21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
00:03 / 13-11-2024
Ronaldinyo Bakıya gəldi
Prezidentdən milli həmrəyliyə yönələn humanist addım

Prezidentdən milli həmrəyliyə yönələn humanist addım

Prezident İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam imzaladı: dövlət başçısının humanist siyasəti 625 məhkuma şamil olunur.

- 475 məhkum cəzanın çəkilməmiş hissəsindən azad edilib, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 98 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 3 nəfərin cəzası 25 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilib;

- Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış 3 nəfər, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 2 nəfər, cərimə cəzasına məhkum edilmiş 23 nəfər cəzadan azad edilib;

- Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 9 nəfər, islah işləri cəzasına məhkum edilmiş 12 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib;

Bu, 625 məhkuma Novruz bayramı müjdəsi, 625 ailəyə ikiqat bayram yaşatmaqdır. Bu, yüzlərlə övladın valideyninə qovuşması, yüzlərlə ailədə bayram sevincinin yaşanması deməkdir.

Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi dövrdə humanizm prinsipi daim xüsusi xətlə seçilir. Dövlət başçısı müstəsna səlahiyyəti olan bağışlamaq hüququndan məhz insanlara azadlıq kimi gözəl nemətin bəxş edilməsində istifadə edir. Bayram ərəfəsində bu, təkcə yüzlərlə ailəyə deyil, bütövlükdə Azərbaycan cəmiyyətinə verilən hədiyyə oldu.

2003-cü ildən indiyə qədər Prezident İlham Əliyev 35 əfv sərəncamı imzalayıb, bu, dövlət başçısının ölkəyə rəhbərlik etdiyi dövrdə bağışlamaq hüququndan iki dəfədən çox istifadə etməsi deməkdir. İndiyə qədər bu humanist siyasətin nəticəsində 10 minlərlə məhkum əfv olunub.

Azərbaycan Prezidenti humanizm prinsiplərinə əsaslanan siyasət yürüdür və bu siyasətin mərkəzində həmişə olduğu kimi, Azərbaycan vətəndaşı dayanır.

Burada ən vacib məqam siyasi mövqeyindən, düşüncəsindən asılı olmayaraq, hər kəsin dövlət başçısının humanist addımından bəhrələnməsidir. Hər il olduğu kimi, bu il də bunun şahidi olduq: Nardaran hadisələrinə görə həbs olunan 29 nəfər, o cümlədən, siyasi partiya üzvü olanlar əfv edildi.

Bir çox hallarda onların həbsinin siyasiləşdirilməsi cəhdləri olsa belə, bu şəxslərin konkret cinayət əməlinə görə həbs olunduğu məlumdur. Lakin dövlət başçısı hər kəsin islah olunmaq haqqını tanıyır və bayram ərəfəsində onların da ailələrinə sevinc bəxş edir.

Prezidentin əfv sərəncamının ən vacib tərəflərindən biri də milli həmrəyliyin möhkəmlənməsinə yönələn addım olmasıdır.

Son illər Azərbaycanda sosial-iqtisadi islahatlara paralel olaraq, siyasi islahatlar da uğurla həyata keçirilir. Dünyanın bəlasına çevrilən koronavirus pandemiyası, Vətən müharibəsi və böyük zəfərdən sonrakı dövrdə milli həmrəyliyi heç olmadığı qədər vacib edib. Məhz dövlət başçısı hazırda Azərbaycana ən çox lazım olan milli həmrəyliyi möhkəmləndirəcək növbəti addımlarından birini atdı. Bu, “dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır” prinsipinin davamıdır.

İndi əfv edilən şəxslərin üzərinə böyük məsuliyyət düşür. Onlar bu humanist aktdan düzgün nəticə çıxarmalı, Azərbaycan dövlətinin qanunlarına əməl etməlidirlər.

Çingiz İsmayılov

Tarix: 18-03-2021, 19:16 Oxunub: 281


Bölməyə aid digər xəbərlər
18-03-2021, 17:37 Azər Aslanov əfv edildi