23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
“İp Man”ın mesajı: Çin dünyaya meydan oxuyur - TƏHLİL

“İp Man”ın mesajı: Çin dünyaya meydan oxuyur - TƏHLİL

- ABŞ-da olmaqdan qürur duyun, çünki ABŞ dünyanın ən böyük və qüdrətli ölkəsidir. Ən üstün ölkədir. Bu müzakirə olunmayacaq həqiqətdir.

- İrqçi, pis adam, ətrafına bax. Mədəniyyət bizik. Sizin üstünlüyünüz nifrət və xainlikdir.

Bu dialoq “İp Man” seriyasından sonuncu “İp Man 4: The Finale” filmindəndir. Seriyanın sonuncu filmi ötən ilin dekabrında prokata çıxıb. O zaman ki koronavirus Çindən dünyaya yayılırdı.

Əlbəttə, bu filmdə koronavirusdan söhbət getmir. Ancaq maraqlıdır ki, əvvəlki seriyalarda yapon işğalçıları ilə döyüşən çinli vətənpərvər kunq fu ustadı “İp man” bu dəfə ABŞ-a gedir və burada çinlilərin üzləşdiyi haqsızlıq, ikinci dərəcəli vətəndaş və aşağılayıcı münasibətin şahidi olur.

Yuxarıdakı dialoq çinli ordu çavuşu ilə amerikalı zabit arasında gedir. Amerikalı gücü və qəzəbi təmsil edir. Çinli isə sakit, amma inamlıdır. Amerikalıya mədəniyyətin onlar, yəni Çin olduğunu deyir. Və son döyüşdə çinli usta qalib gələrək, Çin döyüş sənəti kunq funun, yəni həm də Çinin zəfərini göstərir.

Bu film ABŞ-Çin münasibətlərinin kəskinləşdiyi, Prezident Trampın Çinə qarşı iqtisadi və ticarət sahəsində sərt vergilər tətbiq etdiyi, o cümlədən, “Huawei” kimi nəhəng Çin şirkətlərinə sanksiya tətbiq etdiyi bir dövrdə çəkilib.

İndi isə Pekin-Vaşinqton münasibətləri daha da pisləşib. ABŞ Prezidenti Donald Tramp Çini koronavirusla bağlı məlumatları gizlətməkdə ittiham edib və buna görə məsuliyyət daşıya biləcəyini deyib.

Bu gün isə artıq Missuri ştatı koronavirus zamanı dünyaya yalan məlumat verməkdə ittiham edərək, Çinə qarşı məhkəmə iddiası qaldırıb. Həmçinin, ABŞ Konqresinin Nümayəndələr Palatasının 22 respublikaçı üzvü Prezident Trampa müraciət edərək, Çinə qarşı Beynəlxalq Məhkəmədə iddia qaldırmağa çağırıb. Yəni görünən odur ki, “bu xəmir hələ çox su aparacaq”.

Kinoların siyasi təbliğat vasitəsi olması yeni hadisə deyil. İndiyə qədər dünyanın bütün iri dövlətləri film sektorundan təbliğat vasitəsi kimi gen-bol istifadə edib və etməkdədir. Çin isə bu sahədə hələlik ilk addımlarını atır.

Məsələn, 2018-ci ilin fevralında ABŞ-da prokata verilən “Qırmızı dəniz əməliyyatı” 70 milyon dollar büdcəsi olan Çin istehsalı filmdir. Hadisələr 2015-ci ildə Çin donanmasının Yəmənə desant çıxarıb, buradakı çinliləri və bir neçə xarici ölkə vətəndaşını xilas əməliyyatından bəhs edir. Əməliyyat uğurla nəticələnir. Elə film də… 70 milyon dollar büdcəsi olan film 500 milyon dollardan çox gəlir gətirir.

Yeri gəlmişkən, 2017-ci ildə Çinin xaricdə ilk hərbi dəniz bazası Cibutidə fəaliyyətə başladı. Kino ilə eyni tarixdə…

“İp Man” seriyasından əvvəlki filmlərdə yapon işğalı dövründən bəhs olunurdusa, son film ABŞ-a köklənib. Düzdür, burada bir tarixi ardıcıllıq da var. Amma sonuncu seriyadakı dialoqlar, personajların reaksiyası heç də dostcasına deyil və iki ölkə münasibətlərindəki soyuqluğu əks etdirir.

Təbii ki, ənənəvi Çin dostluq və sülh mesajı da unudulmayıb. Əsas qəhrəman əzilən və qəzəbli çinlilərdən fərqli olaraq, sülhsevərdir və ədalətin qələbəsinə inanır. Özü də sonda qalib gəlməklə...

Həm “İp Man”, həm də “Qırmızı dəniz əməliyyatı” qüdrətli və güclü Çinin ayaq səsləri haqda xəbər verir. Böyük ölkənin həm də böyük təqdimata ehtiyacı var. Çin öz gəlişini xəbər verir. Qarşılamağa hazırlıqlı olmaq üçün...


Tarix: 23-04-2020, 12:30 Oxunub: 46


Bölməyə aid digər xəbərlər