23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Karantin rejimi qaydalarını pozan sahibkar həbs edildi

Karantin rejimi qaydalarını pozan sahibkar həbs edildiÖlkəmizdə dövlət strukturlarının əhalinin sağlamlığının qorunması, digər sahələr üzrə xidməti fəaliyyətin təşkili istiqamətində səfərbər olunduğu vaxtda mövcud vəziyyətdən öz maraqları naminə istifadə edərək, vətəndaşların və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, hakimiyyət orqanlarının işinə maneə törədən hüquqazidd əməllərə qarşı prokurorluq orqanları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Qaradağ rayon sakini Cavanşir Dilavərovun ölkə ərazisindəki xüsusi karantin rejiminin tələblərini pozaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı daxil olmuş məlumat əsasında Qaradağ rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı Cavanşir Dilavərovun sanitariya-gigiyena və karantin qaydalarını pozaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla yaşadığı evin zirzəmisində çayxana işlətməsinə əsaslı şübhələr müəyyən edilib.

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində qeyd edilən obyektin fəaliyyət göstərməsi və orada müştərilərin olması müəyyən edilib, eyni zamanda Cavanşir Dilavərovun törətmiş olduğu qanunsuz əməlləri etiraf etməsi audio-video çəkilişlə qeydə alınıb.

Faktla bağlı toplanmış material üzrə Qaradağ rayon prokurorluğunda İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanıb və qanunvericiliyin tələblərinə əsasən qərar qəbul edilməsi üçün aidiyyəti üzrə Qaradağ rayon məhkəməsinə göndərilib.

Məhkəmənin müvafiq qərarına əsasən Cavanşir Dilavərov inzibati məsuliyyətə cəlb olunaraq barəsində 10 gün müddətinə inzibati həbs seçilib.

Bundan başqa, xüsusi karantin rejiminin tələblərinə zidd olaraq Emin Qədimov, Sahib Həmidli və Vüsal Məhərrəmlinin ölkə ərazisi üzrə nəzərdə tutulan SMS icazəsi olmadan küçədə hərəkət etdikləri müəyyən edildiyinə görə barələrində Xətai rayon prokurorluğu tərəfindən İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatlar başlanaraq, qanunvericiliyin tələblərinə əsasən qərar qəbul edilməsi üçün aidiyyəti üzrə Xətai rayon məhkəməsinə göndərilmiş və məhkəmənin müvafiq qərarları ilə hər 3 şəxs barəsində cərimə və inzibati həbs növündə inzibati tənbeh tədbirləri tətbiq edilib.

Baş Prokurorluq vətəndaşlara müraciət edərək xüsusi karantin rejiminin tələblərinə riayət olunmasına, o cümlədən hər hansı qanunsuz fəaliyyətlə məşğul olmamağa çağırıb. Qeyd olunub ki, xüsusi karantin rejiminin tələblərinə əməl etməyərək qanun pozuntularına yol vermis şəxslərin daha ciddi məsuliyyət tədbirlərinə cəlb edilmələri təmin olunacaq.


Tarix: 9-07-2020, 16:12 Oxunub: 106


Bölməyə aid digər xəbərlər