23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Leyla Əliyevanın təşəbbüsü ilə Ermənistanın ekoloji terroru barədə dəyirmi masa keçirilib - FOTO

Leyla Əliyevanın təşəbbüsü ilə Ermənistanın ekoloji terroru barədə dəyirmi masa keçirilib - FOTOHeydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 6 noyabr 2020-ci il tarixində “Ermənistanın Azərbaycana qarşı ekoloji terroru” adlı onlayn dəyirmi masa keçirilib.

GununNebzi.az xəbər verir ki, Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə təbii sərvətlərin məhvi, ölkəmizin müxtəlif rayonlarında yerləşən mülki obyektlərin atəşə tutulması nəticəsində baş verən meşə yanğınları fonunda keçirilən tədbir həmçinin 6 noyabr - Beynəlxalq Ətraf Mühitin Müharibə və Hərbi Münaqişələr Zamanı İstismar Edilməsinin Qarşısının Alınması Gününə təsadüf edilib.

IDEA İctimai Birliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Yaşıl şəbəkə” ekoloji hərəkatının gənc ekoliderləri və EkoSfera Sosial-Ekoloji Mərkəzinin birgə əməkdaşlığı ilə təşkil edilən dəyirmi masanın əsas məqsədi müzəffər Azərbaycanın ordusunun işğaldan azad etdiyi Qarabağ ərazisində və cəbhə boyu digər bölgələrdə erməni terrorçularının törətdiyi ekoloji cinayətlər, düşmənin torpağımızın təbii resurslarının vəhşicəsinə istismarı barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması və məsələyə diqqətin cəlb edilməsidir.

“Ermənistanın Azərbaycana qarşı ekoloji terroru” onlayn dəyirmi masada Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər naziri müavini Vüqar Kərimov, Təhsil nazirinin müavini Firudin Qurbanov, IDEA İctimai Birliyinin icraçı direktoru Surxay Şükürov, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, EkoSfera Sosial-Ekoloji Mərkəzinin rəhbəri, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə tərəfindən təqdimatlar və çıxışlar edilib.

Dəyirmi masada iştirak edən KİV nümayəndələrinin, ekokönüllülərin və gənc ekoliderlərin diqqətinə Ermənistanın Azərbaycana qarşı ekoloji terror həyata keçirməsi, işğal edilmiş ərazilərimiz də daxil olmaqla, təbii resursları kortəbii şəkildə istismar etməsi, ətraf mühitin ekoloji tarazlığını pozması və istehsal tullantıları ilə içməli su hövzələrini çirkləndirməsi barədə məlumatlar çatdırılmışdır. Bununla yanaşı, tədbir zamanı Azərbaycanın təcavüzə məruz qalmış təbii resurslarının bərpa edilməsi, habelə gənclərin bu prosesə cəlb edilməsi və potensial rolu məsələləri müzakirə edilib.

Tədbir iştirakçıları BMT-nin “6 noyabr - Müharibə və hərbi münaqişələr zamanı ətraf mühitin istismarının qarşısının alınması Beynəlxalq Günü” ilə əlaqədar hər kəsi dünyanın bütün ekoloji təşkilatlarını və geniş ictimaiyyətin məlumatlandırılmasını həyata keçirməyə, Ermənistanın ekoloji aqressiv-terrorçu niyyətlərinə qarşı etirazınızı bildirməyə səsləyir.


Tarix: 6-11-2020, 21:21 Oxunub: 266


Bölməyə aid digər xəbərlər