23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Müəllimlərin nəzərinə: Qəbul qaydalarında dəyişiklik edildi

Müəllimlərin nəzərinə: Qəbul qaydalarında dəyişiklik edildi

Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu qaydalarına bir sıra dəyişiklik edilib.

Metbuat.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib.
Onun sözlərinə görə, dəyişikliklərdən biri budur ki, müddətli müqavilə əsasında elektron yerləşdirmələr başa çatdıqdan sonra tutulmayan və yeni yaranan vakant yerlər ilboyu ilk növbədə müvafiq rayon üzrə qeydiyyatda olan namizədlərə (bal ardıcıllığı nəzərə alınmaqla) təklif olunacaq. Bu proses kadr təminatının daha çevik həyata keçirilməsini və iş yerlərinin namizədlərin faktiki yaşayış yerinə uyğun olmasını təmin edəcək.

Digər dəyişikliyə görə, ötən il müəllimlərin işə qəbulu müsabiqəsinin test mərhələsinin nəticələri bu tədris ilinin sonuna qədər qüvvədə qalacaq. Bu müddət ərzində ötən il keçid balı toplamış namizədlərə yeni yaranmış vakant yerlər təklif ediləcək. 2020-2021-ci tədris ilində ümumi təhsil müəssisələrində işə qəbul olunmaq üçün 2020-ci ilin iyul ayında keçiriləcək müəllimlərin işə qəbulu müsabiqəsində iştirak etmək zəruridir.

E.Bağırov bildirib ki, dəyişikliyə görə, vakant yerlərə yerləşdirilmə zamanı tutduqları vakansiyalardan imtina edən namizədlər həmin tədris ili ərzində müsabiqənin əlavə yerləşdirmə mərhələlərində iştirak edə bilməyəcək. Əsas məqsəd namizəd tərəfindən vakansiya seçimlərinə daha məsuliyyətli yanaşmanı təmin etmək və müvafiq vakansiyanın tutulmasında maraqlı olan digər namizədlərə ədalətli şəraiti yaratmaqdır.

Digər bir dəyişiklik isə budur ki, əlilliyi olan şəxslərin müsabiqənin test mərhələsində iştirakının təmin edilməsi üçün bütün zəruri şərait yaradılacaq. I dərəcə gözdən əlilliyi olan namizədlərə fərdi nəzarətçi təyin ediləcək və onlar üçün test mərhələsinin davametmə müddəti 30 dəqiqə artırılacaq.

Tarix: 4-03-2020, 10:00 Oxunub: 83


Bölməyə aid digər xəbərlər