“Azərbaycan Avropa Şurasına daxil olanda öhdəliklərdən biri cinsi azlıqlara qarşı dözümlülük nümayiş etdirilməsi idi. Buna qəti etiraz etdim. Bildirdim ki, Azərbaycanın milli adət-ənənələri var, bu öhdəliyi qəbul edə bilmərik. Buna baxmayaraq, Azərbaycanın Cinayət Məcəlləsindən 113-cü maddəni çıxardılar. Eyni cinslilərin münasibətinə, evliliyinə razılıq verməyimiz mümkün deyil. Zaman-zaman bu məsələ müzakirə olunub. Cinsi azlıqlar Tbilisi prospektində Avropa otelinin qarşına toplaşırdılar, müəyyən tədbirlər keçirirdilər. Bunlar bizim üçün bir bəladır. Hələ o zamanlar cəmiyyətdə etiraz güclü idi. ABŞ-da Demokratlar Partiyası hakimiyyətə gəlib, onlar milli azlıqlarla yanaşı, cinsi azlıqların da idarəçilikdə təmsil olunmasına çalışırlar, qarşılarına proqram qoyublar. Cinsi azlıqların nümayəndələri bəzi Avropa dövlətlərində böyük kürsülərdədir. Məsələn, Baş nazir, nazirlər var. Roma imperiyası məhz əxlaqsızlıqdan dağıldı. Cəmiyyət o qədər deqradasiya olundu ki, imperiya məhv oldu. Azərbaycan cəmiyyətində buna qarşı müqavimət həmişə olacaq. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə deyib ki, mənəvi dəyərlərimizi göz bəbəyimiz kimi qoruyuruq. Nə qədər ki deputatam, cinsi azlıqlarla bağlı məsələyə etiraz edəcəm, hətta üsyana qalxaram, hər şeyə dözmək olar, buna isə yox. Gözləmək lazım deyil ki, bu cür küləklər Azərbaycanda da əssin, elə yerindəcə boğmaq lazımdır”.
GununNebzi.az xəbər verir ki, Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.
T.Kərimli qeyd edib ki, mənəviyyat Azərbaycan xalqının ən böyük keyfiyyətidir: “Xatırlayıram, 40-45 il öncə Rusiyada olanda, bizə deyirdilər ki, Sizdə nə qədər böyüyə hörmət və ehtiram, namus, qeyrət var... Ruslar və digər xalqlar bizə qibtə edirdilər. Bu sərvətimizi qoruyub saxlamaq lazımdır. Cəmiyyət bu məsələdə bölünüb. Təəssüf edirəm ki, Qərbin təsirlərinə etinasız yanaşırıq. Bu məsələni başlı-başına buraxmaq olmaz. 1990-cı ildə Azərbaycan Ali Sovetində ilk çıxışım Mənəviyyat və əxlaq polisinin yaradılması ilə bağlı idi. Düzdür, məni dəstəkləyən oldu, “hər şeyi öz axarına buraxmaq lazımdır” deyənlər də var idi. Sosializm hər şeyi qadağan edirdi, pisi də, yaxşını da. Yalnız öz ideyasını əsas götürürdü. Kapitalizm isə hər şeyə icazə verir. Pisin qarşısını almaq mümkün deyil, böyüyə bilər. Doğrudan da, mənəviyyatsızlıq çox ciddi şəkildə intişar tapdı, indi də o tendensiyanın davamlılığını görürük. Cəmiyyətə şəxsi nümunələr göstərilməlidir. Qadın və kişilər abırlı geyinməlidirlər, nə çadra örtün, nə də çılpaq gəzin. Nənələrimizin, babalarımızın yolu var, o yolla getməliyik”.
Qeyd: ABŞ prezidenti Co Bayden sələfi Donald Trampın ABŞ Silahlı Qüvvələrində transgenderlərin xidmətinə qoyduğu qadağanı ləğv edib.
Bölməyə aid digər xəbərlər