Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə Nazirlər Kabineti tərəfindən Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə BMT-nin Yaxın Şərq Agentliyinə (UNRWA) 300 min ABŞ dolları məbləğində vəsait ayrılıb.
Bu barədə gununnebzi.az-a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Bu addım Fələstində koronavirus pandemiyası ilə mübarizənin aparılmasına dəstəyin verilməsi məqsədilə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Yusef Əl-Osaymin tərəfindən ünvanlanmış müraciətə cavab olaraq atılıb.
Sözügedən təşkilat BMT Baş Assambleyasının müvafiq qərarı ilə fələstinlilərə birbaşa yardımın göstərilməsi və sosial xidmətlərin təmin edilməsi məqsədilə 1949-cu ildə təsis edilib.
UNRWA-nın əsas fəaliyyət sahələrinə səhiyyə, təhsil, humanitar yardım, sosial xidmətlər, düşərgələrin qurulması, infrastruktur və mikromaliyyələşmənin təmin edilməsi istiqamətlərində müvafiq layihələrin həyata keçirilməsi daxildir.
XİN bildirib ki, hazırda COVID-19 pandemiyasının yayılması və törətdiyi fəsadlarla əlaqədar olaraq, Fələstinə humanitar yardımın göstərilməsinə ehtiyac yaranıb.
Bölməyə aid digər xəbərlər