Suriyadan 7 azərbaycanlı ölkəyə gətirildi

Suriyadan 7 azərbaycanlı ölkəyə gətirildi

Bu gün Suriyanın Cerablus şəhərindəki Amerna düşərgəsində saxlanılan Azərbaycan vətəndaşı olan 7 nəfərin repatriasiyası həyata keçirilib.

GununNebzi.az
xəbər verir ki, bu barədə Xİn məlumat yayıb.

Qeyd olunan şəxslərin ölkəmizə gətirilməsi Azərbaycan Respublikasının hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində baş tutub.

Öncə vətənə repatriasiyası nəzərdə tutulan vətəndaşların yeri, şəxsiyyəti və Azərbaycan vətəndaşlığına mənsubiyyəti müəyyən edilib. Daha sonra əldə olunmuş razılıq əsasında onların Türkiyə ərazisinə keçidi təmin olunub.

Bununla bağlı İraq və Suriya Ərəb Respublikalarından Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul işçi qrupa daxil olan aidiyyəti dövlət qurumlarının nümayəndələri Türkiyə Respublikasına ezam edilib.

Türkiyəyə ezam edilmiş nümayəndə heyəti tərəfindən repatriantların ilkin tibbi və psixoloji müayinəsi həyata keçirilib və onlara zəruri yardım göstərilib. Bundan sonra Azərbaycanın Türkiyədəki Səfirliyi tərəfindən vətəndaşlarımız “Azərbaycan Respublikasına qayıdış şəhadətnamə”ləri ilə təmin edilib.

2022-ci ilin 31 mart tarixində Azərbaycan Respublikası nümayəndə heyətinin müşayiəti ilə qeyd olunan vətəndaşların Ankara-Bakı reysi ilə Azərbaycana repatriasiyası həyata keçirilib.

Azərbaycan hökuməti tərəfindən müvafiq şəxslərin reinteqrasiyası və reabilitasiyası üçün bütün lazımi tədbirlərin görülməsi nəzərdə tutulub. Repatriasiyanın həyata keçirilməsində Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarının birgə və əlaqələndirilmiş fəaliyyəti həyata keçirilib. Bu prosesin reallaşmasında Türkiyə Respublikası tərəfindən göstərilmiş yardım xüsusilə qeyd olunmalıdır.

Azərbaycan hökuməti milli qanunvericiliyə və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq öz vətəndaşlarının hüquq və azadlıqlarının qorunması istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirəcək.

Tarix: 31-03-2022, 21:56 Oxunub: 123


Bölməyə aid digər xəbərlər