Biznesin təhlükəsiz və uzaq məsafədən idarə edilməsinin təmin edilməsi üçün rəqəmsal Azərbaycanın vətəndaşlar üçün fasiləsiz olaraq geniş spektrli elektron xidmətlərin təqdim etməsininin davam etdirməsi çox vacibdir. Koronavirus pandemiyasının (COVID-19) Azərbaycandakı iş mühitinə təsirini aradan qaldırmaq məqsədilə və istifadəçilərin çoxsaylı müraciətini nəzərə alaraq, “Asan İmza” mobil elektron imzanın milli operatoru və Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının partnyoru hesab edilən B.EST Solutions şirkəti “Asan İmza” gücləndirilmiş mobil elektron imza sahibləri üçün yeniliklər təqdim etməyə davam edir.
Beləliklə, artıq “Asan İmza” sertifikatının sahibləri vergi ödəyicisinin vahid e-taxes.gov.az İnternet portalında sertifikatlarının müddətini növbəti üç ilə onlayn qaydada onların müddətinin bitməsinə ən azı 30 gün qalmış yeniləyə biləcəklər. Daha sonra və ya sertifikatın müddəti bitdikdə onlayn yenilənmə proseduru qeyri-mümkün olacaq və vətəndaş yalnız fiziki olaraq xidmət mərkəzlərinə müraciət etməklə sertifikatlarının müddətini uzada biləcəkdir. Sertifikatların müddətinin onlayn uzadılması üzrə “İstifadəçi Təlimatı” ilə
https://www.taxes.gov.az/uploads/2020/2017030005926400/Asan-imza-onlayn-yenilenmesi-telimati.pdf linki vasitəsilə tanış ola bilərsiniz.
Xüsusilə qeyd etmək lazımdır ki, “Asan İmza” da daxil olmaqla elektron identitetin təqdim edilməsilə bağlı bütün prosedurlar “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının 9 mart 2004-cü il tarixli Qanunu və Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında elektron imza və elektron sənədlə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 27 saylı 28 yanvar 2006-cı il tarixli qərarı ilə ciddi şəkildə tənzimlənir. Qanunvericiliyə əsasən “Asan İmza” əl imzasına bərabərdir və buna görə istifadəçilərin identifikasiyası ilə bağlı bütün prosedurlara, təhlükəsizliyin təmin edilməsi, kriptoqrafiyanın bütün dünya standartlarına uyğunluğuna həm istifadəçilərin, həm də xidmət təchizatçılarının maraqlarının təmin edilməsi baxımından ciddi şəkildə riayət olunur. Belə ki, “Asan İmza”nın təqdim edilməsi proseduru şəxsiyyəti təsdiq edən istənilən digər sənədin verilməsi kimi qanunvericiliklə ciddi şəkildə tənzimlənir.
Hal-hazırda dövlət və özəl qurumların təqdim etdiyi 1000-dən çox elektron xidmət “Asan İmza” mobil elektron imza vasitəsilə əlyetərlidir. Mobil identitet sayəsində siz vacib elektron xidmətlərə giriş imkanı əldə edə bilərsiniz. Məsələn, elektron vergi bəyannamələri, gömrük bəyannamələrinin təqdim edilməsi, onlayn kredit, gömrükdə malların və nəqliyyat vasitələrinin bəyan edilməsi, əmək müqaviləsi bildirişlərinin elektron qeydiyyatı, ali məktəblərə qəbul üçün onlayn qeydiyyat, güzəştli mənzil almaq üçün müraciət, sosial sığorta, İnternet və mobil bankçılıq və s.
Azərbaycanın ərazi bütövlüyünün bərpası naminə müzəffər Azərbaycan ordusunun möhtəşəm qələbəsi sayəsində, həmçinin Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” 29 oktyabr 2020-ci il tarixli Fərmanına əsasən müvəqqəti komendantlıqlar nəzdində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və s. kimi qurumların regional nümayəndəliklərinin yaradılması qərara alınmışdır. Qarşıya qoyulan vəzifələrin əlaqələndirilmiş, təhlükəsiz və effektli şəkildə Qarabağ bölgəsində icrası üçün informasiya-kommunikasiya texnologiyalarının tam inteqrasiyası tələb olunur. Elektron xidmətlər sahəsi hökumət funksiyaları spektrinin genişləndirilməsi və azad edilmiş ərazilərin iqtisadiyyatının sürətli bərpası üçün ayrılmaz tərkib hissə hesab edilir.
Vətəndaşlar “Asan İmza” ilə bağlı suallarına cavab almaq üçün “1847” Çağrı Mərkəzinə zəng edə və ya [email protected] elektron poçt ünvanına məktub yaza bilərlər.
“Asan İmza” haqqında: “Asan İmza” mobil identitet həllinin mobilliliyi və istifadəsinin asan olması bu məhsulun vətəndaşlar və iş adamları arasında populyarlığını artırır və onu mobil dövlətin əsas tərkib hissəsinə çevirir. Hal-hazırda dövlət və özəl qurumların 1000-dən çox elektron xidmətlər sistemində “Asan İmza”dan istifadə edilir. “Asan İmza” müxtəlif dövlət və özəl qurumların çağrı mərkəzlərinə inteqrasiya olunmuş və bu gün onun köməyilə elektron vergi bəyannamələri, gömrük bəyannamələri təqdim edilir, əmək müqaviləsi bildirişlərinin qeydiyyatı, bank hesablarının uzaq məsafədən açılması, abituriyentlərin onlayn qeydiyyatı və s. həyata keçirilir. Daha ətraflı məlumatı http://www.asanimza.az saytından əldə edə bilərsiniz.
B.EST Solutions şirkəti haqqında: Şirkətin rəqəmsal həlləri Birləşmiş Millətlər Təşkilatı, “Google”, “Financial Times”, AB, OECD, ABŞ Dövlət Departamenti və Milli Standartlar və Texnologiyalar İnstitutu kimi qlobal təşkilatlar tərəfindən tanınmışdır. Müştərilərimiz transmilli korporasiyalar, böyük banklar, mobil operatorlar və sığorta şirkətləri, eləcə də beynəlxalq təşkilatlar və bir çox digər müştərilərdir.
Daha ətraflı məlumatı https://bestsolutions.ee/ saytından əldə edə bilərsiniz.
Bölməyə aid digər xəbərlər