Bu gün 98 saylı Şəmkir şəhər seçki dairəsindən deputat, Milli Məclisin sədri Sahibə Qafarova videokonfrans formatında seçicilərin növbəti qəbulunu keçirib.
GununNebzi.az-ın məlumatına görə, videoqəbulda millət vəkili seçicilərin Çinarlı qəsəbə ərazisində kabelləşmənin həyata keçirilməsi, rayonun dağ kəndləri olan Yeni Göyçə, Günəşli, Varlı Həyat, Qaraqoyunlu, Dağ Cəyir, Aşağı Çaykənd, Yuxarı Çaykənd kəndlərinə rayon mərkəzindən marşrut xəttinin açılması, Çinarlı qəsəbə ərazisində içməli su probleminin həlli, Varlı Həyat, Qaraqoyunlu, Aşağı Çaykənd, Yuxarı Çaykənd kəndlərinə internet xəttinin çəkilməsi, işlə təmin olunmaya köməklik göstərilməsi, əlillik müavinətinin bərpası və digər məsələlərlə əlaqədar müraciətlərini dinləyib.
Qeyd olunub ki, bugünkü görüş Sahibə Qafarovanın bu formatda sayca beşinci görüşüdür. Bundan öncə keçirilən videoqəbullarda seçicilər tərəfindən qaldırılan bir sıra məsələlər artıq həllini tapıb. Bəzi məsələlərin aradan qaldırılması ilə bağlı hazırda iş aparılır.
Sahibə Qafarova qeyd edib ki, seçiciləri narahat edən bu kimi məsələlərin həlli, vətəndaşların layiqli həyat şəraitinin təmin olunması Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin başlıca prioritetlərindəndir. O, son illərdə ölkəmizdə çox mühüm əhəmiyyət kəsb edən infrastruktur layihələrinin reallaşdırıldığını, Şəmkir rayonunda da bu istiqamətdə bir sıra tədbirlər həyata keçirildiyini diqqətə çatdırıb.
Milli Məclisin sədri deyib ki, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşları dayanır. Bu siyasətin məqsədi insanlarımızın daha rahat, daha yaxşı həyat şəraitinin təmin olunmasıdır. Millət vəkili ölkəmizdə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən sosial layihələrin əhəmiyyəti barədə də məlumat verib.
Sahibə Qafarova həmçinin ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində görülən tədbirlər haqqında da danışaraq vətəndaşları xüsusi karantin rejiminin tələblərinə əməl etməyə, tibbi maskalardan istifadə etməyə, zəruri sosial davranış və tibbi – profilaktik qaydalara əməl etməyə, sosial məsafəyə riayət etməyə çağırıb.
Sahibə Qafarova videoqəbulda seçicilərə həmçinin iyulun 12-də Ermənistanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi növbəti hərbi təxribat barədə də məlumat verərək qeyd edib ki, Ermənistanın bu təxribatının qarşısı ordumuz tərəfindən qətiyyətlə alınıb, düşmənə adekvat cavab verilib. Döyüşlər zamanı hərbi bölmələrimizin cavab tədbirləri nəticəsində düşmən böyük itkilər verərək geri çəkilməyə məcbur edilib. Döyüşlər başladığı andan Azərbaycan xalqının birmənalı olaraq Ali Baş Komandan İlham Əliyevin yanında olduğunu nümayiş etdirdiyini bildirən Milli Məclisin sədri vurğulayıb ki, Azərbaycanın qüdrətli ordusu düşmənin bundan sonra da istənilən təxribatının qarşısını almağa hazırdır.
Qeyd edək ki, görüşdə Şəmkir rayon İcra Hakimiyyətinin nümayəndələri də iştirak edib. Seçici müraciətlərində əksini tapan bəzi məsələlər yerli xarakterli olduğundan baxılması üçün İcra Hakimiyyəti nümayəndələrinə yönləndirilib. Digər bir qism müraciətlərin araşdırılması üçün aidiyyatı orqanlara sorğular göndərilib.
Bölməyə aid digər xəbərlər