Avqustun 31-də 13 şəhər və rayonda xüsusi karantin rejimi başa çatmalıdır; Baş infeksionist, deputat, həkim və ekspertdən fərqli mövqelər
Əgər uzadılmasa, avqustun 31-də Azərbaycanın 13 şəhər və rayonunda koronavirus pandemiyasına görə tətbiq edilmiş xüsusi sərtləşdirilmiş karantin rejimi başa çatmalıdır. Amma gedişatdan və infeksiya ilə bağlı gündəlik statistikadan belə nəticə hasil olur ki, Nazirlər Kabineti yanında Operativ Qərargah ən azı daha 20 gün karantin rejimini artıra bilər. Son bir həftədə yoluxanların sağalanları yenidən üstələməsi, rəsmilərin mərhələli yumşalma olacağı anonsları ehtimal yaradır ki, hökumət qadağaların hamısını ləğv etməyəcək.
Yoluxan, sağalan və ölənlərin sayında ciddi şəkildə artım olmasa da, Operativ Qərargahın son brifinqində verilən açıqlamalardan belə aydın olur ki, karantin həyatına davam etməli olacağıq. Həmçinin, ticarət mərkəzlərinin, regionlara gediş-gəlişin, yeni tədris ilinin ənənəvi şəkildə açılması ilə bağlı qəti fikir bildirmirlər. Belə məlum olur ki, məktəblər müəyyən məhdudiyyətlər çərçivəsində açılacaq, dərslər bir neçə gün olacaq, onlayn təhsilə üstünlük veriləcək. Habelə, toy-nişan, yas mərasimlərinin əvvəlki qaydada keçirilməsinə, bölgələrə gediş-gəlişin açılmasına tezliklə icazə vrilməyəcək.
Təhlilçilərin fikrincə, toy və yas mərasimləri Məhərrəmlikdən sonra ənənəvi formatda təşkil oluna bilər. Eynilə dərslərin də oktyabrdan sonra həmişəki qaydada keçirilməsi mümkün olacaq. Amma paralel olaraq pandemiyanın payız dalğası ilə bağlı həyəcanlı proqnozlar da var və bizi noyabr-dekabrda nə gözlədiyini bilmirik. Faktiki qonşularımızdan İranda yoluxma və ölüm artıb, Məhərrəmlik qadağası var, Rusiyada sentyabrın 1-dən test vermək şərti ilə tədris normal şəkildə başlayacaq, Türkiyədə də həyat axarında davam edir, di gəl ki, bu ölkələrdə yoluxmalar kəskin artıb.
İspaniyada yayın əvvəllərində yoluxmalar kəskin azalaraq ikirəqəmli həddə düşmüşdüsə, bu göstərici son vaxtlar yenidən pisləşməyə başlayıb, məsələn, avqustun 20-də gündəlik 6671 yoluxma qeydə alınıb. Eyni zamanda COVID-19-dan ölüm hallarının da sayı xeyli artıb.
Respublikanın Baş infeksionisti Cəlal İsayev “Yeni Müsavat”a bildirdi ki, karantinin uzadılıb-uzadılmamasına Operativ Qərargah qərar verəcək. C.İsayev hesab edir ki, qarşıda bir neçə gün var və gedişatı gözləmək lazımdır. Onun fikrincə, yoluxmalarda müəyyən artım var və bu da tövsiyələrə əməl etməməklə əlaqəlidir. Baş infeksionist karantin qadağalarının tam ləğvinin tərəfdarı deyil: “Müəyyən qadağalar saxlanmalıdır. Bütün karantini ləğv etmək də düzgün olmaz. Amma bəzi qadağaları ləğv etmək olar. Məktəblərdə yuxarı siniflərin və universitetlərin onlayn dərs keçməsi daha yaxşıdır, aşağı siniflər isə ənənəvi formada oxusunlar. Çünki onlayn tədris aşağı siniflərə heç nə verməyəcək. Amma karantinin uzadılması bizim səlahiyyətimizdə deyil və epidemiya ilə bağlı vəziyyətə baxılmalıdır”.
Professor Adil Qeybulla bildirib ki, sentyabrın 1-dən sonra rayonlara gediş-gəlişin açılması, toyların keçirilməsinə icazə verilməlidir. “İnsanlar 6 aydan yuxarıdır ki, gözləyirlər. Bu işlərin formatını düşünmək lazımdır. Hansı formada toylar baş tutacaq, qapalı mühitdə insanlar necə davranacaq və s. kimi sualların cavabları verilməlidir”, deyə o bildirib.
A.Qeybulla hesab edir ki, bundan sonra müxtəlif bəhanələrlə insanları “evdə qal”a qaytarmaq onların əsəb sistemi ilə oynamaq deməkdir: “Bu, onları böyük bir depresiyaya məruz qoymaqdır. Əksinə, maarifləndirici tədbirlər həyata keçirmək lazımdır ki, insanlar öz həyatlarını qura bilsinlər. Qadağaların hamısı ləğv olunmalıdır. Karantin davranışlarına isə ciddi əməl olunmalıdır”.
Yeni tədris ilinə gəlincə, təhsil eksperti Kamran Əsədov deyib ki, dövlət tərəfindən 2020-2021-ci tədris ilinin hansı formada başlanması ilə bağlı qərarın hələ də olmaması dərslərin onlayn olacağına ehtimalları artırır.
Onun sözlərinə görə, qüvvədə olan qanuna əsasən, bilik gününə 20 gün vaxt qalıb: “Valideynlər yeni tədris ili üçün hazırlıq görməyiblər, birdən-birə buna icazə vermək böyük sıxlığa səbəb ola bilər. Düşünürəm ki, məktəblər mərhələli şəkildə açıla bilər. Məsələn, 10-15 sentyabrda ibtidai siniflərdən 1 və 3-cü siniflər 1-3-5-ci günlər, 2 və 4-cü siniflər 2-4-6-cı günlər dərsə başlaya bilər. Əgər yoluxma sayında ciddi artım, şagirdlər və müəllimlər arasında yoluxma halları olmasa, 5-9-cu siniflər də sentyabrın sonunda dərsə başlaya bilər”.
K.Əsədov qeyd edib ki, pandemiya dövründə tədrisin bərpası çox riskli və böyük məsuliyyət tələb edən addımdır: “Məktəblərdə dezinfeksiya işləri aparılmalı, lazimi infrastruktur qurulmalıdır”.
Deputat Azər Badamov isə redaktor.az-a bildirib ki, son günlər yoluxmaların sayı ilə sağalanların sayı təxminən eyni səviyyə çatıb, bu da yeni yumşaldıcı qərarların qəbul olunmasına zəmin yaradır. Onun sözlərinə görə, dünyada da artıq karantin qaydalarında bir sıra yumşaldılmalar həyata keçirilir: “Düşünürəm ki, Operativ Qəragah ölkəmizdə də yaxın zamanlarda yumşalmalar həyata keçirəcək. Bütün bunlarla yanaşı tibbi maskanın taxılmasına və xüsusi qaydalara riayət olunmasına nəzarət gücləndirilməlidir.Hazırda vəziyyət ondan ibarətdir ki, biz koronavirusla yanaşı yeni qaydalara uyğun həyat-şəraitinə uyğun yaşamalıyıq”.
Bölməyə aid digər xəbərlər