15:37 / 26-11-2024
Bu hakimlər ezam edildi - Foto
21:16 / 25-11-2024
Ədalət Verdiyev həbs edildi
21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Azərbaycanda iki bacı ilə evlənən keçmiş məhkumların SENSASİON PLANI - 300 minlik dələduzluq

Azərbaycanda iki bacı ilə evlənən keçmiş məhkumların SENSASİON PLANI - 300 minlik dələduzluqAzərbaycanda həbsxanadan çıxan iki dost iki bacının başına ağla gəlməyəcək oyunlar açıblar. Əvvəlcə onlarla ailə həyatı qurublar. Sonra isə müxtəlif bəhanələr və yalanlarla onların külli miqdarda pulunu ələ keçiriblər. Oxuduqca inandırıcı gəlmir, sanki hansısa bir rejissorun sensasiya xətrinə yazdığı ssenaridir. Lakin hadisə tamamilə realdır...

Söhbət Elçin Fətəliyev və Nizami Səfiyevin əməllərindən gedir.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 1972-ci il təvəllüdlü Elçin Fətəliyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsində 7 il 6 ay, 1963-cü il təvəllüdlü Nizami Səfiyev isə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, daha əvvəl məhkumluq həyatı yaşamış Elçin Fətəliyev özünü Bənövşə Əliyevaya subay kimi təqdim edərək onunla tanış olub.

İstintaq orqanı belə qənaətə gəlib ki, Elçin Fətəliyev Bənövşə Əliyevanın Masallı şəhərində qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olduğunu, subay olduğunu bilib, aldatma və etibardan sui-istifadə etmə yolu ilə onun külli miqdarda əmlakını ələ keçirmək qərarına gəlib.

Bu məqsədlə Bənövşə Əliyevaya evlilik təklif edib. 2009-cu ildə keçirilmiş toy məclisindən sonra Elçin Fətəliyev arvadı Bənövşə Əliyevadan müxtəlif məbləğlərdə pul alıb.

Qeyd edək ki, bu toya qədər Elçin Fətəliyev evli olub, himayəsində də azyaşlı övladı var imiş.

Elçin Fətəliyev planının ilk mərhələsini keçdikdən sonra Bənövşə Əliyevadan pul almağa başlayıb. İlk olaraq 2009-cu ilin avqust ayında Bənövşə Əliyevadan 30 min manat alıb. Səbəb kimi də deyib ki, Gəncədə qəza törədib və məsuliyyətə cəlb edilməməsi üçün lazımdır.

Araşdırmalar zamanı o da məlum olub ki, Elçin Fətəliyev rəsmi arvadını Bənövşə Əliyevaya öz bacısı kimi təqdim edib. Buradan da belə qənaətə gəlmək olur ki, Elçinin ilk arvadının da bu plandan xəbəri var imiş.

2009-cu ilin noyabr ayında Elçin Fətəliyev B.Əliyevadan 4500 manat pul alıb. Səbəb kimi isə göstərib ki, bacısı kimi təqdim etdiyi birinci arvadının adına olan maşını Bənövşə Əliyevanın adına rəsmiləşdirəcəkmiş.

E.Fətəliyev 2010-cu ilin fevral ayında isə B.Əliyevadan 17 min manat alıb. Bu zaman isə avtomobil ehtiyat hissələri və qızıl-zinət əşyalarının satışı ilə məşğul olacağını deyib.

İttihamda göstərilir ki, Elçin Fətəliyev 2010-cu ilin avqust ayında Bənövşəni aldadıb ki, guya saxta şəxsiyyət vəsiqəsi düzəltdiyi üçün saxlanılıb. Bu işi "həll etmək" üçün ona 30 min manat lazımdır. B.Əliyeva bu yalana da inanıb.

Yalanlar bununla da bitməyib. Elçin Fətəliyev 2012-ci ildə Bənövşə Əliyevadan 4 min manat alıb ki, guya İrana müalicəyə gedir.

E.Fətəliyev hətta övladları olmamasından istifadə edərək Bənövşə Əliyevaya qarşı dələduzluq edib. Bənövşə Əliyevaya deyib ki, İrandan həkim gəlib və süni mayalanma üçün 5 min manat lazımdır. Bu məbləği də alan Elçin Fətəliyev şəxsi ehtiyaclarına xərcləyib.

İttihamda yazılır ki, Elçin Fətəliyev 2013-cü ildə özünə maşın almaq adı ilə Bənövşə Əliyevadan 21 min manat alıb.

Ardınca isə Bənövşə Əliyevadan uşağı olmadığı üçün İrandan müalicəsinə dərman gətirmək adı ilə 7 min manat alıb.

Elçin Fətəliyevin Bənövşə Əliyevadan pul qoparmaq əməliyyatı yenə də davam edib. 2015-ci ildə işə düzələcəyi yalanı ilə Bənövşə Əliyevadan 10 min manat alıb.Məlum olub ki, Elçin Fətəliyev Bənövşə Əliyevanın qardaşı Alışan Əliyevə qarşı da dələduzluq edib. O, Alışan Əliyevdən hərbi xidmətdə olan oğlunun iş yerini dəyişdirəcəyi vədi ilə 13 min manat alıb. Elçin Fətəliyev cinayət əməlini bununla yekunlaşdırmayıb. O, həbsxana yoldaşı Nizami Səfiyevi Bənövşə Əliyevaya banklardan birinin əməliyyatçısı, dostu "Zamin" kimi təqdim edib.

"Zamin"in Bənövşə Əliyevanın bacısı ilə evlənməsi planını quran Elçin Fətəliyev buna nail olub. "Zamin" də evli olduğu halda Bənövşənin bacısı ilə evlənir. Elçin Fətəliyevin məqsədi Bənövşə Əliyevanın "Zamin"ə olan etibarını möhkəmləndirmək olub. Bundan sonra Elçin Fətəliyev Nizami Səfiyevlə birlikdə Bənövşə Əliyevadan 19.746 manat dəyərində olan şəxsi qızıl-zinət əşyalarını satmaq adı ilə alıblar.

Elçin və Nizami daha bir plan qurublar. Bu dəfə də məqsəd Bənövşə Əliyevadan pul almaq olub. Bu dəfə Elçin Bənövşə Əliyevaya deyib ki, Nizami MTN tərəfindən saxlanılıb. Nizaminin buraxılması üçün lazım olan 75 min manatı Bənövşə Əliyeva Elçinə verib.

Növbəti plan isə daha maraqlı olub. Elçin arvadı Bənövşəyə deyib ki, dostu Nizaminin problemi var. Bu problemin həll olunması üçün mollalara dua oxutdurmalıdır. Buna görə də Elçin Bənövşə Əliyevadan 6 min manat pul alıb.

Bunlar azmış kimi Elçin yenidən dostu Nizaminin həbs edildi yalanı ilə B.Əliyevadan 8950 manat dəyərində şəxsi qızıl-zinət əşyalarını və 3 min manat pulunu alıb.

Bütün bu yalanlara Bənövşə Əliyevanın ümumilikdə 305.196 manat məbləğində və dəyərində olan, müvafiq olaraq pul və qızıl-zinət əşyaları ələ keçirilib.

Nizami Səfiyev ittihamla özünü təqsirli bilmir. Deyir ki, Elçin Fətəliyevlə Bənövşə arasında olan pul söhbətlərindən xəbəri yoxdur. O, Elçin dəvəti ilə bir neçə dəfə Masallıya getdiyini, sonra da Bakıya qayıtdığını deyib.

"Bənövşə Əliyeva mənim həbsdən çıxmağım üçün pul veribsə, niyə bircə dəfə bu haqda mənimlə danışmayıb? Onun pul verməsini özündən başqa heç kim təsdiq etmir",- deyə N.Səfiyev bildirir.

Bənövşə Əliyeva isə hər iki şəxsə daha ağır cəza verilməsini istəyib.

Onlar apellyasiya şikayəti veriblər. Şirvan Apellyasiya Məhkəməsi şikayətləri təmin etyub və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

Məhkəmə hökmü də yazılır ki, zərərin 70 min manatını Nizami Səfiyev 240 min manata yaxınını isə Elçin Fətəliyev ödəməlidir. (musavat.com)


Tarix: 23-08-2020, 14:30 Oxunub: 149


Bölməyə aid digər xəbərlər