Əziz Ələkbərli bildirmişdir.

İclasda çıxış edənlər son zamanlar bəzi separatçı qüvvələrin və gizli beşinci kalon nümayəndələrinin Qərbi Azərbaycanlılar adından müxtəlif formal qurumlar, hətta siyasi partiyalar yaratmağa, müsahibələr, bəyanatlar verərək Qərbi Azərbaycanlıları siyasi oyunlara cəlb etməyə çalışdıqlarını da bildirmiş, bunu qətiyyətlə pisləmiş və Qərbi Azərbaycanlılar adından danışmağa səlahiyyətli yeganə rəsmi qurum olaraq Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının həmişə olduğu kimi, bu gün də Azərbaycan dövlətinin və Azərbaycan xalqının yanında olduğunu, prezident İlham Əliyevin siyasi taktika və strategiyasını birmənalı şəkildə dəstəklədiyini bildirmişlər.

Sonra Azərbaycanda akkreditə olunmuş xarici dövlətlərin səfirlik, konsulluq, beynəlxalq, regional təşkilatlara Qərbi Azərbaycanlıların vətənə dönüşləri ilə bağlı Müraciətlərinin mətni müzakirə və qəbul olunmuşdur.

Qərbi Azərbaycan İcmasının Gənclər Təşkilatının yaradılması məsələsi ilə bağlı İcma sədrinin ideoloji məsələlər üzrə müavini Mirfaiq Mirheydərli məlumat vermişdir. İcmanın gənclər qolunun yaradılması zərurətindən danışan natiq bu təşəbbüsün gənclər tərəfindən irəli sürüldüyünü, təşkilatlanma işinin xeyli dərəcədə həyata keçirildiyini qeyd etmişdir. İclasda yekdilliklə gənc fəallar Namiq Muradov Qərbi Azərbaycan İcması Gənclər Təşkilatının sədri, Sabir Muradov isə sədr müavini eçilmişlər. Gənclər Təşkilatının digər müavin və struktur rəhbərlərinin növbəti iclasda təyin olunması qərara alınmışdır.

İclasda digər təşkilati məsələ kimi, Qərbi Azərbaycan İcmasının Azərbaycan Respublikasının şəhər və rayonları üzrə nümayəndəliklərinin yaranması məsələsinə də baxılmış, Mehman Allahverdiyev Gəncəbasar bölgəsi üzrə Qərbi Azərbaycan İcmasının nümayəndəsi təsdiq olunmuşdur. Sumqayıt şəhər üzrə nümayəndəliyin yaradılması isə Bəxşeyiş Aləmşahova həvalə edilmişdir.

İclasın sonunda cari məsələlərə baxılmış, Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının həyata keçirdiyi layihələrin icra vəziyyəti barədə məlumatlar dinlənilmişdir.

Müzakirə olunan məsələlər ətrafında Əziz Ələkbərli, Mirfaiq Mirheydərli, Fəqan Bəhrəmov, Səməndər Mehdiyev-Çaxmaqlı, Əbdüləli Həsənov, Binnət Əsgər, Polad Poladov, Ələsgər Məmmədov, Bəxşeyiş Ələmşahov, Bəxtiyar Abdullayev, Ramiz Əzizoğlu, Mehman Allahverdiyev, Namiq Muradov, Sabir Rüstəmov, Qasım Süleymanov, Ramin Abdullayev çıxış etmişlər.



Azərbaycan Qaçqınlar Cəmiyyəti və

Qərbi Azərbaycan İcmasının

Mətbuat Xidməti


Tarix: 17-08-2020, 09:03 Oxunub: 90


Bölməyə aid digər xəbərlər