Bakının “20 Yanvar” metrostansiyasının ətrafında manatlıq taksilərin yığışdırılması bir sıra problemlər yaradıb.
GununNebzi.az Musavat.com-a istinadən xəbər verir ki, ərazidən Sumqayıt istiqamətinə gedən sürücüləri indi sərnişinlər gündüz çıraqla axtarırlar. Çünki Bakı və Sumqayıt şəhərləri arasında sərnişindaşımanın əsas hissəsini bu taksilər təşkil edir. Əsas səbəb isə odur ki, dövlət sərnişinlərin əksəriyyətini ictimai nəqliyyatla təmin edə bilmir. İctimai nəqliyyatın hər yerdə əlçatan olmaması səbəbindən sərnişinlər şəxsi avtomobillərlə, mikroavtobuslarla daşınır.
“Manatlıq” taksilər təkcə Sumqayıt deyil, Ceyranbatan, Masazır, Sulutəpə, Xırdalan istiqamətində də sərnişindaşıma həyata keçirirlər. Bu gün onların fəaliyyətinə qadağa qoyulması vətəndaşların küçələrdə qalmasına səbəb olub.
Yaranan vəziyyətdən həm sərnişinlər, həm də taksi sürücüləri narazıdır. Onlar bildirir ki, son vaxtlar ən ucuz 1 manat 50 qəpiyə taksi tapırlar. Əksər vaxtlar isə 2 manata gəlmək məcburiyyətində qalırlar:
“Sumqayıta taksi tapmaq çox çətindir. Tapdıqlarımız da 2 manata olur. Axı niyə bir manata olmasın? 2 manat büdcəmizə uyğun gəlmir. Hər cür ziyandayıq”.
Digər sərnişin isə deyir ki, yeni avtobus zolaqlarının yaranması işlərini lap çətinləşdirib. Taksilər cərimə yazmasın deyə zolaqla gedə bilmirlər və bir yoldan istifadə edirlər:
“Yeni zolaqlar tıxacı lap artırıb. Ünvana 2 saata güclə çatırıq. Küçələrdə qalmışıq. Taksilər yoxdur. Tapdığımız da 2 manatdan ucuz aparmır”.
Xanım sərnişin də yaranmış vəziyyətdən narazıdır:
“Haradan alım 2 manatı? Sumqayıta bu qiymətə gedərlər? Sumqayıtda işləyirəm, Bakıda qalıram. Hər gün işə gecikirəm. Avtobus xətti çəkiblər, maşınlar dayana bilmir. Sumqayıta getmək üçün Avtovağzala getmək lazımdır. Ora getməyin özü belə zülmdür. Məcburam ki, bir neçə maşın dəyişim”.
Taksi və qazel sürücüləri də narazıdırlar. Bildirirlər ki, onlara dayanmaq üçün yer ayrılmayıb.
Sürücülərdən biri deyir: “Avtobus zolağını çəkdilər. İndi həm sürücülər, həm də vətəndaşların işi çətinləşib. Hamı maşını icarəyə götürüb. Qarşımızı kəsib işləməyə qoymurlar. Bankımızı, kreditimizi ödəyə bilmirik.
Məktəb açılanda bu yolla ümumiyyətlə, getmək olmayacaq. Biz başa düşürük, dövlət səviyyəsində edilir. Ancaq əhalini də fikirləşmək lazımdır. Hara gəldi ağ “şpakilofka” çəkib, camaatın canına düşürlər.
Mən cərimə, yoxsa kredit ödəyim? Kasıbı da düşünmək lazımdır.
Camaat da, biz də əziyyət çəkirik. Bir yer ayırmırlar ki, gedib orada işləyək. Dayandığımız yerdən qovurlar. 1 manatdan sürücü aparırıq, ona da imkan vermirlər.
Harada durursan cərimədir. Əziyyətlə çörək qazanırıq. Sərnişinlər də bizi tapa bilmirlər. Binaların altında küncə-bucağa sığışıb sərnişin daşıyırıq.
Avtobus zolaqları yaratdılar, heç bir dəyişiklik olmadı. Əksinə, pis təsir etdi”.
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyir ki, əsas problem Sumqayıta gedən taksilərlə bağlıdır:
“Normal marşrut yoxdur. 20 Yanvar ərazisini təmizlədilər. Həmin ərazidə fəaliyyət göstərən taksilər isə həyətlərdə dayanmağa başlayıblar, həyətləri zəbt ediblər. Bu isə düzgün deyil. Əgər tələbat ödənmirsə, nəyə görə aidiyyəti qurumlar lazımi şəraiti yaratmırlar? Fikrimcə, normal şəraiti olan taksi parkı yaratmaq olar. İnsanlar Avtovağzala tərəf getmək istəmirlər. Mən təklif edirəm ki, Avtovağzal stansiyasını inkişaf etdirsinlər. Əhali arasında təbliğat aparılmalıdır. Bununla yanaşı, 20 Yanvar dairəsini tam təmizləmək mümkün deyil. Ora böyük şəbəkədir. Ən azı 10-15 avtomobilin dayanması üçün normal park yeri yaradılmalıdır. Say məhdudiyyəti tətbiq etməklə bunu həyata keçirmək olar. Bağlamaq, təmizləmək çıxış deyil. Vəziyyəti tənzimləmək, çıxış yolu tapmaq lazımdır”.
Bölməyə aid digər xəbərlər