Valideynlik hüquqlarının məhdudlaşdırılması halları sərtləşdirilir

Valideynlik hüquqlarının məhdudlaşdırılması halları sərtləşdirilir

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, uşağın ailəyə qaytarılmasından sonra aparılan monitorinq nəticəsində uşağın sağlamlığı və ya həyatı üçün birbaşa təhlükə olduğu aşkarlandıqda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) valideynlik hüquqlarının məhdudlaşdırılması barədə iddia qaldıra biləcək.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fərdi inkişaf planının icrası nəticəsində uşağın öz ailəsinə və ya qohumlarına qaytarılmasının mümkünlüyünü müəyyənləşdirdikdə ailə inkişaf planı tərtib edəcək və onun ailədəki vəziyyəti, əqli, fiziki, psixoloji və psixi sağlamlıq vəziyyətinin öyrənilməsi məqsədilə uşaq ailəyə qaytarıldıqdan sonra 1 (bir) il ərzində rübdə azı bir dəfə olmaqla ailədə monitorinq aparacaq.

Uşağın ailəyə qaytarılmasından sonra aparılan monitorinq nəticəsində uşağın sağlamlığı və ya həyatı üçün birbaşa təhlükə olduğu aşkarlandıqda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dərhal uşağı ailədən alıb Ailə Məcəlləsinin 116.9-cu maddəsinə (Uşağın yerləşdirilməsi zamanı onun fikirləri, maraqları, etnik mənşəyi, müəyyən dinə və mədəniyyətə mənsubiyyəti, ana dili, təhsili və tərbiyəsi üçün daha əlverişli imkanları və yerləşdirmənin uşaq üçün təhlükəsizliyi nəzərə alınmalıdır) uyğun olaraq təcili yerləşdirəcək və bu barədə prokurora məlumat verəcək. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) uşağın yerləşdirilməsindən sonra 10 (on) iş günü müddətində məhkəməyə valideynlik hüquqlarından məhrumetmə və ya bu hüquqların məhdudlaşdırılması barədə iddia ilə müraciət edə bilər.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Tarix: 2-05-2023, 14:09 Oxunub: 10


Bölməyə aid digər xəbərlər