09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
Qurban bayramı ilə bağlı sürücülərə xəbərdarlıq

Qurban bayramı ilə bağlı sürücülərə xəbərdarlıq

Baş Dövlət Yol Polisi İdarəsi sabahdan başlayan dörd günlük bayram tətili ilə bağlı vətəndaşlara müraciət edib.

İdarədən verilən məlumatda qeyd edilir ki, qarşıdan gələn Qurban bayramı ilə bağlı 4 gün ardıcıl qeyri-iş gününün elan edilməsi şəhər sakinlərinin rayonlara və bölgələrdəki istirahət mərkəzlərinə səfər etmələrinə şərait yaradacaq.

Bununla da avtomobil yollarında nəqliyyatın hərəkət intensivliyinin yüksələcəyi ehtimal olunur.

Mütəmadi olaraq DYP qurumları tərəfindən yollarda təhlükəsizliyin təmin edilməsi, baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində nəzarət-profilaktiki tədbirlər keçirilməsinə, televiziya, radio və sosial şəbəkələr vasitəsilə sürücülərə, piyadalara xəbərdarlıq edilməsinə baxmayaraq, təəssüflər olsun ki, hələ də yol hərəkəti qaydalarına biganə qalan, adi diqqətsizliyin, tələsgənliyin böyük faciələrə səbəb ola biləcəyini nəzərə almayan vətəndaşlarımıza rast gəlinir.

Elə son günlərdə nəqliyyat vasitələrinin toqquşması və piyadaların vurulması ilə nəticələnən ağır yol qəzalarının təhlili də deməyə əsas verir ki, yol-nəqliyyat hadisələrinin əsas səbəbi bəzi sürücülərin yollarda sürət həddinə riayət etməmələri, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə əməliyyatı aparmaları, manevretmə qaydalarını kobud şəkildə pozmaları, qarşıdakı nəqliyyat vasitəsilə ara məsafəsini düzgün seçməmələri və ən çox da yuxulu, yaxud əzgin, yorğun halda avtomobil idarə etmələridir.

Qeyd etməliyik ki, insan tələfatı ilə nəticələnən ağır qəzaların baş verməsində piyadaların da təqsiri az deyil, xüsusilə də günün qaranlıq vaxtlarında. Əfsuslar olsun ki, piyadaların gecə saatlarında yolu necə gəldi keçmələri, yaxınlaşan nəqliyyat vasitəsi sürücüsünün onu görüb-görməməsinin fərqinə belə varmadan yolun hərəkət hissəsinə çıxaraq hərəkət etmələri bir çox hallarda onların özlərinin həyatı bahasına başa gəlir.

Vətəndaşların mənzil başına sağ-salamat çatması, bayramı xoş əhval-ruhiyyə ilə keçirməsi üçün, Baş Dövlət Yol Polisi İdarəsi səfərə çıxmazdan əvvəl ilk növbədə avtomobilin texniki vəziyyətinə diqqət yetirməyi, yolboyu qaydalara ciddi riayət etməyi, sürücülərlə yanaşı sərnişinlərin də təhlükəsizlik kəmərlərini bağlamalarını, yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyi, eləcə də soyuducu sistemi olmayan avtomobillərlə günün nisbətən sərin vaxtlarında yola çıxmağı tövsiyə edir.

Bir daha xatırladırıq ki, respublika əhəmiyyətli yollarda yerləşən DYP-nin stasionar postlarında hər 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra avtomobili saxlayıb qısa müddətə istirahət etmək üçün müvafiq şərait yaradılıb.

Ümid edirik ki, hər bir hərəkət iştirakçısı bu çağırışa düşünülmüş şəkildə yanaşacaq, özünün, ailə üzvlərinin və digər şəxslərin təhlükəsizliyini təmin etmək üçün yol qaydalarına ciddi riayət edəcək.

Tarix: 17-07-2021, 11:35 Oxunub: 95


Bölməyə aid digər xəbərlər
18-03-2021, 16:37 Sürücülərə XƏBƏRDARLIQ