
Sabah Səudiyyə Ərəbistanında Ukraynadakı münaqişənin həlli üzrə Amerika və Rusiya nümayəndə heyətlərinin görüşü baş tutacaq.
“GununNebzi.az” xəbər verir ki, bu barədə “Axios” portalı məlumatlı mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, hər iki ölkənin yüksəkrütbəli nümayəndələri ABŞ və Rusiya prezidentləri Donald Trampla Vladimir Putin arasında baş tutacaq danışıqlara hazırlığı da müzakirə edəcəklər.
Amerika tərəfini dövlət katibi Marko Rubio, prezidentin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts və Yaxın Şərq üzrə xüsusi nümayəndə Stiv Uitkoff təmsil edəcək.
Rusiya nümayəndə heyətinin tərkibi isə hələ məlum deyil. Çox güman ki, görüşdə xarici işlər naziri Sergey Lavrov iştirak edəcək.
Bundan əvvəl Amerika liderinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff fevralın 16-da Rusiya ilə danışıqlar aparmaq üçün ABŞ nümayəndə heyətinin tərkibində Səudiyyə Ərəbistanına gedəcəyini və Ukrayna münaqişəsinin həllində ciddi irəliləyiş gözlədiyini bildirmişdi.
NBC telekanalı mənbələrə istinadən bildirib ki, Ukraynanın Səudiyyə Ərəbistanında keçiriləcək görüşdə iştirakı nəzərdə tutulmayıb:
“İki ABŞ rəsmisi Ukraynanın Səudiyyə Ərəbistanında keçiriləcək danışıqlara dəvət olunmadığını təsdiqləyib, lakin ABŞ-nin öncə Rusiya ilə, daha sonra Ukrayna ilə ikitərəfli görüş və bundan sonra birgə danışıqlar aparmaq niyyətində olduğunu bildirib”.
Ukrayna Prezidenti Volodimir Zelenski qeyd edib ki, Kiyev ABŞ və Rusiya arasında heç bir ikitərəfli razılaşmanı tanımır, danışıqların formatı Ukrayna-Rusiya-Aİ-ABŞ formatında olmalıdır.
Tramp isə Zelenskinin danışıqlar prosesində iştirakını təsdiqləyib.
“O bu prosesdə iştirak edəcək, bəli”, - deyə o, jurnalistlərə açıqlamasında vurğulayıb.
Bölməyə aid digər xəbərlər