Azərbaycan Respublikasında xüsusi karantin rejiminin 4 may 2020-ci il tarixinə qədər uzadılması ilə əlaqədar "Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” müvafiq tarixədək fəaliyyətdə olacaq.
Bu barədə gununnebzi.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, xüsusi karantin rejimi müddətində əməkdaşlar üçün icazənin alınması ilə bağlı qeydiyyatdan keçmiş dövlət və özəl təşkilatların rahatlığını və onların iş prosesinin davamlılığını təmin etmək məqsədi ilə icaze.e-gov.az portalında qeydə alınmış bütün icazələrin müddəti 2020-ci il 4 may tarixinədək uzadılır. Bununla yanaşı yeni icazələrin əlavə olunması, mövcud icazələrin ləğvi və ya əməkdaşlar üçün icazənin qüvvədə olma müddətinin son tarixi müəyyənləşdirilə bilər.
Eyni zamanda evdən çıxmaq istədiklərinə dair icazə əldə etmək üçün isə vətəndaşlar tərəfindən mobil nömrədən icazənin məqsədini bildirən xüsusi kod və şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi SMS-lə 8103 qısa nömrəsinə göndərilməlidir.
Vətəndaşlar SMS icazə sistemindən istifadə qaydaları və SMS göndərilməsi ilə bağlı yaranan suallarla əlaqədar “ASAN xidmət”in 9108 Çağrı Mərkəzinə müraciət edə bilərlər.
Yaşı 65-dən yuxarı insanlara evdən çıxmaq qadağandır.
Bölməyə aid digər xəbərlər