Milli Məclisin Sədri Sahibə Qafarova həftə sonu sərt karantin rejiminin tətbiq olunması ilə bağlı vətəndaşlara müraciət edib.
GununNebzi.az-ın məlumatına görə, müraciətdə deyilir:
“Əziz və hörmətli həmvətənlərim!
Bütün dünyada olduğu kimi, ölkəmizdə də koronavirusa və bu virusun millətimizin hər bir fərdi üçün yaratdığı hədələrə qarşı hərtərəfli mübarizə aparılır. 2020-ci fevral ayından başlayaraq ölkəmizdə görülməyə başlanan koronavirus infeksiyasının qarşısının alınması məqsədilə dövlətin bütün gərəkli qurumları səfərbər olmuşdur. Cənab Prezident bu virusun ölkəmizə verə biləcəyi zərəri minimuma endirmək üçün ciddi siyasi iradə ortaya qoymuş və effektiv tənzimləmə mexanizminin formalaşdırılması üçün müvafiq göstərişlər vermişdir.
Görülmüş tədbirlər müsbət nəticələr versə də, aprelin 27-dən xüsusi karantinin rejiminin mərhələli şəkildə yumşaldılması və təəssüflər olsun ki, müəyyən olunmuş qaydalara və təcrid tövsiyələrinə riayət edilməməsi son günlər infeksiyaya yoluxanların sayının kəskin artması ilə nəticələnmişdir. Buna görə də Operativ Qərargahın qərarı ilə 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək aktiv yoluxma hallarındakı artım səbəbindən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejimi tətbiq olunacaq.
Qərarda göstərilən tələblərə riayət edilməsinin mütləq olmasını nəzərə alaraq, hər bir həmvətənimdən bir ana, bir azərbaycanlı və Milli Məclisin Sədri olaraq xahiş edirəm: millətimizin bu bəladan ən qısa müddətdə xilas olması üçün üzərinizə düşən mühüm missiyanı yerinə gətirin – qoyulmuş tələblərə və verilmiş tövsiyələrə riayət edin, özünüzü, ailə fərdlərinizi və yaxınlarınızı, həmçinin ətrafınızda olan insanları düşünün və bu bəlanın daha geniş vüsət almasına imkan yaratmayın”.
Bölməyə aid digər xəbərlər