Bakıda məktəb direktorlarına və müəllimlərinə xüsusi məktublar göndərilir. Məktubda bildirilir ki, direktor və müəllimlər xüsusi medallarla təltif edilir. Lakin medal qazanmaq istəyən müəllimlər xərcə düşməlidirlər.
GununNebzi.az-ın məlumatına görə, Bu barədə paytaxtın bir neçə məktəbindən Redaktor.az-a məlumat verilib. Bildirilir ki, “Türk Dünyası Araşdırmaları” adlı birlikdən təhsil ocaqlarına məktublar ünvanlanır. Məktubda bildirilir ki, həmin məktəb rəhbərliyi və müəllimlər “İlin müəllimi” və “Qızıl ulduz” adlı medallar ala bilərlər. Lakin həmin məktəb təşkilata 1200 manat ödəməlidir.
İlk öncə məsələyə aydınlıq gətirmək üçün Bakı şəhər Təhsil İdarəsinə müraciət etdik. Qurumdan bildirildi ki, məsələ barədə məlumatlıdırlar.
“BŞTİ-dən məsələ ilə bağlı dəqiqləşdirmə aparılacaq”, - deyə bildirilib.
Məsələ ilə bağlı adı hallanan təşkilatla əlaqə saxladıq. Təşkilatın sədri Elçin İsgəndərzadə açıqlamasında bildirdi ki, əslində bu Türk dünyası təhsilinə dəstək layihəsidir.
“Bu, özəl qurumdur, özünü maliyyələşdirmə layihələrini həyata keçiririk. Qərarlaşdırdıq ki, türk dünyasında məktəb boşluğu var. Buna görə də Türk dünyasının 50-yə yaxın şair və yazıçısının əsərlərini yığdıq və bu istiqamətdə kitab çap etmək qərarına gəldik.
Bu istiqamətdə mükafat hazırlamaq nəzərdə tuturuq. Bunun hazırlanması üçün xeyli vəsait nəzərdə tutulur. Belə qərara gəldik ki, məktəb direktorları, onlar arasında Türk dünyasına maraq göstərənlər bizə dəstək olsunlar. Bunun üçün 1200 manat nəzərdə tutduq", - deyə Elçin İsgəndərzadə bildirib.
Qeyd edək ki, hələlik məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilməyib. Rəsmi şəkildə müraciət olunduqdan sonra araşdırma aparıla bilər.
Bölməyə aid digər xəbərlər