Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsi Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov ilə Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov arasında keçirilmiş görüşə dair məlumat yayıb.
GunuNebzi.az xəbər verir ki, rəsmi məlumatda avqustun 26-da keçirlmiş görüşün detallarından bəhs edilib.
Bildirilib ki, nazirlərin təkbətək görüşündən sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş baş tutub.
Tərəflər ikitərəfli gündəlikdə duran bir çox sahələrdə, o cümlədən siyasi, iqtisadi, ticarət, humanitar, mədəniyyət, təhsil və digər sahələrdə əməkdaşlıq münasibətlərinin inkişafı perspektivlərini müzakirə ediblər. Hər iki ölkənin rəhbərləri arasında mövcud olan sıx təmasların və həyata keçirilən qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin inkişafına böyük töhfə verdiyi qeyd olunub.
Ölkələr arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə inkişafına dair həyata keçirilən qarşılıqlı fəaliyyət üzrə yol xəritələrinin əhəmiyyəti qeyd olunub, habelə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın ötən ilin noyabr ayında Rusiya Federasiyasına həyata keçirdiyi rəsmi səfəri çərçivəsində irəli sürülmüş innovasiya sahəsində yeni yol xəritəsinin tezliklə təsdiqlənəcəyinə dair ümid ifadə olunub.
Ticarət-iqtisadi münasibətlərin inkişafı və regional əməkdaşlığın möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyətə malik olan Şimal-Cənub nəqliyyat dəhlizinin tam istifadəyə verilməsinə dəstək ifadə edilib. Həmçinin, Samur çayı üzərində tikilmiş yeni sərhəd körpüsünün istifadəyə verilməsinin qarşılıqlı ticarətə və insanlar arası təmaslara yeni təkan verəcəyi qeyd olunub.
Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstək məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər Birləşmiş Millətlər Təşkilatı (BMT), Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), Müstəqil Dövlətlər Birliyi (MDB), Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsinə dair razılıq ifadə ediblər. Baş Assambleyanın COVID-19 pandemiyası ilə mübarizəyə həsr olunan xüsusi sessiyasının çağırılması təşəbbüsünün Rusiya tərəfindən dəstəklənməsi məmnunluqla qeyd olunub.
Nazirlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə fikir mübadiləsi aparıblar. Nazir Ceyhun Bayramov Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində törədilən son hərbi təxribata toxunaraq, bu insidentin, eləcə də Ermənistan rəhbərliyinin bölgədə gərginliyin artmasına xidmət edən bəyanatlarının münaqişənin danışıqlar yolu ilə həllinə əngəl törətdiyini qeyd edib. Münaqişənin həlli üzrə BMT TŞ qətnamələrinin tələblərinə uyğun olaraq, mahiyyət üzrə danışıqların aparılmasının vacibliyi vurğulanıb. Öz növbəsində, Rusiya Xarici İşlər naziri Sergey Lavrov münaqişənin həlli üzrə danışıqların davam etdirilməsinin əhəmiyyətini qeyd edib.
Hazırki qlobal vəziyyətə toxunan nazirlər, pandemiya ilə mübarizə çərçivəsində beynəlxalq əməkdaşlığın önəmini ifadə ediblər. Nazir Ceyhun Bayramov Rusiya mütəxəssislərinin ölkəmizə göndərilməsi də daxil olmaqla, Rusiya tərəfindən Azərbaycana göstərilən yardımı məmnunluqla qeyd edib.
Görüşdə həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bölməyə aid digər xəbərlər