23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Kamran Əliyev yenidən vitse-prezident seçildi

Kamran Əliyev yenidən vitse-prezident seçildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstəriş və tövsiyələrinə uyğun olaraq Azərbaycan Respublikasının prokurorluq orqanları xarici ölkələrin prokurorluq orqanları və nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən dünya prokurorlarının ilk və yeganə qlobal təşkilatı olan və 170-dən çox dövlətin üzvü olduğu Beynəlxalq Prokurorlar Assosiasiyası (BPA) ilə səmərəli qarşılıqlı əməkdaşlığını davam etdirir.

Baş Prokurorluqdan bildirilib ki, 20-21 oktyabr tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində hibrid formatda BPA-nın İcraiyyə Komitəsinin 52-ci iclası və 26-cı illik ümumi yığıncağı keçirilib. Tədbirlərdə Baş prokurorlar daxil olmaqla, prokurorluq orqanlarının rəhbər şəxsləri, nüfuzlu beynəlxalq təşkilatların yüksək vəzifəli nümayəndələri iştirak ediblər.

Hər iki iclasda ölkəmiz Azərbaycan Respublikasının Baş prokuroru, Assosiasiyanın İcraiyyə Komitəsinin üzvü və vitse-prezidenti Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti tərəfindən təmsil olunub.

Oktyabrın 20-də İcraiyyə Komitəsinin açılış iclasında Assosiasiyanın müvafiq komitələrinə yeni üzvlərin qəbulu həyata keçirilib, dünya prokurorlarının fəaliyyətini təkmilləşdirmək məqsədi daşıyan bir sıra təşkilati məsələlər, həmçinin qurumun fəaliyyətinin təşkili üçün zəruri olan hesabat və sənədlər müzakirə olunub.

İclasda çıxış edən Baş prokuror Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatlar çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin və strukturunun təkmilləşdirilməsi istiqamətində aparılmış hərtərəfli və institusional tədbirlər, kadr potensialının gücləndirilməsi, yeni nəsil prokurorların formalaşdırılması və peşəkarlığının artırılması, habelə prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsi və işçilərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə əlaqədar əldə olunmuş uğurlu nəticələr barədə ətraflı məlumat verib.

BPA-nın İcraçı Direktoru xanım Yanne Holst Hübner tərəfindən ölkəmizin Assosiasiyanın işində fəal iştirakı, təşəbbüskarlığı və səmərəli təmsilçiliyi qeyd olunmaqla Respublika Baş Prokurorluğunun BPA-nın fəaliyyətində verdiyi dəyərli tövhələrə görə təşəkkür ifadə olunub.

Bundan əlavə, BPA-nın Baş konsulu Qari Len Balç tərəfindən Assosiasiyanın elektron səhifəsinin mühüm bölümü olan Korrupsiyaya qarşı Mübarizə aparan Prokurorlar Şəbəkəsinin (NACP) fəaliyyətinin təkmilləşləşdiriməsində Azərbaycan Prokurorluğunun aparıcı rolunu və hərtərəfli dəstəyini vurğulamaqla bu sahədə tərəfdaşlığın uğurla davam etdiyini bildirib.

İcraiyyə Komitəsinin iclası çərçivəsində, Türkiyə Respublikasının Baş Prokurorluğu tərəfindən 2023-cü ildə BPA-nın 10-cu Şərqi Avropa və Orta Asiya Regional Konfransının İstanbulda keçirilməsinə dair irəli sürülmüş təklif müzakirəyə çıxarılaraq sözügedən Konfransın 2023-cü ilin may ayında Türkiyədə keçirilməsinə dair müvafiq qərar qəbul edilib.

Oktyabrın 21-də keçirilmiş Assosiasiyanın 26-cı Ümumi Yığıncağında BPA-nın prioritet istiqamətləri üzrə görülən işlər nəzərdən keçirilmiş, habelə qurumun Maliyyə nəzarəti və Çətin vəziyyətdə olan prokurorlar komitələrinin protokolları qəbul edilmişdir. Eyni zamanda, həmin komitələrin tərkibi ilə bağlı səsvermə aparılmaqla, BPA-nın İcraiyyə Komitəsinə hazırda müvafiq regionlarda fəaliyyət göstərən və vakant olan regionlar üzrə yeni üzvlərin qəbulu həyata keçirilib.

Ümumi Yığıncaq zamanı keçirilmiş müvafiq seçkilər nəticəsində 2010-cu ildən etibarən BPA-nın İcrayyə Komitəsinin üzvü, 2018-ci ildən etibarən isə vitse-prezidenti vəzifəsini daşıyan Baş prokuror Kamran Əliyev növbəti dəfə 3 illik müddətə BPA-nın Vitse-prezidenti vəzifəsinə yekdilliklə seçilib.

Göstərilənlərlə yanaşı, nümayəndə heyətinin üzvləri tədbir çərçivəsində təşkil edilmiş müxtəlif iclas və sessiyalara qatılaraq müzakirələrdə fəal və səmərəli iştirak edib, eləcə də bir sıra xarici ölkələrin prokurorluq əməkdaşları və beynəlxalq təşkilatların üzvləri ilə ikitərəfli və çoxtərəfli görüşlər keçirib.

Tarix: 21-10-2021, 22:53 Oxunub: 290


Bölməyə aid digər xəbərlər