Azərbaycanın ilk pullu yolu ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Azərbaycanın ilk pullu yolu ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Qafqazda ilk olan ödənişli yolun bu ilin sonlarına qədər istifadəyə veriləcəyi gözlənilir. Söhbət Bakı-Rusiya sərhədi avtomobil yolunun 45-ci kilometrindən paralel salınan (Zeynalabdin Tağıyev qəsəbəsindən 208-ci kilometrədək) yeni yolun 100 kilometrlik hissəsinin tikintisindən gedir.

Dörd hərəkət zolaqlı yolun hər bir zolağının və çiyinlərin eni 3,75 metr, ayırıcı zolağın eni 5 metr olmaqla yol yatağının eni 27,5 metr təşkil edir.

Artıq ödənişli avtomagistralın Xızı rayonunun Yaşma və Giləzi qəsəbələri arasında yerləşən 30 km-lik 1-ci hissəsi üzrə tikinti işləri tamamlanıb.

Qeyd edək ki, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun 30 il zəmanət verdiyi Bakı-Quba yolu indiyədək 30 dəfə təmir olunub. 600 milyonluq manata yaxın vəsaitə başa gələn yolun sıradan çıxmasına keyfiyyətsiz işlə yanaşı, həm də ağırtonnajlı yük avtomobillərindən istifadə səbəb kimi gətirilirdi. Ekspertlərin fikrincə, bu ilin sonunda istifadəyə verilməsi gözlənilən ödənişli magistral yoluna ağırtonnajlı yük avtomobilləri və TIR-lar buraxılarsa, yol tez bir zamanda sıradan çıxacaq.

Maraqlıdır, sözügedən nəqliyyat vasitələri üçün bu yoldan istifadədə hansısa standartlar nəzərdə tutulurmu?

GununNebzi.az
xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli “bizim.media”ya açıqlamasında yük avtomobillərinin sözügedən yola buraxılma normativlərindən danışıb.

O bildirib ki, yolun əvvəlində müasir standartlara uyğun tərəzi məntəqəsi yaradılır:

“Həmin yola daxil olacaq bütün yük maşınları tam olaraq yoxlanıldıqdan sonra, təbii ki, hərəkətinə icazə veriləcək. Normadan artıq yüklənmiş həmin nəqliyyat vasitələrinin yola daxil olması və o yoldan istifadəsinə ümumiyyətlə icazə verilməyəcək. Yükləri tam olaraq boşaldılandan və normaya uyğunlaşdırılandan sonra avtonəqliyyat vasitələri həmin yola buraxılacaq. Ona görə ki, gələcəkdə yolla bağlı hansısa problemlər yaranmasın. Ümumiyyətlə, normadan artıq yük maşınlarının hərəkəti həm yol, həm də iştirakçılar üçün təhlükə törədir”.

Nəqliyyat eksperti Eldəniz Cəfərov isə hesab edir ki, istənilən yolda ağırtonnajlı yük avtomobillərin hərəkəti üçün məhdudiyyət olmamalıdır. Yetər ki, çəkilən yol keyfiyyətli, davamlı və uzunömürlü olsun:

“Sözügedən yol birinci dərəcəli magistral sürətli, respublika əhəmiyyətli, o cümlədən beynəlxalq əlaqələr üçün avtomobil yoludur. Düşünmürəm ki, yük avtomobillərinin ora buraxılmasında hansısa problemlər yaransın. Yolun pullu və ya pulsuz olmasının isə əhəmiyyəti yoxdur. Əsas odur ki, magistral yollar keyfiyyətli hazırlansın və bütün tələblərə cavab versin”.

Ekspert həmçinin vurğulayıb ki, yolların pullu olması həmin yolların uzunmüddətli xidmətinə müsbət təsir edəcək:

“Yol infrastrukturu qurulandan sonra müəyyən qədər orada problemlər də yarana bilər. Bu zaman pullu yollarda həmin problemləri aradan qaldırmaq daha tez mümkün olur”.

Tarix: 4-05-2022, 16:23 Oxunub: 20


Bölməyə aid digər xəbərlər