Sabunçu rayonunda məcburi köçkünlərin məskunlaşdığı binada 2 nəfərin ölümü ilə nəticələnən partlayışa görə aparılan istintaq tamamlanıb.
GununNebzi.az məlumatına görə, hadisə ilə bağlı partlayış baş verən mənzilin sahibi Rima Ağalarova cinayət məsuliyyətinə cəlb edilib.
Səhlənkarlığa yol verən mənzil sahibinə qarşı Cinayət Məcəlləsinin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma-ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb. Xanım müttəhim haqda ilkin istintaq dövrü müddətində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib.
19 nəfər bina sakininin zərərçəkmiş qismində tanındığı iş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işini Fəxri Məmmədovun sədrlik etdiyi hakimlər heyəti araşdıracaq.
Qeyd edək ki, hadisə ötən ilin mayında Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb. Qaz sızmasından baş verən partlayış zamanı 26 yaşlı Elnur Əsgərov və 23 yaşlı İlahə Qarayeva ölüb, bir neçə nəfər xəsarət alıb.
Bölməyə aid digər xəbərlər