“Biz müxtəlif layihələrə maliyyə dəstəyi göstərdiyinizə görə sizə minnətdarıq. Yapon banklarının və maliyyə institutlarının maliyyə dəstəyi ilə biz enerji infrastrukturumuzun iki mühüm layihəsini icra etdik - iki elektrik stansiyası, sınaq stansiyaları, “Şimal-1” və Şimal-2”. Ümumi gücü 800 meqavata yaxındır. Əlbəttə ki, bu, bizim enerji təhlükəsizliyimizə böyük töhfədir”.
GununNebzi.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Yaponiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vadanın etimadnaməsini qəbul edərkən deyib.
“Biz yapon şirkətlərinin burada çalışdığına şadıq və həmçinin müxtəlif sosial layihələrə göstərdiyiniz könüllü dəstəyinizə görə sizə təşəkkürümüzü bildirmək istəyirik. Bu layihələr təhsil, infrastruktur, müxtəlif kəndlərdə su təchizatı ilə bağlıdır.
Biz bu dostluq jestini çox yüksək qiymətləndiririk və buna görə mən bir daha sizin hökumətinizə öz təşəkkürümü bildirmək istəyirəm. Ümid edirəm ki, üzümüzə gələn illərdə biz bu sıx əməkdaşlığı gücləndirəcəyik”, - dövlət başçısı bildirib.
Bölməyə aid digər xəbərlər