Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Minaaxtaran İti (MAİ) minatəmizləmə və insanların həyatının xilas edilməsi fəaliyyətində fərqləndiyinə görə 2020-ci ilin qalibi seçilib.
Bu barədə Agentlikdən məlumat verilib.
Bildirilib ki, Agentlik öz fəaliyyəti çərçivəsində bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Qeyd olunub ki, belə təşkilatlardan biri də Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin himayəsi altında fəaliyyət göstərən Marşal İrsi İnstitutudur (MLİ):
"Agentlik 2005-ci ildən başlayaraq indiyədək ABŞ-ın Marşal İrsi İnstitutu ilə əməkdaşlıq edir. ABŞ Dövlət Departamentinin və fərdi donorların dəstəyi ilə Marşal İrsi İnstitutu Azərbaycan minatəmizləmə proqramına 36 baş minaaxtaran it və 4 baş partlayıcı axtaran it (əvvəllər İraqda Sülhməramlı missiya çərçivəsində antiterror əməliyyatlarında istifadə olunmuş) hədiyyə etmiş və həmin itlər Agentlikdə akkreditasiya və təlim keçmişdir. Hal-hazırda həmin itlərdən Agentliyin yerinə yetirdiyi təcili təxirəsalınmaz əməliyyat-axtaraş tədbirlərində istifadə olunur.
Azərbaycan minatəmizləmə proqramında fəaliyyət göstərən minaaxtaran itlər Əfqanıstanda, İraqda və digər qaynar bölgələrdə xüsusi anti-terror əməliyyatlarında iştirak etmiş və təlim keçiblər. Amerika Birləşmiş Ştatlarının Marşal İrsi İnstitutu (MLİ) tərəfindən hər il keçirilən yarışmada minatəmizləmə və insanların həyatının xilas edilməsi fəaliyyətində fərqləndiyinə görə ANAMA-nın Minaaxtaran İtlər (MAİ) Qrupunun MAİ bələdçisi Loğman Namazov və partlayıcı axtaran iti KORA (cinsi: Alman çoban iti) 2020-ci il üzrə qalib seçilib.
KORA 2014-cü ildən indiyədək Azərbaycanın Ağcabədi, Ağdam, Tərtər, Füzuli, Goranboy, Qəbələ, Qazax və Ağstafa kimi müxtəlif regionlarında 321 683 kvadrat metrdən çox ərazini yoxlayıb. Bu müddət ərzində o, 2 ədəd piyada əleyhinə mina, 5 ədəd piyada əleyhinə mina parçası, 3 ədəd tank əleyhinə mina parçası, saysız-hesabsız güllə və partladıcı qırıntıları aşkar etmişdir. 32 ailə, 8 məktəb və 2100 nəfər bu itin zəhmətindən bəhrələnib. KORA 38 ferma və 17 otlaq sahəsinin təmizlənməsində iştirak etmişdir. KORA 9 yaşında olmasına baxmayaraq, bu sahədəki gənc MAİ-lərdən geri qalmamaqdadır.
Qeyd etmək istərdik ki, ABŞ-nın Marşal İrsi İnstitutu tərəfindən 2013-cü il üzrə aparılan seçimdə ANAMA-nın MAİ bələdçisi Mansur Aslanov və onun NİKO adlı minaaxtaran iti, 2018-ci ildə isə MAİ bələdçisi Vahid Məmmədov və ESGİMO-Rocket adlı minaaxtaran iti qalib seçilib.
Artıq neçə illərdir ki, hər il üzrə qalib müəyyənləşdikdən sonra Amerika Birləşmiş Ştatlarının Marşal İrsi İnstitutu (MLİ) tərəfindən Vaşinqton şəhərində təntənəli şəkildə tədbir keçirilir və ilin qalibinə mükafat təqdim edilir.
Hal-hazırda COVİD-19 pandemiyası ilə əlaqədar olaraq, Amerika Birləşmiş Ştatlarının Marşal İrsi İnstitutu (MLİ) tərəfindən 2020-ci il üzrə tədbir virtual şəkildə (onlayn rejimdə) keçiriləcəkdir və həmin tədbirdə qalib seçilmiş MAİ-in minatəmizləmə əməliyyatlarındakı fəaliyyətini əks etdirən video süjet Agentlik tərəfindən hazırlanaraq təqdim olunacaq".
Bölməyə aid digər xəbərlər