Rusiyanın 300 ədəd hərbi texnikanı Gürcüstan ərazisindən keçməklə Ermənistana göndərməsi barədə məlumatlar həqiqəti əks etdirmir. Bu hansısa siyasi partiyanın nəzarətində olan KİV-lərin ucuz təbliğatından başqa bir şey deyil.
GununNebzi.az Azərtac-a istinadla xəbər verir ki, bu bəyanatla Gürcüstan baş nazirinin müşaviri İrakli Çikovani çıxış edib. O, təəssüf hissi ilə deyib ki, bəzi KİV-lərin öz havadarlarının maraqlarına uyğun yalan materiallar yayması ilk hadisə deyil. Lakin bunun heç bir mənası yoxdur.
“Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır. Qafqazda sülhə alternativ yoxdur və bizim mövqeyimiz dəyişməyib” - deyə Çikovani vurğulayıb. Onun sözlərinə görə, Gürcüstanın mövqeyi bütün tərəfdaş ölkələrə bəllidir. Gürcüstanın öz tərəfdaşları ilə bağlı mövqeyi dəyişməzdir.
Qeyd edək ki, ötən gün Gürcüstanın müxalif “Mtavari arxi” telekanalında Rusiyanın Ermənistana 300 hərbi avtomobilin Gürcüstan ərazisi ilə daşınmasına hazırlaşdığı barədə süjet yayımlanıb.
Süjetdə iddia olunub ki, Gürcüstanda qeydiyyatda olan yükdaşıma şirkətlərindən biri bununla bağlı təklif alıb.
Bölməyə aid digər xəbərlər