Naxçıvan Muxtar Respublikasında yerləşən dövlət qurumlarından birinə məxsus hərbi hissənin keçmiş əməkdaşı həbs edilib.
GununNebzi.az qafqazinfo -ya istinadən xəbər verir ki, 1994-cü il təvəllüdlü Qasım Alıyev (şərti) bu ilin 14 iyul tarixində rəhbərliyin təqdimatı əsasında nazirin əmri ilə ehtiyata buraxılıb. Onun xidmətə uyğunsuzluğu əsas gətirilib və hərbi hissə komandiri sıranın önündə Q.Alıyevin xidmətdən kənarlaşdırılması barədə əmri oxuyub.
Bunu özünə sığışdıra bilməyən və komandirin ona qərəzli münasibətdə olduğunu düşünən Q.Alıyev sonra instaqramda qadın adı ilə saxta profil açıb. O, “Gulya” adı ilə açdığı profildə hərbi hissə komandirinin ünvanına ağır təhqirlər yazıb, onu bəzi çirkin əməllərdə ittiham edib.
Komandirin müraciətindən sonra araşdırma aparılıb və qadın adı ilə yazan şəxsin işdən çıxarılan Qasım Alıyev olması müəyyən edilib. Naxçıvan Şəhər Məhkəməsində onun barəsində Cinayət Məcəlləsinin 148-1-ci (İnternetdə saxta ad, profil və ya hesablardan istifadə edərək böhtan atma, təhqir etmə) maddəsi ilə edilmiş xüsusi ittiham qaydasında şikayətə baxılıb.
Məhkəmədə Qasım Alıyev törətdiyi əməli etiraf edib. Hərbi hissə komandiri isə Q.Alıyevə il ərzində 4 dəfə töhmət verildiyini, intizamsız davranışlarına görə xidmətdən kənarlaşdırıldığını bildirib.
Naxçıvan Şəhər Məhkəməsində keçirilən proses ötən həftə başa çatıb. Məhkəmənin hökmü ilə Q.Alıyevə 4 ay həbs cəzası verilib. İstintaq müddətində polisin nəzarəti altında saxlanılan şəxs məhkəmə zalındaca həbs edilib.
Bölməyə aid digər xəbərlər