02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Azərbaycanda Təmiz Enerji Mərkəzinin yaradılması barədə qərar qəbul edildi

Azərbaycanda Təmiz Enerji Mərkəzinin yaradılması barədə qərar qəbul edildi

Bu gün xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 25-ci iclasında iştirak edib.

GununNebzi.az
xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türkmənistanın təşkilatda sədrliyi çərçivəsində Aşqabad şəhərində keçirilən iclasda çıxış edən nazir Ceyhun Bayramov, Azərbaycan-İƏT əlaqələri, İƏT məkanında prioritet istiqamətlər üzrə əməkdaşlığın həyata keçirilməsi və dərinləşdirilməsi, habelə bölgəmizdə mövcud olan cari vəziyyət, münaqişə sonrası mərhələdə Azərbaycanın azad olunmuş ərazilərində həyata keçirilən yenidənqurmla işləri, İƏT üzvü olan Əfqanıstanla bağlı vəziyyət, eyni zamanda Azərbaycanın Qoşulmama Hərəkatının (QH) sədri qismində qlobal çağırışlara qarşı mübarizə çərçivəsində irəli sürdüyü təşəbbüslər və bu xüsusda görülən işlər barədə danışıb.

Nazir çıxışında aşağıdakı məqamları qeyd edib:

Azərbaycan İƏT ilə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Gələn il Azərbaycanın təşkilata üzv olmasının 30 illiyi tamam olacaq. Bu müddət ərzində ölkəmiz regionda iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi istiqamətində müxtəlif təşəbbüslərdə konstruktiv şəkildə iştirak edib.

İƏT çərçivəsində islahatlar uğurla həyata keçirilib, lakin bu, davamlı bir proses olmalıdır. "İƏT Baxışı 2025" sənədinin həyata keçirilməsində əldə etdiyimiz irəliləyişin qiymətləndirilməsi önəmlidir və bu bizə gözlənilən nəticələrin əldə olunmasını təmin etmək üçün müvafiq fəaliyyəti təmin etməyimizə imkan verəcək.

Azərbaycan, Türkmənistanın sədrliyi çərçivəsində iqtisadiyyat, nəqliyyat, energetika və səhiyyə sahələrində də daxil olmaqla, bir sıra nazirlərin görüşlərinin, eləcə də, sektorlar üzrə regional əməkdaşlığı gücləndirəcək digər yüksək səviyyəli tədbirlərin keçirilməsini alqışlayır, habelə İƏT Katibliyi tərəfindən aparılan hazırlıq və yardım işlərini yüksək qiymətləndirir.

Ticarət, nəqliyyat, enerji sahələrində əməkdaşlıq İƏT-in prioritet sahələridir. Dayanıqlı enerji və regional elektrik enerjisi ticarətini regional enerji gündəliyimizə daxil etmək vacibdir. Azərbaycan, İƏT üzv dövlətlərinin “Təmiz Enerji Mərkəzi”nə ev sahibliyi etmək təklifinə dəstəyini yüksək qiymətləndirir.

İƏT regionunda nəqliyyat və bağlılıq layihələrinin inkişafı yüksək önəm kəsb edir. Məlum olduğu kimi, Azərbaycan nəqliyyat infrastrukturunun şaxələndirilməsinə və modernləşdirilməsinə böyük sərmayə qoyub və Avropa ilə Asiya arasında ticarət və logistikanı gücləndirmək üçün bir sıra nəqliyyat infrastrukturu layihələrini təşviq edib.

44 günlük Vətən müharibəsi bölgədə vəziyyəti dəyişib, yeni reallıqlar formalaşdırıb. Azərbaycan, BMT TŞ-nin müvafiq qətnamələri əsasında ərazi bütövlüyünü təmin edib, bir milyona yaxın azərbaycanlı məcburi köçkünün öz doğma yurdlarında yaşamaq hüququ bərpa edilib.

Davamlı sülhə, inkişafa və tərəqqiyə nail olmaq Azərbaycanın gələcəyə baxışının əsasını təşkil edir. Bu mərhələdə üçtərəfli bəyanatların tam şəkildə həyata keçirilməsi çox vacibdir. Azərbaycanın bu istiqamətdə atdığı addımların qarşılığını Ermənistandan gözləyirik.

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarına uyğun olaraq, o cümlədən 26 noyabr tarixində üç liderin imzaladığı Bəyanatda da qeyd edildiyi kimi, kommunikasiyaların yenidən canlandırılması, bölgədə dəmir yolu və avtomobil yollarının açılması regionumuzda davamlı sülh və sabitliyə yol açacaq, Ermənistan və Azərbaycan vasitəsilə ticarət və nəqliyyatı, həm bu ölkələrin, həm də tərəfdaşlarımızın xeyrinə əhəmiyyətli dərəcədə artıracaq.

Bu mənada ön plana çıxan təşəbbüs Zəngəzur dəhlizidir. O, Trans-Xəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizində daha yaxşı əlaqəni artırmaq üçün potensiala malikdir.

Azərbaycan hökuməti azad edilmiş ərazilərində genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlayıb. İşğaldan azad edilmiş şəhər və qəsəbələrin köçürülməsinin baş planları hazırlanır.

Nəhəng nəqliyyat və enerji infrastrukturu layihələri, xüsusilə bir neçə magistral və elektrik şəbəkələrinin, eləcə də üç hava limanının tikintisi həyata keçirilir. 8 ay ərzində biz Füzuli Beynəlxalq Hava Limanını istifadəyə vermişik, digər iki hava limanının tikintisi isə davam edir.

Əfqanıstanda davamlı sülh aktual məqsəd olaraq qalır. Region ölkəsi kimi və bizim Əfqanıstan xalqı ilə mövcud olan sıx tarixi və dini bağlarımıza görə Azərbaycan Əfqanıstandakı vəziyyəti böyük narahatlıqla izləyir.

Əfqanıstanda təhlükəsizlik və sabitlik regiondakı ümumi təhlükəsizlik mühiti ilə sıx bağlıdır. Əfqanıstanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı təmin edilməli, onun etnik cəhətdən müxtəlif əhalisinin sülh şəraitində birgə yaşayışını təmin edən siyasi transformasiya üçün lazımi şərait yaradılmalıdır.

Azərbaycan qlobal COVID-19 cavab səylərində fəal iştirakını davam etdirir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin COVID-19-a cavab olaraq Qoşulmama Hərəkatı adından irəli sürdüyü və geniş beynəlxalq səviyyədə tanınma və dəstək qazanmış qlobal təşəbbüsləri, o cümlədən COVID-19-a cavab olaraq QH Əlaqə Qrupunun zirvə toplantısının təşkili, QH üzv dövlətlərin pandemiya ilə mübarizədə əsas humanitar və tibbi ehtiyaclarına dair vahid məlumat bazasının yaradılması, BMT Baş Assambleyasının COVID-19 üzrə Xüsusi Sessiyasının çağırılması, BMT İnsan Hüquqları Şurasının COVID-19 peyvəndlərinə ədalətli, əlverişli, vaxtında və universal şəkildə çıxışı haqqında qətnaməsinin və BMT Baş Assambleyasının Üçüncü Komitəsində COVID-19 peyvəndlərinin ədalətsiz paylanması ilə bağlı qətnamənin qəbul edildiyini vurğulamaq istərdik.

Pandemiyadan sonrakı qlobal bərpa ilə bağlı Azərbaycanın gələcək təşəbbüslərinə beynəlxalq ictimaiyyətin razılaşdırılmış dəstəyinə inanırıq.

Türkmənistan sədrliyinə ümumi işimizə verdiyi töhfəyə görə təşəkkür edir, növbəti sədr Özbəkistana bu yolda uğurlar arzulayırıq.

Qeyd etmək istərdik ki, İƏT Xarici İşlər Nazirləri Şurasının iclasında Azərbaycanın İƏT üzv dövlətlərinin Təmiz Enerji Mərkəzinə ev sahibliyi etmək təklifi dəstəklənib və bu Mərkəzin yaradılmasına dair qərar qəbul edilib.

Tarix: 27-11-2021, 16:31 Oxunub: 159


Bölməyə aid digər xəbərlər