"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerli və xarici ölkələrin kütləvi informasiya vasitələri videoformatda keçirdiyi mətbuat konfransı az öncə başa çatdı. Konfransı diqqətlə izlədim. Xarici jurnalistlərdən birinin sual verməzdən öncə sözü belə oldu ki, cənab İlham Əliyev mətbuat konfransı keçirmək baxımından rekordu qırır. O, eyni zamanda bildirdi ki, neçə illik jurnalistlik təcrübəsində ilk dəfədir ki, bu qədər uzun zaman müddəti ərzində davam edən mətbuat konfransında olur. Açığı xanım jurnalist bu fikirlərini bildirməyənədək heç məsələnin fərqinə varmırdım".
GununNebzi.az-ın xəbərinə görə, bunu Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
"Dövlət başçımızın keçirdiyi mətbuat konfransının davamiyyət müddəti 4 saatdan artıq oldu. Sualların sayı 50 idi. Prezident 50 sualın hər birinə dolğun və ətraflı cavab verdi. Amma onu da düşünürəm ki, bu mətbuat konfransı yalnız vaxt müddətinin uzunluğu deyil, eyni zamanda suallara
cavabların əhatəliliyi baxımından tarixə düşəcək bir tədbirdir. Bu konfrans Azərbaycan və regionunla bağlı həm tarix, həm də siyasət dərsi idi. Prezident sözün əsl mənasında dərs verirdi. O dərsdə Azərbaycanın dünəni və bu günü səhifə-səhifə vərəqlənirdi. O dərsdə Azərbaycan bir əzəmət və vüqar simvolu idi. Nəhayət o dərs əsl dövlət adamının, liderin püxtələşmiş obrazının təntənəsiydi. Arxayın, təmkinli, hər sözü, hər kəlməsi dünyaya bir mesaj olan, hər sözü ilə siyasi hikmət aşılayan liderin. Qürur duydum" - Ə.Amaşov qeyd edib.
Bölməyə aid digər xəbərlər