Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, V.Plotnikov və M.Qaşqay küçələrinin kəsişməsində inşa edilmiş yaşayış kompleksində plandankənar yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, aşkar edilmiş nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
FHN-dən verilən məlumata görə, vətəndaşın şikayəti əsasında Xidmət tərəfindən ötən il dekabrın 2-də sözügedən yaşayış kompleksində Ədliyyə Nazirliyinin rəsmi reyestrindən əldə edilmiş “Çıxarış” əsasında yanğın-texniki müayinə aparılıb və yaşayış kompleksinin zirzəmi mərtəbəsində yerləşən avtodayanacaq sahəsində xidmətlərin göstərilməsinin dayandırılması haqqında qərar qəbul edilib. Lakin, adıçəkilən obyektin rəhbərliyi qəbul edilən qərara məhəl qoymadan avtodayanacaq sahəsində xidmətlərin göstərilməsini davam etdirib və bununla bağlı inzibati qaydada tədbir görülüb. Ötən müddət ərzində əlavə olaraq yaşayış binasının 1 və 2-ci mərtəbələrində normativ sənədlərlə reqlamentləşdirilən yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinə kobud surətdə əməl olunmadan ticarət fəaliyyətinə yol verib. Belə ki,
- lak, boya və digər asan alışan maddələrin saxlanılması və satışına yol verilib;
- layihədənkənar işlər aparılaraq ticarət sahələrinin biri-birindən ayrılması məqsədilə yanar materiallardan arakəsmələr quraşdırılıb, yanğın yükünün süni şəkildə artırılması ilə yanaşı, hadisə zamanı insanların təhlükəsiz və qısa müddət ərzində təxliyəsinə məhdudiyyət yaradılıb;
- avtomatik tüstü xaricetmə, yanğınxəbərverici siqnalizasiya və yanğınsöndürmə qurğuları quraşdırılmayıb;
- quraşdırılmış daxili yanğın kranlarının bir çoxu lülə və şlanqlarla dəstləşdirilməyib, nömrələnməsi və möhürlənməsi təmin edilməyib;
- baş verə biləcək yanğınların söndürülməsi üçün yanğın su hovuzu və ya hidrantlar nəzərdə tutulmayıb;
- normativ sənədlərin tələblərinə uyğun olaraq zəruri sayda odsöndürənlərlə təmin edilməyib;
- elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb;
- həyətyanı sahənin təyin olunmayan yerlərində nəqliyyat vasitələrinin park edilməsi səbəbindən yanğın texnikalarının binaya yaxınlaşması məhdudlaşdırılıb.
Sadalanan yanğına qarşı çatışmazlıqlarla bağlı obyektin məsul şəxsləri barəsində inzibati xəta haqqında protokollar tərtib edilib və yanğının baş vermə riskinin və nəticələrinin minimuma endirilməsi məqsədilə müvafiq qanunvericiliyin tələblərini rəhbər tutaraq müraciətimiz əsasında qeyri-yaşayış sahəsinin elektrik enerjisi təchizatı 4 fevral 2021-ci il tarixindən dayandırılıb
Bölməyə aid digər xəbərlər