
Türkiyədə “Maydonoz Döner” restoranlar şəbəkəsinə qarşı genişmiqyaslı əməliyyat keçirilib.
GununNebzi.az “NTV Türkiyə”yə istinadən xəbər verir ki, 31 vilayətdə eyni vaxtda təşkil olunan əməliyyat nəticəsində 10-u dövlət qulluqçusu olmaqla 353 nəfər saxlanılıb.
Araşdırmalar zamanı “Maydonoz Döner” şəbəkəsinin filialları vasitəsilə ölkədaxili və beynəlxalq pul köçürmələrini həyata keçirərək FETÖ terror təşkilatına xidmət göstərdiyi müəyyən edilib.
Məsələ ilə bağlı açıqlama verən Türkiyə daxili işlər naziri Ali Yerlikaya əməliyyatda saxlanılan şübhəlilərin bu restoranlar şəbəkəsi vasitəsilə terror təşkilatına pul köçürdüklərinin aşkarlandığını açıqlayıb.
O sosial şəbəkə hesabında əməliyyatın görüntülərini də paylaşıb.
Belə ki, “Maydonoz Döner” terror təşkilatı ilə əlaqəsi davam edən şəxslərə müəyyən məbləğ qarşılığında qeyri-rəsmi şəriklik təklif edib.
Məlum olub ki, şəbəkəyə daxil olmaq üçün “təşkilat referansı” tələb olunub. Qeyri-rəsmi sənədləşmə aparılmadan, tamamilə təşkilata etimada əsaslanan model tətbiq edilib.
“Şirkətin xaricdə yeni filiallar açaraq genişləndiyi və bununla da beynəlxalq pul köçürmələrə şərait yaratdığı müəyyən edilib və prokurorlar tərəfindən onlar barəsində araşdırma başlayıb”, - deyə A. Yerlikaya bildirib.
MASAK-ın apardığı araşdırmalara görə, restoranlar şəbəkəsi həm Türkiyədə, həm də xaricdə FETÖ ilə əlaqəsi bilinməyən şəxslər vasitəsilə maliyyələşdirilib. Bu pullar isə “məhsul alınması” adı altında rəsmiləşdirilərək təşkilat üzvlərinə çatdırılıb.
Musavat.com bu şəbəkəyə aid dönərçilərdən birinin Bakının Həsən Əliyev küçəsi 335, digərinin isə Zahid Xəlilov 23 (Elmlər Akademiyası) ünvanında olduğunu təsbit edib.
Bakıda Həsən Əliyev küçəsində yerləşən “Maydonoz Döner” restoranının fotosu
Zahid Xəlilov 23 ünvanında yerləşən “Maydonoz Döner” restoranının fotosu
Hazırda Bakıda fəaliyyət göstərən “Maydonoz Döner” restoranlarının bu əməliyyata daxil olub-olunmayacağı bilinmir.
Bölməyə aid digər xəbərlər