23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Adil Əliyev qan verdi - FOTO

Adil Əliyev qan verdi - FOTOAzərbaycanda COVID-19 pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiqi və Qarabağ müharibəsindən sonra yaranan problemlərlə əlaqədar ölkənin qan ehtiyatlarında müəyyən azalma baş verib. Buna görə müxtəlif vaxtlarda səhiyyə təşkilatları tərəfindən qanvermə ilə bağlı çağırışlar edilib. Çünki qan ehtiyatlarının azalması, xüsusilə qana ehtiyacı olan xəstələrin səhhətində çox ciddi problemlər yaradır, onların sağlamlığını risk altında qoyur.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, ayrı-ayrı vaxtlarda Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən qanvermə aksiyaları kimi nəcib təşəbbüsə bu gün Milli Məclis sədrinin müavini, parlamentin gənclər və idman komitəsinin sədri Adil Əliyev və komitənin üzvü Şahin Seyidzadə də qoşulublar. Komitə tərəfindən “Yaşatmaq yaşamaq qədər gözəldir” şüarı altında növbəti dəfə qanvermə aksiyası təşkil edilib. Mərkəzi Qan Bankında baş tutan aksiyada təxminən 200-ə yaxın idmançı və gənc iştirak edib. Tədbir zamanı bütün tibbi-profilaktiki tədbirlər nəzərə alınıb, habelə Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrində nəzərdə tutulan şərtlərə əməl olunub.

Aksiyada iştirak edən vitse-spiker Adil Əliyev qana ehtiyacı olan xəstələr, müharibədə zədə alan yaralı və qazilərimiz üçün bu tədbirin keçirilməsinin zəruri olduğunu bildirib. O, aksiyanın keçirilməsi üçün məhz bu günün – yanvarın 19-nun seçilməsinin təsadüfi olmadığını vurğulayıb. Çünki, sabah bütün xalqımız – qanlı 20 Yanvar hadisəsində şəhid olan insanların 31-ci anım gününü qeyd edəcək. Adil Əliyev 20 Yanvar şəhidləri ilə yanaşı, torpaqlarımızın işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyü, konstitusiya quruluşunun müdafiəsi uğrunda canlarından keçən bütün insanlara Allahdan rəhmət diləyib. Milli Məclis sədrinin müavini dövlətimizin başçısının “Biz birlikdə güclüyük!” şüarını rəhbər tutaraq hər kəsi qanvermə aksiyasında iştirak etməyə çağırıb, aksiya zamanı mövcud karantin qaydalarına riayət etməyi, qan vermək istəyən şəxslərin Qan bankının ölkəmizin müxtəlif regionlarında yerləşən bölmələrinə müraciət etməsini tövsiyə edib.


Tarix: 19-01-2021, 18:38 Oxunub: 150


Bölməyə aid digər xəbərlər
16-01-2021, 14:07 YAPçılar qan verdi - FOTO