Ukraynalı məşqçi Gennadi Jilkin Donetsk "Metallurq"unda Yuri Maksimovun köməkçisi işləyərkən "Krivbass"la çempionat oyununda baş vermiş məzəli hadisəni xatırlayıb.
51 yaşlı mütəxəssis "Ua-football" nəşrinə açıqlamasında matçın əvvəlində həmkarına yuxu dərmanı verdiyini bildirib.
Jilkinin sözlərinə görə, hadisə 2012/2013 mövsümündə baş verib: "Krivom Roq şəhərində "Krivbass" ilə oynamalı idik. Hiss etdim ki, baş məşqçi həqiqətən həyəcanlanıb. Vaxt azaldıqca həyəcanı artırdı. Krivom Roq yolunda vəziyyət pik həddinə çatmışdı. Şəhərə çatdıqdan sonra klubun həkiminə yaxınlaşıb Maksimovun vəziyyətinin yaxşı olmadığını dedim və ondan nə isə etməsini istədim. Çantadan 3 həb götürüb oyunöncəsi məşq zamanı heç kimin xəbəri olmadan həmkarımın çox sevdiyi kapuçinonun içinə atdım. Qəhvə köpüklü olduğundan həblər stəkanda görünmürdü".
Təcrübəli məşqçi dərmanın qısa zamanda öz təsirini göstərdiyini söyləyib: "Yuro Maksimov texniki zonada əyləşən kimi yuxulamağa başladı. Demək olar ki, bütün 90 dəqiqəni yatdı. Yalnız matçın əsas vaxtına əlavə olunmuş 4-cü dəqiqədə qapımıza penalti təyin edilən zaman oyandı. Yerindən qalxıb oyunun nəticəsini soruşdu. Matçın 1:1 hesabı ilə başa çatdığını dedim. Başını yelləyib yavaş addımlarla paltardəyişmə otağına yollandı".
Qeyd edək ki, hazırda Ukraynanın "Vorskla" klubunun baş məqçisi olan Maksimov 2018-ci ildə "Keşlə"yə rəhbərlik edib və Azərbaycan Kubokunu qazanıb.
Bölməyə aid digər xəbərlər