Münxen Təhlükəsizlik Konfransının Katibliyi COP29 çərçivəsində Azərbaycanla birgə tədbir keçirəcək.
GununNebzi.az xəbər verir ki, fevralın 18-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Münxen Təhlükəsizlik Konfransının sədri Kriştof Xoysqenin görüşü zamanı bu barədə razılıq əldə olunub.
Kriştof Xoysqen qeyd edib ki, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində təhlükəsizliyə münasibətdə əhatəli və müfəssəl bir yanaşma var, ona görə iqlim dəyişikliyi də təhlükəsizlik konsepsiyasının bir hissəsi hesab olunur. O, bu xüsusda, Münxen Təhlükəsizlik Konfransının Katibliyi olaraq Azərbaycanla COP29 çərçivəsində əməkdaşlığa və həmin sessiya zamanı ölkəmizdə birgə tədbirin keçirilməsinə hazır olduğunu vurğulayıb.
Bu təklif dövlətimizin başçısı tərəfindən məmnunluqla qəbul edilib. Azərbaycanın COP Təşkilat Komitəsi tərəfindən Münxen Təhlükəsizlik Konfransının Katibliyi ilə bu istiqamətində birgə işin aparılacağı diqqətə çatdırılıb.
Bölməyə aid digər xəbərlər