Dərs (təlim) və dərsdənkənar (praktiki) məşğələ saatlarına, dərs növbəsinə dair tələblər müəyyənləşib.
GununNebzi.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənən "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları"nda qeyd edilib.
Qaydalara əsasən, təhsil müəssisələrində tədris xüsusi karantin rejimi dövrü üçün uyğunlaşdırılmış tədris planları əsasında həyata keçiriləcək.
Gün ərzində əyani formada keçirilən dərs (təlim) və dərsdənkənar (praktiki) məşğələlərin sayı uyğunlaşdırılmış tədris planına müvafiq olaraq minimal sayda müəyyən edilib.
Dərslər təhsilalanların sayından asılı olaraq, təsdiq edilmiş qrafikə uyğun olaraq, səhər saat 8-dən başlayaraq növbəli qaydada həyata keçiriləcək.
Ümumi təhsil müəssisələrində dərs (təlim) və dərsdənkənar (praktiki) məşğələ saatları məktəbəhazırlıq mərhələsində 30 dəqiqə, ibtidai və ümumi təhsil səviyyələrində 45 dəqiqə olmaqla müəyyən edilib.
Peşə təhsili müəssisələrində dərslərin davametmə müddəti 30 dəqiqədir.
Uşaq musiqi, incəsənət, rəssamlıq məktəb və mərkəzlərində dərslərin davametmə müddəti 45 dəqiqədir.
Orta ixtisas və ali təhsil müəssisələrində bir akademik saatın davametmə müddəti 45 dəqiqədir. Akademik saatlararası fasilə olmadıqda, dərsin müddəti 80 dəqiqə müəyyən edilib.
Bölməyə aid digər xəbərlər