AZAL aviaşirkəti iyunun 26-dan Bakı-İstanbul-Bakı reysinə satılan biletlərin qiymətinin şişirdilməsi barədə məlumatları təkzib edib.
“Təəssüf ki, sosial şəbəkələrdə kənar saytlar tərəfindən biletlərin baha qiyməti əks olunan fotolar yayılıb. Rəsmi olaraq bildiririk ki, AZAL aviaşirkətinin İstanbul-Bakı istiqamətində ekonom sinif üzrə biletin qiyməti 374 manat təşkil edir. Bundan əlavə, AZAL xaricdə təhsil alan azərbaycanlı tələbələr üçün Bakı-İstanbul və İstanbul-Bakı reyslərində aviabiletlərə 30% endirim təqdim edir”, – milli aviadaşıyıcının məlumatında bildirilir.
“AZAL sərnişinlərinə bilet alarkən aviaşirkətin rəsmi saytından istifadə etməyi, biletlərin qiyməti ilə bağlı təxribatlara və qeyri-dəqiq məlumatlara uymamağı tövsiyə edir. Bəzi hallarda, biznes-sinif biletlərinin qiyməti bilərəkdən ekonom sinif biletinin qiyməti kimi göstərilib.
“Yuxarıda göstərilənləri nəzərə alaraq, aviaşirkət təxribatçı hərəkətləri, yəni bilərəkdən qeyri-dəqiq sosial əhəmiyyət daşıyan məlumatların yayılmasını araşdırmaq üçün hüquq-mühafizə orqanlarına müraciət etmək hüququnu özündə saxlayır”, – məlumatda deyilir.
Bölməyə aid digər xəbərlər